“Ermənistan beynəlxalq səviyyədə yalana əsaslanan siyasət yürüdür” Siyasət

“Ermənistan beynəlxalq səviyyədə yalana əsaslanan siyasət yürüdür”

Hikmət Hacıyev: "Özünü qondarma Dağlıq Qarabağ rejiminin "xarici işlər naziri" kimi təqdim edən Karen Mirzoyan adlı şəxsin səfəri ilə əlaqədar Azərbaycanın narazılığı Kanada tərəfinə çatdırılıb"

"Özünü Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ rejiminin "xarici işlər naziri" kimi təqdim edən Karen Mirzoyan adlı şəxsin bu ilin oktyabrında Kanadaya səfəri ilə əlaqədar Azərbaycan səfirliyi tərəfindən ölkəmizin narazılığı və narahatlığı Kanada tərəfinə çatdırılıb". Bunu AzərTAc-a müsahibəsində Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Azərbaycanın narazılığına cavab olaraq, Kanada tərəfi bir daha vurğulayıb ki, rəsmi Ottava Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən işğal altında olan Dağlıq Qarabağ və ətraf 7 rayon üzərində Azərbaycanın suverenliyini tanıyır: "Bundan əlavə, Kanadanın Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həllini dəstəkləməkdə davam etdiyi bildirilib. Kanada tərəfindən Azərbaycanın narahatlığının nəzərə alındığı qeyd olunaraq, "Dağlıq Qarabağ"ın nümayəndəsi kimi özünü bəyan edən bu şəxsin səfərinə Kanada hökumətinin nə razılıq verdiyi, nə bu səfəri təşkil etdiyi, nə də yardım etdiyi diqqətə çatdırılıb və belə bəhanə ilə Kanadaya səfər edən hər hansı şəxsin Kanadada rəsmi statusa malik olmadığı vurğulanıb".
H. Hacıyev qeyd edib ki, Kanada tərəfi bu ölkəyə səfəri zamanı həmin şəxsin yerli hökumət nümayəndələri ilə təmasda olmamasını təmin etmək üçün lazımi tədbirlərin görüldüyün bildirib.
"Məsələ ilə əlaqədar Kanadanın Vətəndaşlıq və İmmiqrasiya Nazirliyi ilə təmaslar zamanı Karen Mirzoyan adlı şəxsin Ermənistan pasportuna sahib olduğu və Ermənistan vətəndaşı kimi Kanadaya səfər etdiyi müəyyən olunub. Ona görə də Kanadaya gəlmək üçün Ermənistan vətəndaşı kimi müraciət edən bu şəxsə viza verilməsindən imtina üçün hüquqi əsas olmayıb. Belə faktların ortaya çıxması Ermənistanın yalançı təbliğatının çox qabarıq ifşasıdır. Bu bir daha ona dəlalət edir ki, Ermənistan tərəfindən beynəlxalq səviyyədə yalana əsaslanan siyasət yürüdülür və müxtəlif şəxslərə öz pasportunu paylayaraq, digər dövlətlərə bu kimi şəxslər və onların kimliyi və əsl vətəndaşlıq mənsubiyyəti haqqında yanlış məlumat verilir. Bu kimi əməlləri ilə Ermənistan Azərbaycan ərazisinin bir hissəsinin ilhaq edilməsi siyasətini yürütdüyünü bir daha sübut edir".