“Möhürlü qapılar”ı döyənlər... Siyasət

“Möhürlü qapılar”ı döyənlər...

Orxan Qafarlı: "ABŞ və Avropa Türkiyə-Ermənistan sərhədlərinin açılmasına milyonlarla pul xərcləyir"

Türkiyə-Ermənistan münasibətlərinə dair Ankara Universitetində keçirilmiş konfransın Qərbdən stimullaşdırıldığı bildirilir.
Həmin konfransın təşkilati tərəfini Gün.Az-a şərh edən Ankara Universitetinin doktorantı Orxan Qafarlı bildirir ki, Türkiyə-Ermənistan sərhədlərinin açılmasına yönəlik təbliğ olunduğu tədbirlər Avropa İttifaqı ilə ABŞ fondları tərəfindən maliyyələşdirilir:
"Ankara Universitetində "Hrant Dink" fondunun reallaşdırdığı "Möhürlü Qapılar: Türkiyə-Ermənistan sərhədinin gələcəyi" adlı həmin konfrans Avropa Komissiyasının ayırdığı qrant sayəsində baş tutub.
Ümumiyyətlə, bu ilin əvvəlində Avropa Komissiyası Türkiyədə bir neçə QHT-yə və Strateji Araşdırma mərkəzlərinə 100 min avrodan çox qrant vəsaiti ayırıb.
Ayrılmış həmin qrantlar əsasən Türkiyənin Ermənistanla sərhədlərinin açılmasını təşviq edən fəaliyyətə sərf olunmalıdır.
Avropa İttifaqından başqa, ABŞ-ın məlum USAİD təşkilatı da Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün daha böyük həcmdə - 5 milyon dollar məbləğində vəsait ayırmağa qərar verib.
Belə böyük vəsaitin başlıca təyinatı aydındır ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması yönündə lobbiçilik fəaliyyətinin maliyyələşdirilməsinə yönələcək.
Bu layihələrin qarşıya qoyduğu məqsədlərdən biri də, sözsüz ki, Türkiyə-Azərbaycan münasibətlərinə zərbə vurmaqdır. Çünki həmin layihələr necə təqdim edilməsindən asılı olmayaraq, Azərbaycan və Türkiyənin dostluq və birgəliyinə zidd təbliğat üçün meydan açır.
O layihələr çərçivəsində təşkil olunan belə konfransların məqsədi ictimai rəyi bu məsələlərə hazırlamaq və 2015-ci ildə Türkiyə-Ermənistan sərhədlərinin açılmasına təsir göstərməkdir".