Gəncəyə raket hücumu: Dünya erməni terroru qarşısında susur - TƏHLİL Siyasət

Gəncəyə raket hücumu: Dünya erməni terroru qarşısında susur - TƏHLİL

Oktyabrın 11 gecə saatlarında düşmənin silahlı qüvvələri yenidən öz çirkin əməlinə əl ataraq Azərbaycan xalqına qarşı növbəti dəhşətli və insanlıqdan uzaq cinayət törətdi. Ermənistan hərbçiləri çox təhlükəli bir silah - “TOÇKA-U” raket sistemindən istifadə edərək, Gəncədə insanların sıx yaşadığı ərazini gecə saatlarında insanların yatdığı bir vaxtda raket atəşinə tutdu. Dünya tarixinə yazılacaq bu ən qanlı terror aksiyası bir daha sübut etdi ki, Ermənistan dövlət səviyyəsində terroru himayə edən bir dövlətdir. Gəncə hərbi əməliyyatların getdiyi yerdən 60 kilometr aralıda yerləşsə də, bu şəhərin raket zərbələrinə məruz qalması beynəlxalq hüququn kobud şəkildə pozulmasıyla bərabər, düşmən ölkənin məqsədlərindən xəbər verir.

Burada xüsusilə xatırlatmaq yerinə düşər ki, sentyabrın 27-dən başlayan müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistan ordusu onun rəhbərliyinin, o cümlədən, Baş nazir Nikol Paşinyanın ağ bayraq qaldırmasından, onun dünya liderlərinə yalvarmasının nəticəsi olaraq Azərbaycanla Ermənistan arasında humanitar məqsədli müddətli atəşkəs rejiminin bərqərar olmasından sonra bu addımı atdı.

Moskvanın Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin iştirakı ilə oktyabrın 10-da əldə etdiyi “humanitar atəşkəs” razılaşması erməni işğalçılarının, qatillərinin Gəncəni raket atəşinə tutması ilə faktiki olaraq ləğv olundu. Moskva danışıqlarının ermənilərin Gəncəyə atdığı raketlə cəfəng bir bəhanə olduğu bir daha ortaya çıxdı.

Təbii ki, müharibənin dayandırılması və atəşkəs rejimi ilə bağlı sənədin imzalanması aparıcı dövlət olan Rusiya və onun liderlərinin birbaşa qarantiyası əsasında baş tutduğundan bu anlaşmanın Ermənistan tərəfindən pozulması beynəlxalq hüququn pozulmasından başqa, həm də Rusiyanın imicinə çox böyük zərbədir.

Təəssüflər olsun ki, 9 insanın qətli və bir çox insanın yaralanması ilə nəticələnən bu qorxunc olaydan sonra ATƏT-in həmsədr dövlətləri başda olmaqla bir çox beynəlxalq təşkilatlar və dövlətlər susmaqda davam etməkdədir. Başda Rusiya və Fransa olmaqla, Ermənistanın bu çirkin əməlinin pislənməməsi Paris və Moskvanın Azərbaycan ictimaiyyəti qarşısında nüfuzlarına çox böyük zərbə vurmaqla yanaşı, həm də bu dövlətlərin ikili standartlar və beynəlxalq terrorizmi təbliğ edən Ermənistana himayədarlıq etmələrinin bariz göstəricisidir. Himayədarlıq demişkən, son 3 gün ərzində Ermənistanın güclü dərəcədə Rusiya tərəfindən silahlanmasının şahidi olmaqdayıq. KİV-in faktlara istinadən yaydığı məlumatlara görə, bu günlər Rusiyadan Ermənistana 300 ədəd tank əleyhinə idarə olunan “Kornet” raket sistemi, “İqla” portativ zenit-raket sistemi və bir çox ağır silahlı texnikalar çatdırılıb. Silahlar, həmçinin, Moskva danışıqlarında iştirak etmiş Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyanı oktyabrın 10-da İrəvana qaytaran, Ermənistan Xarici İşlər Nazirliyinin 701 nömrəli A319 hökumət təyyarəsi vasitəsilə də daşınıb.

Xatırladaq ki, Ermənistan, Qarabağdakı açıq hərbi məğlubiyyət fonunda ölkəyə əsasən Rusiyadan əlavə silah tədarük etməyə çalışır. Ancaq həm Gürcüstan, həm də İran Ermənistana öz ərazilərindən hərbi yüklərin daşınmasını qadağan etdiyi üçün Ermənistan silahları VIP uçuşlar da daxil olmaqla mülki, habelə rəsmi məlumatlara görə, Rusiyadan humanitar yardım aparan təyyarələrlə daşıyır. Bu əməliyyatların təşkilatçıları Ermənistan Müdafiə naziri David Tonoyan, sahibkar Samvel Karapetyan və “boz iş adamı”, silah qaçaqmalçısı David Qalustyandır.

Bütün bu təhlükəli və təxribatçı fəaliyyət məhz Rusiya diplomatiyasının vasitəçi rolunu oynadığı və Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Zohrab Mnatsakanyan arasında rus həmkarı Sergey Lavrovun vasitəçiliyi ilə görüş təşkil etdiyi dövrdə həyata keçirilir.

İndi isə məlum olub ki, danışıqlardan sonra Moskvadan ayrılan Zohrab Mnatsakanyan təyyarəsinə 300 “Kornet” yükləyərək İrəvana aparıb.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də dünən “Twitter”dəki hesabında humanitar yardım adı altında “Atlantis Armenian Airlines” aviaşirkətinin mülki təyyarələrlə Ermənistana raket və raket sistemləri daşıdığını qeyd etmişdi.

Bundan başqa, Gəncəyə hücum edən Nikol Paşinyan çox güman kı, atəşkəsin onun siyasi hakimiyyətinə baha başa gələcəyindən qorxaraq müharibəni davam etdirmək qərarına gəlib. Görünür ki, bu bir neçə gün ərzində canlı qüvvə baxımından minlərlə itki verən Paşinyan humanitar atəşkəs zamanı cəsədlərin evlərinə aparılmasından və Ermənistan vətəndaşlarının reaksiyasından çəkinərək bədnam əməlinə əl atıb. Eyni zamanda, müharibədə ciddi ərazi itkiləri verən Ermənistan ordusu oktyabrın 10-u saat 12.00-dən sonra atəşkəs zamanı Hadrut və digər istiqamətlərdən Azərbaycan ordusunun üzərinə gözlənilməz hücumu ilə itirdikləri torpaqları qaytararaq ayaq altında olan imicini bərpa etmək məqsədi güdüb.

Məqsədin nə olmasından asılı olmayaraq, ortada bir fakt var. Ermənilərin qürurla öyündükləri Ermənistan ordusu Azərbaycan ordusu ilə üz-üzə, təkbətək döyüşmək yerinə, dinc sakinləri, silahsız qadın və uşaqları hədəf alır.

Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs razılığından sonra dinc insanları və şəhərləri atəşə tutması barbarlığın növbəti bariz nümunəsidir və Ermənistan rəhbərliyinin atəşkəs çağırışlarının riyakarlıqdan başqa bir şey olmadığını göstərir.

Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti çərçivəsində dinc insanları, evləri, mülki obyektləri, tibb işçilərini məqsədli atəşə tutması beynəlxalq hüququn fundamental normalarına, o cümlədən beynəlxalq humanitar hüquq və Cenevrə Konvensiyalarına məhəl qoymadığını, öz öhdəliklərini aşkarcasına pozduğunu və adi humanizm prinsiplərindən çox uzaq olduğunu növbəti dəfə nümayiş etdirir.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri, s.e.n. Zaur Məmmədov