Paşinyanın qeyri-stabil mövqeyi beynəlxalq dairələrə ciddi siqnal olmalıdır - Siyasi ekspert Siyasət

Paşinyanın qeyri-stabil mövqeyi beynəlxalq dairələrə ciddi siqnal olmalıdır - Siyasi ekspert

Prezident İlham Əliyev aktiv hərbi əməliyyatların istənilən anında Azərbaycanın hərbdən siyasi həll yoluna qayıtmağı mümkün və prioritet hesab etdiyini İspaniya mediasına müsahibəsində bir daha ortaya qoydu.

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, təəssüf ki, Ermənistan Azərbaycan prezidentinin münaqişəni siyasi yolla həll etməyə qayıdışı nəzərdə tutan sağlam, ardıcıl və praqmatık mövqeyindən zəruri nəticələri tam şəkildə çıxarmağa hələ hazır deyil və bu da münaqişənin hərbi yolla həlli prosesinin uzanmasının əsas səbəbinə çevrilir: "Prezident İlham Əliyev EFE agentliyinə məzmunlu müsahibəsində bir daha sübut etdi ki, Azərbaycan 30 il işğal altında saxlanmış ərazilərinin sülh yolu ilə azad edilməsi səylərinə sona qədər sadiq qalsa da sonda təcavüzkarın təxribatçı və təhrikçi mövqeyi üzündən hərbi yola üstünlük vermək mıcburiyyətində qaldı. Azərbaycan prezidenti hazırda hərb yolu ilə həll prosesinin uzanmasının bütün məsuliyyətinin Ermənistan və ləng hərəkət edən beynəlxalq vasitəçilərin üzərində olduğunu bir daha inamla sübuta yetirdi. İspan mediasına müsahibədən sonra getdikcə daha geniş dairələr əmin olmağa başlayırlar ki, əgər dünya zamanında Ermənistanı Prezident İlham Əliyevin təqdim etdiyi sülh prosesi çərçivəsində davranmağa vadar etsəydi, Qarabağ münaqişəsi ətrafında vəziyyət indikindən xeyli fərqli və daha az itki ilə başa gəlmiş olardı".

Baş redaktor bildirib ki, Prezident İlham Əliyev Ermənistan və onun havadarlarının Azərbaycan əleyhinə yönəltmək istədikləri bəzi qərəzli ittihamların nə qədər qeyri-real olduğuna dair yeni və tutarlı sübutlar təqdim etdi: "Prezident Əliyev DQ münaqişəsinin tarixi kökləri və cari elementləri brədə beynəlxalq auditoriyanı maarifləndirmək xəttini EFE agentliyinə müsahibəsində də uğurla davam etdirdi. Ermənistanın kompromisə qəti hazır olmadığının səbəblırini sadə və inandırıcı şəkildə izah etmək Prezidentin müsahibəsinin ən güclü təsirlərindən biri sayılmalıdır. Ermənistanın kompromislər barədə konkret heç bir uyğun mülahizəyə sahib olmadığını və tam pozucu şəkildə kompromisi təyini-müqəddaratla uzlaşdırmağa çalışdığını Prezident bütün dünyaya çatdırdı.

Tamamilə həqiqətdir ki, MQ-nin üç həmsədrinin hər birinin Ermənistana hərtərəfli təsir göstərmək imkanları olsa da, illər boyu bu imkanlardan yetərli istifadə edilməyib. Prezidentin müsahibədəki fikirləri həmsədrlərin tarix qarşısında məsuliyyətini obyektiv dəyərləndirmək üçün yetərli material verdi.

Ehtimallara görə cənab Prezidentin bu müsahibəsindən sonra Azərbaycana qarşı qərəzlə düzülüb-qoşulan "muzdlu döyüşçu " nağıllarına xeyli ara verilə bilər. Fikrimizcə, əlaqədar ölkələr Prezident Əliyevin "bizi əsassız ittiham edənlərin başqa bölgələrdə nələr etdiklərini təhlil etməyə başlasaq ....." bəyanatından lazımı nəticəni çıxarmağa və obyektiv olmağa çalışmalıdırlar".

Ekspert bildirib ki, Prezident Ermənistan baş nazirinin etimadlı danışıqlar üçün zəruri diplomatik və hətta şəxsi keyfiyyətlərə sahib olmadığını da inandırıcı şəkildə sübut etdi:

"Paşinyanın qeyri-stabil mövqeyi, Azərbaycan Prezidentinə iki il əvvəl verdiyi sözlərdən prinsipsiz şəkildə yayınması beynəlxalq dairələrə ciddi siqnal olmalıdır. Eynilə də dünya Prezident İlham Əliyevin "mən sözünə əməl edən insanam" sözlərinin indiki şəraitdə hansı dəyişdirici gücə malik olduğuna önəm verməyi bacarmalıdır.

Azərbaycan Prezidenti ölkəmizin Ermənistandan kardinal fərqli olaraq sivil müharibə qanunlarına sonadək sadiq qaldığını bir daha bəyan etdi. Prezidentin "biz oktyabrın 10-dan sonra DQ-də şəhərlərə hücum etmirik" bəyanatı dünyanı bir daha Ermınistanın müharibə cinayətlərinə prinsipial yanaşmağa səsləyən güclü çağırışdır.

Prezident İlham Əliyev bu müsahibədə beynəlxalq dairələrə və Ermənistana baza prinsiplərinin qalan hissələrinin siyasi üsulla həllini mümkün edən real şərtləri bir daha təqdim etdi".