Deputat: Azərbaycanda nəhəng investisiya layihələri uğurla həyata keçirilir Siyasət

Deputat: Azərbaycanda nəhəng investisiya layihələri uğurla həyata keçirilir

Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlinin qoyulması Azərbaycanın neft-qaz sənayesində yeni mühüm hadisədir.

Bunu Milli Məclisin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.

Deputat bildirib ki, dünyada pandemiyanın geniş yayıldığı və əksər ölkələrdə neft-qaz sənayesinə investisiyaların azaldığı bir dövrdə Azərbaycanın enerji sektorunda belə bir layihənin icrasına başlanması uğurlu enerji siyasətinin nümunəsi hesab edilə bilər:

“Bu, onu göstərir ki, Azərbaycanda nəhəng investisiya layihələri dayanmadan uğurla həyata keçirilir, enerji sektorunda yeni axtarışlar və sərmayə planları əvvəlkitək davam etdirilir. Neft sənayesində xüsusi yerə malik olan “Abşeron” yatağı ölkəmizin karbohidrogen ehtiyatlarında önəmli paya malikdir. Ehtiyatları 350-360 milyard kubmetr həcmində qiymətləndirilən bu yataq həm daxili tələbatın ödənilməsi, həm də ölkəmizin ixrac potensialının güclənməsinə mühüm töhfə verəcək.

A.Hüseynov qeyd edib ki, “Abşeron” yatağı üzrə işlərə başlanılması neft istehsalında yeni bir mərhələyə start verilməsi deməkdir. O bildirib ki, bu yataq “Azəri”, “Çıraq”, “Günəşli” “Şahdəniz” və digər strukturlar kimi zəngin enerji mənbəyidir:

“Bu enerji yatağının digər mühüm xüsusiyyəti ondan ibarətdir ki, Azərbaycan artıq neftçıxarma sənayesində ən müasir texnologiyaları, avadanlıqları, dənizdə və quruda yerləşən bütün istehsalat-quraşdırma sahələrində tətbiq edilən qurğuları yerli istehsal hesabına təmin edir. Respublikamız artıq neçə ildir ki, neft sənayesindəki ən ağır dayaq blokalarını və platformaların tikintisini 100 faizi ölkə daxilində həyata keçirir. Bu işlər beynəlxalq standartlara uyğun şəkildə tam modernləşdirilmiş dünya səviyyəli istehsalat obyektləri olan Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda həyata keçirilir.

Bir müddət əvvəl “Qarabağ” dayaq bloku da Azərbaycanda istehsal olunub. Yəni, bu gün Azərbaycan “BOS Shelf” mərkəzləşmiş maddi-texniki və təchizat bazasına malik yerli şirkət kimi ən yüksək dünya standartlarına uyğun müasir texnologiyalardan istifadə edir, bloklar inşa edir. Bu platformanı kənardan, yəni, “Neft Daşları”nda yerləşdirilən moduldan idarə etmək üçün innovativ həll yolları işlənilib hazırlanıb. “Abşeron” layihəsində Xəzərdə ilk dəfə “boru içində boru” texnologiyası tətbiq olunacaq. Bu baxımdan Bakı dərin özüllər zavodunda ən mürəkkəb qurğuların tikilməsi neft sənayemizin yüksək inkişafının göstəricisidir”.

Aydın Hüseynov bildirib ki, “Əsrin müqaviləsi”nin imzalanmasından 26 il keçməsinə baxmayaraq, Azərbaycanın neft potensialına dünyada maraq azalmır, əksinə artır: “Hazırda TANAP xətti ilə Türkiyəyə ötürülən qazın həcmi ildən-ilə artır və hazırda Türkiyə bazarında Azərbaycan qazı birinci yerdədir. “Abşeron” yatağında ikinci fazadan çıxarılacaq qaz da TANAP xətti ilə Türkiyəyə ötürüləcək. İki ildən sonra “Qarabağ” yatağından ilk neft hasil olunacaq. “Qarabağ” yatağında neft ehtiyatları daha çoxdur və hasilatımızın sabit saxlanması üçün bunun böyük əhəmiyyəti var. Bu layihələr sırasında isə “Abşeron” layihəsi Azərbaycanın dünyada qaz ölkəzi kimi strateji mövqeyini gücləndirəcək.

Məlum olduğu kimi, Azərbaycan son illər bir sıra mühüm qaz layihələri üzrə beynəlxalq müqavilələr imzalayıb. “Abşeron” yatağı üzrə müqavilə “Şahdəniz” qaz-kondensat yatağı üzrə sazişdən sonra imzalanıb və iqtisadi əhəmiyyətinə görə çox mühüm yer tutur. Bu layihə Azərbaycan artıq neft ölkəsindən qaz ölkəsinə çevrilməsində çox mühüm əhəmiyyət kəsb edir. Artıq respublikamız TANAP və TAP kəmərləri ilə Avropanın zəngin və etibarlı enerji təminatçısı hesab edilir. “Abşeron” yatağı bu enerji sisteminin tərkib hissəsi kimi uzun illər dünyanın enerji xəritəsində yer tutmaqıa ölkəmizin layiqli yerini möhkəmləndirəcək”.