İsveçrənin “Tages Anzeiger” qəzetində Azərbaycan Prezidentinin Qarabağ regionunun gələcək inkişafı ilə bağlı fikirləri əks olunub Siyasət

İsveçrənin “Tages Anzeiger” qəzetində Azərbaycan Prezidentinin Qarabağ regionunun gələcək inkişafı ilə bağlı fikirləri əks olunub

İsveçrənin nüfuzlu “Tages Anzeiger” qəzetinin tematik əlavəsi olan dərgisində Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova ilə müsahibə dərc olunub.

AZƏRTAC xəbər verir ki, müsahibədə Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ regionunun gələcək inkişafına dair fikirlərinə geniş yer verilib. Qeyd edilib ki, Prezident İlham Əliyevin “Biz Qarabağ regionunun gələcəyini dinc bir ərazi kimi görürük. Biz öz investisiyalarımızla və quruculuq təcrübəmizlə bu regionu dünyanın ən firavan regionlarından birinə çevirə bilərik. Lakin bundan ötrü müharibənin nəticələri aradan qaldırılmalıdır” sitatı bu gün İsveçrənin bütün siyasi xadimləri tərəfindən yaxından izlənilən dərgidə xüsusi olaraq vurğulanıb.

Azərbaycan səfiri Xanım İbrahimova müsahibəsində Ermənistanın Azərbaycana qarşı təcavüzü və qızıl yataqlarının qanunsuz istismarına geniş diqqət ayırıb. İşğaldan azad olunmuş Zəngilan rayonu ərazisində yerləşən əlvan metal yataqlarından qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan İsveçrə Konfederasiyasında rəsmi qeydiyyatdan keçmiş şirkətlərin və şəxslərin aşkarlandığını bildirən səfir məhz İsveçrədə məskunlaşan, “Goldstar” şirkətinin və “Frank Muller” saat brendinin erməni əsilli rəhbəri Vartan Sirmakes tərəfindən qızıl yataqlarının qanunsuz istismar edildiyi faktlarının üzə çıxdığını vurğulayıb. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən yayılmış bəyanat səfir tərəfindən qeyd olunaraq, işğal olunmuş və artıq işğaldan azad edilmiş ərazilərimizdə bütün sahələr üzrə qanunsuz fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin milli və beynəlxalq qanunvericilik əsasda məsuliyyətə cəlb ediləcəklərini bildirib.

Səfir Gəncə və Bərdə şəhərləri daxil olmaqla cəbhə bölgəsindən uzaqda yerləşən digər şəhər və qəsəbələrdə Ermənistanın işğalçı qüvvələri tərəfindən dinc əhaliyə qarşı hərbi cinayətlərin törədildiyini və nəticədə çoxlu sayda mülki şəxsin yaralanaraq həlak olduğunu, bununla da humanitar atəşkəslərin kobudcasına pozulduğunu diqqətə çatdırıb. Məhz Cenevrə Konvensiyasına və digər beynəlxalq humanitar hüquqa əsasən, mülki insanların və şəhərlərin vurulmasının beynəlxalq əhəmiyyətli cinayət olduğunu bildirən səfir Xanım İbrahimova Ermənistan silahlı qüvvələrinin Ağcabədi, Bərdə, Goranboy və Tərtər bölgələrinə dəfələrlə ağır artilleriya hücumları ilə mülki infrastrukturun ciddi şəkildə zədələndiyini vurğulayıb.

Baş verən son hadisələrin başlanğıcının əsas səbəbkarı kimi Ermənistan göstərilib – Ermənistan hökumətinin həm təxribat xarakterli bəyanatları və hərəkətləri, həm də atəşkəs rejiminin hər gün pozulması faktları qeyd edilib. Məhz bu səbəblə, hazırda Azərbaycanın öz ərazi bütövlüyünü döyüş meydanında böyük əzmlə bərpa etdiyini qeyd edən səfir Prezident İlham Əliyevin “Biz BMT Təhlükəsizlik Şurasının qərarlarını təkbaşına yerinə yetiririk” sözlərini bir daha İsveçrə siyasi xadimləri və ictimaiyyətinin diqqətinə çatdırıb.