Dünyadakı bütün din xadimləri Tərtərdə dəfn mərasimində iştirak edənlərin öldürülməsini qətiyyətlə pisləməlidirlər - Hacı Şahin Siyasət

Dünyadakı bütün din xadimləri Tərtərdə dəfn mərasimində iştirak edənlərin öldürülməsini qətiyyətlə pisləməlidirlər - Hacı Şahin

Bütün dünya ictimaiyyəti, xüsusilə hansı dinə mənsub olmasından asılı olmayaraq, bütün din xadimləri Tərtərdə dəfn mərasimində iştirak edən mülki insanların öldürülməsini qətiyyətlə pisləməlidirlər.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli deyib.

Onun sözlərinə görə, Azərbaycandakı din xadimləri də bu məsələnin dünya üçün ictimailəşməsinə yardım etməlidirlər.

İlahiyyatçı qeyd edib ki, dəfn mərasimində iştirak edənlərin öldürülməsi böyük faciədir və bu, Ermənistanın faşist rejiminin mahiyyətini bir daha ortaya qoyur.

Ermənilər tərəfindən mülki əhalinin atəşə tutulmasının ilk dəfə olmadığını, belə halın dəfələrlə olduğunu vurğulayan Ş.Həsənli qeyd edib ki, bu halın özü ermənilər üçün müqəddəs heç nəyin olmadığını bir daha sübut edir:

“Onlar son günlər ərzində uşaq, qadın demədən, mülki əhalini raket zərbələrinə məruz qoyurlar. Bu, heç bir müharibə qaydalarına uyğun deyil. Ermənilər bir çox hallarda dindən istifadə edirlər, kilsələrini döyüş nöqtəsinə çevirirlər, din xadimlərini təcavüzkar siyasətə cəlb edirlər. Bu dəfə də dəfn mərasiminə gələnləri atəşə tutmaqla həm Allah qarşısında günaha yol veriblər, həm də bütün humanist prinsipləri tapdalayıblar.

Ona görə hesab edirəm ki, bütün dünya ictimaiyyəti, xüsusilə hansı dinə mənsub olmadından asılı olmayaraq, bütün din xadimləri bu hərəkətləri qətiyyətlə pisləməlidirlər. Çünki dinlər insanları sülhə, əmin-amanlığa çağırır. Amma bunlar dindən istifadə edərək öz təcavüzkar siyasətlərinə bərabət qazandırmağa çalışırlar”.