“Fransa dərhal həmsədrlikdən istefa verməlidir” Siyasət

“Fransa dərhal həmsədrlikdən istefa verməlidir”

“Azərbaycan Ordusunun beynəlxalq hüquq və tanın ərazilərimizi işğaldan azad etməsi istiqamətində həyata keçirdiyi əməliyyatlar beynəlxalq hüququn təminatçısı qismində çıxış etməli olan ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi Fransada qeyri-adekvat reaksiya doğurub”. Bunu “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.
Deputatın sözlərinə görə, uzun illərdir problemin həlli üçün BMT Təhlükəsizlik Şurasından mandat almış və missiyası problemi sülh yolu ilə həll etməli olan bu ölkə, ötən illər ərzində heç bir real addım atmamış əksinə problemin həlli ötən dövr ərzində daha da mürəkkəbləşmişdir. İndi isə Fransa münaqişənin həlli istiqamətində real addımlar atıldıqda və beynəlxalq hüququn tətbiqi ilə bağlı Azərbaycan öz suveren hüququndan istifadə etdikdə, Fransa tərəf kimi çıxış etməyə başladı və bəlli oldu ki, ötən illər ərzində ATƏT-in Minsk Qrupunun uğursuzluqlarının əsasında məhz Fransanın davranışları durur. Bu gün Fransa işğalçı ölkənin müttəfiqi kimi çıxış etməklə problemin həllinə maneçilik törədir. Onun etdiyi çağırışlar bir daha sübut edir ki, Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə münasibətdə neytrallığını itirib və ona görə də dərhal həmsədrlikdən istefa verməlidir ya da Minsk Qrupu institutu onun ATƏT-in Minsk Qrupunun həmsədrliyindən uzaqlaşdırılması ilə bağlı dərhal qəti addımlar atmalıdır. Sərgilənən bu cür mövqe Fransa prezidenti Emmanuel Makronun timsalında bu ölkədə beynəlxalq hüquqa münasibətdə ikili standartların tətbiq olunduğunun göstəricisidir və beynəlxalq hüquqla sinxron hərəkət edə bilməyən, onun tələbləri qəbul edə bilməyən bir ölkə bundan sonra ATƏT-in Minsk Qrupuna həmsədrlik etməyə mənəvi baxımdan layiq deyil. Ona görə də problemin öz həllini tapması üçün məhz bu cür işğalçı ölkə tərəfindən çıxış edən Fransanın mütləq prosesdən uzaqlaşdırılması beynəlxalq hüququn və bütün sabitliyin təmin olunması üçün vacib şərt kimi ortaya çıxıb”.