Sahibə Qafarova Pakistanın səfiri ilə görüşüb Siyasət

Sahibə Qafarova Pakistanın səfiri ilə görüşüb

Oktyabrın 7-də Azərbaycan Respublikasının Milli Məclisinin Sədri Sahibə Qafarova Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb.

Milli Məclisdən Trend-ə bildirilib ki, spiker Sahibə Qafarova səfir Bilal Hayeni ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib. Milli Məclisin Sədri Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu vurğulayaraq, ölkələrimiz arasında münasibətlərin dinamik inkişaf etdiyini bildirib. Sahibə Qafarova bir neçə gün öncə onun Pakistan İslam Respublikası Senatının Sədri Məhəmməd Sadiq Sancrani ilə telefon danışığı olduğunu məmnunluqla xatırladıb.

Görüşdə iki ölkənin parlamentləri arasında da əlaqələrin hazırki səviyyəsindən razılıq ifadə olunub. Spiker əmin olduğunu bildirib ki, səfir Bilal Hayenin fəaliyyəti ölkələrimiz arasında münasibətlərin bütün sahələr üzrə daha da inkişafına, o cümlədən parlamentlər arasında əlaqərin daha da genişlənməsinə töfhə verəcək.

Səmimi görüşə görə minnətdarlığını bildirən səfir Azərbaycanda özünü çox xoşbəxt hiss etdiyini bildirib. O deyib ki, ölkəmizdə gördüyü qonaqpərvərlik və xoş münasibət xalqlarımız arasında yaxınlığın və səmimi münasibətlərin göstəricisidir.

Görüşdə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və hərbi təxribatları barədə də məlumat verilib. Spiker Sahibə Qafarova qeyd edib ki, Ermənistan silahlı qüvvələri sentyabrın 27-də növbəti dəfə kəndlərimizə, hərbi mövqelərimizə hücum etməyə başlayıb. Buna cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb və artıq işğal altındakı bəzi ərazilərimiz azad edilib. Milli Məclisin Sədri qeyd edib ki, Ermənistan mülki şəxsləri və cəbhə xəttindən aralıda yerləşən şəhər və rayonlarımızı da hədəf alır. Bu, bir daha Ermənistanın cinayətkar rejiminin faşist mahiyyətini nümayiş etdirir.
Səfir ölkəsinin qardaş Azərbaycan xalqını Dağlıq Qarabağ məsələsində həmişə dəstəklədiyini bir daha bəyan edib.

Spiker ədalətli mövqeyinə və Azərbaycana göstərdiyi dəstəyə görə, Pakistan İslam Respublikasına minnətdarlığını bildirib.

Görüşün sonunda səfir Pakistan Milli Assambleyasının sədri Əsəd Qayser tərəfindən Milli Məclisin Sədrinə ünvanlanmış Pakistan İslam Respublikasına səfərə dəvət məktubunu Sahibə Qafarovaya təqdim edib.