FRANSA HAQQA, ƏDALƏTƏ YOX, IŞĞALÇI ERMƏNILƏRƏ SADIQDIR - EKSPERT Siyasət

FRANSA HAQQA, ƏDALƏTƏ YOX, IŞĞALÇI ERMƏNILƏRƏ SADIQDIR - EKSPERT

Fransa hər şeyi edir ki, bütün dünyaya özünün ədalətsiz və tərəfli mövqeyini nümayiş etdirsin. Azərbaycan üçün heç bir zaman sirr deyildi ki, Fransa hökuməti daimi olaraq ermənipərəst mövqe nümayiş etdirmişdir. Fransa prezidentləri Ermənistanı özlərinin bacısı hesab edirlər.

Bunu Avrasiya.net-ə QHT sədri, beynəlxalq məsələlər üzrə ekspert Emin Əliyev bildirib.

E.Əliyev deyib ki, Fransa 1997-ci ilin 1 yanvar tarixindən ATƏT-in Minsk qrupunun həmsədrliyinə gətirilən zaman biz ümid edirdik ki, Fransa İkinci dünya müharibəsində faşizm işğalına məruz qaldığından və böyük zərərlər gördüyündən onlar mövcud vəziyyəti daha obyektiv qiymətləndirəcək və ədalətli olacaqdır: "Lakin cəmi 4 il sonra, 18 yanvar 2001-ci ildə Fransa hökuməti “erməni soyqırımı”nı tanımaqla Azərbaycan xalqının bütün ümidlərini puç etdi.
Fransa Senatının üzvlərinin ölkəmizin Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə müntəzəm olaraq səfərləri də Fransanın qeyri-obyektiv münasibətinin, həmsədrlik prinsiplərinə zidd fəaliyyətinin açıq nümayişi idi".

Ekspertin fikrincə, 44 günlük müharibə gedişində Fransa prezidentinin Ermənistana verdiyi açıq dəstək, eyni zamanda Ermənistana edilmiş hərtərəfli yardımlar artıq onun “ədalətli mövqeyi”nin son akkordu oldu. Hətta münaqişənin ədalətli həllinə çalışan Türkiyə Respublikası və onun Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı aqressiya nümayişi prezident Emmanuel Makronun və Fransanın bundan sonra heç bir zaman bölgəmizdə ədalətin təmin edilməsi üçün addım atmayacağının sübutu oldu:

"Artıq Azərbaycan 45 günlük müharibənin nəticəsində öz ərazi bütövlüyünü təkbaşına təmin edib. Müharibə başa çatdıqdan sonra Fransa Senatının qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması istiqamətində aktivlik nümayiş etdirməsi və parlamentin müzakirəsinə çıxarması isə anlaşılmazdır. Bu addım artıq nəinki Fransanın neytral mövqe nümayişini, eyni zamanda Minsk qrupunun taleyini şübhə altına qoyur. Əslində 45 günlük müharibə beynəlxalq hüquq və beynəlxalq münasibətlərin bir çox elementlərini artıq tarixə çevirib. Belə ki, BTM Təhlükəsizlik Şurasının icrasını təmin etməkdə “gücsüz” qaldığı dörd qətnamənin tələbləri ordumuz tərəfindən təmin edildi. Bölgədə sülhü təmin etmə missiyasını üzərinə götürmüş dövlətlər - Minsk qrupunun həmsədrləri “siyasi oyundakənar vəziyyət”də qalaraq Türkiyə və Rusiyanın birlikdə daha effektiv olduğunu nümayiş etdirdi. Eyni zamanda Türkiyə, Rusiya və Azərbaycanın birlikdə regionda geostrateji vəziyyətə nəzarət etmək missiyasını uğurla aparma potensialını göstərdi".

E.Əliyev onu da qeyd edib ki, Azərbaycan diplomatiyası özünün ən parlaq dövrlərindən birini yaşayır: "Düşünürəm ki, Fransanın apardığı emosianal və “çılğın gəncin dəcəlliyi”ni xatırladan siyasəti qısa müddətdə rasional məcraya keçid edəcəkdir. Heç bir ağlı başında olan siyasətçi və nüfuzlu dövlət məğlub, miskin, siyasi təlatüm içərisində olan dövlətin yanında olmaz. Eyni zamanda regiondakı güc balansında baş verən dəyişiklik Makronu öz siyasətinə yenidən baxmağa vadar edəcəkdir".