Müsavatda ara qarışdı, məhzəb itdi... Siyasət

Müsavatda ara qarışdı, məhzəb itdi...

Səxavət Əlisoy Müsavatdan çıxarılıb, Əlövsət Talışxanlıya isə töhmət elan edilib

Səxavət Əlisoy: "İnanıram ki, saxtakar başqan Arif Hacılını lazım olan yerdə oturdacağıq"

Müsavat Partiyasında daxili intriqalar yeni müstəviyə keçdi. Ötən gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Müsavat başqanının müavini Elman Fəttah deyib ki, partiya başqanlığına keçmiş namizəd Səxavət Əlisoy partiya sıralarından xaric edilib.
Divan S. Əlisoyun partiyanın siyasi xəttinə zidd davrandığını əsas götürüb.
Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sabiq üzvü Əlövsət Talışxanlıya isə Divanın çağırışına məhəl qoymadığı üçün töhmət verilib.
Xatırladaq ki, noyabrın 11-də Müsavat Partiyasının Divanı partiya daxilindəki vəziyyətlə bağlı bəyanat qəbul edib. Qərara alınıb ki, Divanın növbəti toplantısında Müsavat Partiyasının ümumi ideoloji-siyasi xəttinə zidd, partiyanın VIII Qurultayının qərarlarını şübhə altına alan fəaliyyətə dair müzakirələr keçirilsin. Bununla əlaqədar partiya üzvləri Səxavət Əlisoy və Əlövsət Talışxanlı Divanın noyabrın 17-də keçiriləcək növbəti iclasına dəvət olunub. S. Əlisoy və Ə. Talışxanlı Divana getməyəcəklərini bəyan ediblər.
Müsavat Partiyasının Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sabiq üzvü Əlövsət Talışxanlı deyib ki, ona heç bir rəsmi dəvət göndərilmədiyindən, Müsavat Divanının iclasına getməyib: "Divan bu barədə qərar verməklə, qorxu yaratmağa çalışır. Göstərmək istəyirlər ki, onlara qulaq asmayan, onları tanımayanlar barəsində tədbir görüləcək".
Müsavat başqanlığına sabiq namizəd Səxavət Əlisoy da qurultayın legitimliyini qəbul etmədiyi üçün, Divanın toplantısına getmədiyini açıqlayıb. Üstəlik, o,
Arif Hacılıya qarşı yeni ittihamlar səsləndirib. 6 bəndlik müraciətdə deyilir:
"1. Qurultayın nəticələrini tanımıram və bu o deməkdir ki, nə sənin başqanlığını, nə divanını, nə məclisini, nə də MNTK-nı legitim hesab edirəm.
2. Qurultayın nəticələrini tanımayan hansı müsavatçının partiyadan kənarlaşdırılacağı, kimlərin töhmət, yaxud şiddətli töhmət alacağı barədə qərarın kim tərəfindən verildiyini, "divanınızın" hansı kabinetdə keçirildiyini də bilirik. Bunu dostlarla 5 gün əvvəl ciddi müzakirə etmişik.
3. Sən adını Müsavat Partiyası tarixinə "saxtakar başqan" kimi yazdırdın. Partiyanın imicinə böyük zərbə vurdun. İndi bizlərin əsas vəzifəsi Müsavat Partiyasını bu anormal durumdan xilas etməkdən ibarətdir.
4. Sən saxtakarlıqdan narazı olanlara istənilən cəzanı verə bilərsən və bu o anlama gələ bilməz ki, səni (saxtakarlığı) qəbul etməyənlər susmağa vadar olacaq. Əmin ol ki, belə bir şey baş verməyəcək. Hədəfin növbədənkənar qurultay olması barədə mübarizəyə start verilib.
5. Facebookda baş dirijoru olduğun "instrumental ansanblın" üzvlərinin sənə biyət etməyənlərə qarşı təhqir və təhdidlərinə son qoydur (biz lap yaxın zamanda birtərəfli qaydada moratorium elan edəcəyik), çünki elə bir bumeranq effekti yaranar ki, utandığından başını qaldıra bilməzsən.
6. Sən və tərəfdarların heç bir zaman Müsavatda söz azadlığının, plüralizmin qarşısında sipər ola bilməz. Unutma, indi 1937 yox, 2014-ci ildir".
Partiyadan çıxarılmasına isə başqanlığa keşmiş namizədin reaksiyası belə olub: "Mən bunu gözləyirdim. Müsavat Divanının qərarında qeyri-adi şey yoxdur. Biz bilirdik ki, bu adamlar demokratiyanı qəbul etmirlər, Müsavatı avtoritar üsulla idarə edirlər.
S. Əlisoy bundan sonra Müsavatda növbədənkənar qurultayın çağırılması üçün çalışacağını vurğulayıb: "İnanıram ki, saxtakar başqan Arif Hacılını lazım olan yerdə oturdacağıq".
Ötən gün yeni başqanın legitimliyini qəbul etməyən narazıların başında duran Qubad İbadoğluya qarşı da yeni ittihamlar irəli sürülüb.
Belə ki, hüquq müdafiəçisi Sahib Məmmədov Müsavat başqanlığına keçmiş namizəd, tanınmış iqtisadçı Qubad İbadoğlunu hakimiyyətlə sövdələşmədə ittiham edib.
Hüquq müdafiəçisi bu barədə "facebook" səhifəsində yazıb: "Qubad İbadoğlu bir müddətdir Neft Fondunun rəhbərliyi ilə intensiv məsləhətləşmələr apardığını bilirdim. Myanmadan başlanan sövdələşmə artıq nəticəsini verməyə bağlayıb. Neft Fondu qərara gəlib ki, Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsünü Qubad bəyə bağışlasın və qalan təsisçilər ilə yavaş-yavaş uzaqlaşdırılsın. Bu barədə mənə hələ ÇQ üzvü olanda deyilmişdi. Səbəb kimi, koalisiyanın mandatından kənara çıxması göstərilirdi. Mən bu fikirlə tam razıyam. Çünki son illər bu koalisiya Müsavat və AXCP-nin əlində marionetka olub. Mən də dəflərlə bu barədə çıxışlar etmişəm. Amma koalisiya daxilində bu qarşıdurmaların başında həmişə Qubad İbadoğlu dururdu. İndi hər şey aydındır. İndi də HSŞT Koalisiyasını ələ keçirmək yolu tutub. Rəsmi bəhanəsi koalisiyanın QHT kimi Qubad İbadoğlunun adına qeydiyyatdan keçirməyin mümkün olmasıdır. Lakin koalisiyanı ilk təsis edən 25 təşkilatdan biri də mənim təmsil etdiyim təşkilatdır. İndi koalisiyanın 140 dan çox təsisçisi var. Mən vaxtilə Seçim qrupunun rəhbəri və Çoxtərəfli Qrupun üzvü olmuşam. HSŞT haqqında qanun layihəsinin müəllifiyəm. İndi Qubad İbadoğlu Koalisiyanı özəlləşdirir. Utanmadan bunu Neft Fondunun tapşırığı ilə etdiyini iddia edir. O qeydə alınsa, mən şikayət edəcəm və işi Avropa Məhkəməsinə qədər aparacam".
Onun bu iddialarına Müsavatda başqan Arif Hacılının tərəfdarlarının haqq qazandırması maraqlıdır.
Qubad İbadoğlu isə bu kampaniyaya müsavatçıların qoşulmasından təəssüfləndiyini bildirib. O, bu kampaniyanın hökumət tərəfindən ona qarşı aparıldığını iddia edib və müsavatçılara müraciət ünvanlayıb. Müraciətdə deyilir: "Sizlərin bəzilərinin Mədən Sənayesində Şəffaflıq Koalisiyasının üzvləri olan və hökumətin mənim əleyhimə danışdırdığı şəxslərin apardığı təbliğata qoşulmağınızdan təəssüflənirəm. Siz orda nə baş verdiyini həmin koalisiyanın müsavatçı üzvləri qədər yaxından bilmirsiniz. Bu məsələdə onların yazdıqlarına və şərhlərinə diqqət yetirin. Hər yetənin, illər öncə Müsavatı tərk edənlərin əleyhimizə olan kampaniyasına kor-koranə qoşulmayın".
Arif Hacılı isə baş verənlərin fonunda özünü "sülhpərvər" kimi aparmağa çalışıb. O deyib ki, Müsavat Partiyasının üzvlərinə qovğa açmaq niyyətində deyil. Bildirib ki, üzərinə "müharibə" ilə gələn müsavatçıları da sülhlə qarşılayacaq: "Napoleonun məşhur deyimini mən belə dəyişdirirəm: "Müharibə" istəyənlər onu almayacaqlar". Öz tərəfimdən körpüləri yandırmamışam. Kimin mənə nə sözü varsa gəlsin, görüşsün, sözünü desin, iradını bildirsin. Açıq qapını sındırmağa nə ehtiyac var?! Qubad İbadoğlunun özünə də 3 dəfə görüşməyi təklif etmişəm. Bir dəfə xaricdə, iki dəfə isə daha vacib işləri olduğu üçün gələ bilməyib. Mənə qarşı bəyanat imzalayanların siyahısında Müsavatda aylarla, hətta illərlə görünməyən, indi bu siyahıda elan etdikləri vəzifələrə aid funksiyaları uzun müddət yerinə yetirməyənlərin də adları var. Onların yox yerdən problem uydurub, qətiyyətlə üzərimizə gəlmələrinin motivləri mənə məlum deyil".
Ə. Talışxanlı qərarla razılaşmayaraq partiyadan istefa verib. O bildirib ki, Müsavatın qeyri-legitim Divanının qərarına əsasən, Səxavət Əlisoyun partiyadan çıxarılmasına etiraz olaraq bu addımı atıb.
O, S. Əlisoyun partiyadan çıxarılmasına görə Müsavatın sabiq başqanı İsa Qəmbəri ittiham edib: "Səxavət Əlisoy partiyadan İsa Qəmbərin təkidi ilə çıxarıldı".

Əli