“Azərbaycan ordusuna qoyulan investisiya taktikadır Siyasət

“Azərbaycan ordusuna qoyulan investisiya taktikadır

İsrailin "Haartez" qəzeti: "Azərbaycan müharibə istəmir, lakin o, Ermənistanla indiki statusu-kvo ilə heç vaxt razılaşmayacaq"

"Burada qondarma erməni soyqırımı məsələsini müzakirə etmək yeri deyil, sadəcə xatırlatmaq lazımdır ki, 1915-ci il Osmanlı imperiyasında baş verən hadisələrin azərbaycanlılarla heç bir əlaqəsi yoxdur"
Bu sözlər İsrailin "Haaretz" qəzetində Azərbaycanla bağlı dərc olunan üçüncü məqalənin müəllifləri olan Hayfa Universitetinin Cənubu Qafqaz üzrə aparıcı mütəxəssisləri, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut və tarixçi, doktor Emil Abramova məxsusdur.
Məqalə müəllifləri bir müddət öncə Azərbaycanla bağlı təxribat xarakterli məqalə dərc etdirən sosioloq Oronla mübahisə etmək fikrində olmadıqlarını və buna qarşı azərbaycanlılarla ermənilər arasında münaqişə haqqında bəzi faktları təqdim etmək istədiklərini bildiriblər:
"Əsrlər boyu Cənubi Qafqaz münaqişələr və ziddiyyətlər regionu olub. Birinci Dünya Müharibəsinin başlanması ilə ermənilərin Osmanlı imperiyasında öz hüquqlarının genişləndirilməsini tələb etməyə başladılar və bu məqsədlə türklərə qarşı vuruşan Rusiyaya yardım etdilər. Burada qondarma erməni soyqırımı məsələsini müzakirə etmək yeri deyil, sadəcə xatırlatmaq lazımdır ki, 1915-ci il Osmanlı imperiyasında baş verən hadisələrin azərbaycanlılarla heç bir əlaqəsi yoxdur".
Arye Qut və Emil Abramov 1918-ci ildə erməni daşnakları tərəfindən azərbaycanlılara qarşı kütləvi qırğın törədildiyini yazıblar: "Həmin dövrdə Azərbaycan paytaxtı olan Bakı bolşeviklər və onun müttəfiqləri olan erməni daşnakları tərəfindən işğal edilmişdi. 1918-ci ilin mart ayında erməni daşnakları Bakıda dinc azərbaycanlılara qarşı etnik qırğınlar və soyqırım törədiblər. Həmin ilin sentyabrında Bakı Türkiyənin dəstəyilə azad edildi. Azərbaycanın və Ermənistanın müstəqil mövcud olduğu iki il ərzində müharibələr nəticəsində həm ermənilər, həm də azərbaycanlılar həlak olmuşlar. Regionun Qırmızı Ordu tərəfindən tamamilə işğalından sonra münaqişə 1920-ci ildə sona yetmişdi. Köhnə ədavət artıq XX əsrin 80-cı illərində Sovet İttifaqının dağılması dövründə xalqlar arasında növbəti dəfə qopdu. Azərbaycanın muxtar vilayəti olan Dağlıq Qarabağda erməni separatçıları Ermənistana birləşmək tələbi ilə çıxışlar etməyə başladı. Bu dövrdə ermənilər Ermənistanda yaşayan yüz minlərlə azərbaycanlını öz dədə-baba torpağlarından didərgin saldılar. Sonda bu azərbaycanlılar Ermənistandan Azərbaycana deportasiya edilmişdir".
Məqalədə həmçinin professor Oronun bir müddət öncə azərbaycanlıların ermənilərə qarşı etnik təmizləmə siyasəti aparacaqları ilə bağlı sözlərinə də cavab verilib: "20 il bundan öncə Dağlıq Qarabağda məhz ermənilər tərəfindən etnik təmizləmə siyasəti aparılıb və bir milyon azərbaycanlı min illərlə yaşadıqları torpaqlarından qovulub və didərgin düşüb. Biz əminik ki, ermənilər Orona azərbaycanın Xocalı şəhəri haqqında heç bir şey söyləməyiblər. Xocalı şəhəri cəmi bir gecə ərzində yerlə-yeksan edilərək yandırılmışdır. Artıq tarixi faktdır ki, erməni silahlı qüvvələri şəhəri və onun ətraflarını tərk etməyə macal tapmamış xocalılara aman verməmişdir. Erməni silahlı birləşmələrinin vəhşiliyi nəticəsində 613 adam qətlə yetirilmiş, 487 adam əlil olmuş, 1275 dinc sakin-qocalar, uşaqlar, qadınlar əsir götürülərək görünməmiş işgəncələrə, təhqirlərə və həqarətlərə məruz qalmışlar. Mindən artıq yerli sakin girov götürülüb, daha 150 nəfərin taleyi indiyədək məlum deyil".
Onlar bir müddət öncə Bakıda ən böyük yəhudi təhsil mərkəzinin də inşa edildiyini söyləyiblər:
"Biz israillilər olaraq bununla fəxr edirik ki, Azərbaycanda heç zaman antisemitizm olmayıb. İki il əvvəl Bakıda Cənubi Qafqazın ən böyük yəhudi təhsil mərkəzi inşa edilib. Azərbaycan əhalisinin əksəriyyətini müsəlmanlar təşkil etsə də, dünyəvi ölkədir ki, burada multikulturalizm həyat tərzidir, orada dini etiqad azadlığı tam mövcuddur. Azərbaycanda yaşayan 20 min yəhudi bununla fəxr edirlər ki, onlar müstəqil Azərbaycanın vətəndaşlarıdır. Maraqlıdır, bu gün Ermənistanda nə qədər yəhudi yaşayır?"
Arye Qut və və Emil Abramov Azərbaycanda İsrail şirkətlərinin rahat çalışması üçün münbit mühitin olduğunu vurğulayıb: "Bu gün Azərbaycanda onlarca neft və qaz şirkətinin, habelə kənd təsərrüfatı sahəsində, müdafiə, turizm, tibb və xay-tek, o cümlədən İsrail şirkətlərinin sabit və rahat çalışması üçün hər cür şərait var. Azərbaycanın 20 faiz torpağını işğal etdiyinə görə Cənubi Qafqaz regionunda təcrid edilmiş Ermənistan Xəzər dənizinin qaz-neft ehtiyatları ilə bağlı əsas geosiyasi və geoiqtisadi layihələrdən praktiki olaraq kənarda qalıb. Məhz buna görə də Ermənistanda xarici investisiyaların yatırımı demək olar ki, yoxdur. Bu səbəbdən Ermənistan əhalisi ölkəni tərk edib Türkiyəyə, İrana və Rusiyaya qaçır. Azərbaycan ordusunun modernləşdirilməsinə qoyulan maliyyə investisiyaları ilk öncə Azərbaycanın, Cənubi Qafqaz regionu liderinin taktikasıdır. Azərbaycan müharibə istəmir, lakin o, Ermənistanla indiki statusu-kvo ilə heç vaxt razılaşmayacaq. Azərbaycan İsrailin əsas neft və qaz tədarükçülərindən biridir, bir çox İsrail şirkəti Azərbaycanda fəal və səmərəli işləyir, İsrail iqtisadiyyatına öz töhfələrini verirlər. Biz öz milli maraqlarımız haqqında düşünməliyik. Vaxtilə Böyük Britaniyanın Xarici İşlər naziri Lord Palmerston deyib: Bizim dostlarımız yoxdur, yalnız maraqlarımız var".
Qeyd edək ki, bir müddət öncə İsrailin "Haaretz" qəzetində İsrail sosioloqu Yair Oronun "Soyqırımın təkrarlanmasına yol verməmək üçün Azərbaycana silah satmaq olmaz" adı altında təxribat xarakterli məqaləsi dərc olunmuşdu.