EŞQDİR MEHRABI UCA GÖYLƏRİN... Siyasət

EŞQDİR MEHRABI UCA GÖYLƏRİN...

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

15 dekabr 2020

Azərbaycan RespubAzərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:

"Azərbaycan Bayrağı" ordeni ilə

Məmmədov Soltan Akif oğlu - polkovnik-leytenant (ölümündən sonra)

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

15 dekabr 2020

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçuları "Vətən uğrunda" medalı ilə təltif edilsinlər:

Məmmədov Soltan Akif oğlu - polkovnik-leytenant (ölümündən sonra)

xxx

Ağlamamaq üçün nə mümkündürsə, edir şəhid qadını, yaşı sel olub axmamaq üçün cəza verir gözlərinə. Axı, Soltan demişdi ki, sən zəif deyil, mərd və güclü qadınsan... Və o günlərin ağırlığını yenidən yaşıyaraq danışır Tünzalə Məmmədova: "Həmin günün sabahı idi, səhər erkən evdən çıxanda bizimlə sağollaşdı, halallaşdı. Dedim, qayıdacaqsan? Gülümsədi, niyə qayıtmıram ki. Ölməyə yox, düşməni öldürməyə, torpağımızı almağa gedirəm. Amma qayıtmaya da bilərəm. Bax, Tünzalə, sən zabit yoldaşısan. Bu müharibədir, hər an hər şey ola bilər, hazır ol. Arxamda sənin kimi mərd, güclü qadın qoyub gedirəm, gözüm arxada qalmır. Üç övladımı sənə tapşırıram, onları göz bəbəyin kimi qoru. Sən həmişə mənə dost, yoldaş olmusan. Mən daim ön cəbhədə oluram, sən də hər zaman arxa cəbhədə mənim yoxluğumu hiss etdirmirsən. Göydə Allahın, yerdə sənin duaların məni qoruyur" dedi və beləcə, qapıdan çıxıb getdi...

O günü, o anı əbədi göz yaddaşında saxlamaq üçün elə hey bir nöqtəyə baxır, fikirləşir, göz yaşları axıb gedir. Özünü toplayır gənc qadın, ömür yoldaşından, övladlarının atasından, sevdiyindən ürəyi yana-yana danışmaq istəyir. Günlərdir dərdin ağırlığından, ağlamaqdan gücü-qüvvəti tükənsə də, toplayır özünü: "O gün axşamüstüyəcən həyacandan, narahatlıqdan bir yerdə dura bilmədim. Acığı tutsa da tutsun, zəng eliyəcəm dedim öz-özümə. Səsini eşitmək, sağ-salamat olduğunu bilmək istəyirdim. Telefonu açan kimi xəttin o başından gələn top-tüfəng səsini eşitdim, içim titrədi. Çox danışa bilmədik, amma salamat olması sakitləşdirdi məni.

Hər telefon zəngindən min dəfə ölüb dirilirdim. Amma çəkdiklərimi uşaqlardan gizlətməyə çalışırdım. Soltan gerçəkdən bizim üçün müqəddəs varlıqdır. Ömrümüzün sonuna qədər də bizimlə olacaq, nə o bizdən, nə də biz ondan ayrılmayacağıq. Hərb peşəsi ilə bağlı evdə çox ola bilmirdi, amma oldumu, evimizdə bayram yaşanırdı. Yanımızda olduğu hər dəqiqəsi üçün Allaha təşəkkür edirdik. Uşaqlarla oynayırdı. O qədər vicdanlı, dürüst, imanlı insan idi ki. İnanın, tərif etməkdə acizəm. Çox da duyğusal, hər şeyə dəyər, qiymət verməyi bacaran mükəmməl insan idi. O, bütün xidmət illərini səngərdə keçirdi, kabinetdə oturmaq onun hərbçi heysiyyətinə uyğun deyildi.

SƏNGƏRLƏRDƏ YAŞANAN ÖMÜR

...Polkovnik-leytenant Soltan Akif oğlu Məmmədov 1981-ci ildə Yevlax şəhərinin Səmədabad kəndində anadan olub. 1997-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbə daxil olur. 1999-cu ildə həmin məktəbi bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul edilir, oranı Motoatıcı ixtisası üzrə bitirir. Leytenant hərbi rütbəsi verilərək xidmətini davam etdirmək üçün Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində dinləyici kursuna gedir. 2004-cü ildə "N" saylı hərbi hissədə 1-ci motoatıcı tağım komandiri, sonra həmin hərbi hissənin birinci motoatıcı taboruna bölük komandirİ vəzifəsinə, daha sonra həmin hərbi hissənin 5-ci motoatıcı taboruna tabor komandirnin maddi-texniki təminatı üzrə müavini təyin olunur.

Vətəninə və hərb sənətinə sevgi, qüsursuz xidmət Soltanı daima yüksəldirdi. 2013-cü ilin iyununda Naxçıvan Muxtar Respublikasında "N" saylı hərbi hissəyə Tabor komandirinin maddi-texniki təminatı üzrə müavin göndərilir. 2-ci taborun qərargah rəisi, çox keçmədən Şada kəndində yerləşən 4-cü taboruna qərargah rəisi, Culfa şəhər "N" saylı hərbi hissəsinin 1-ci motoatıcı mexanikləşdirilmiş taboruna komandir, sonra isə həmin hərbi hissənin 5-ci motoatıcı taboruna komandir, 2019-cu ilin oktyabrında isə Tərtər rayonundakı "N" saylı hərbi hissəyə tabor komandiri göndərilir. Göründüyü kimi bu qısa və şərəfli ömrünün hər gününü, saatını, hər anını belə səngərlərdə, vətənə xidmətdə keçmişdir. Çünki düşmən taptağı altında inləyən vətəni vardı. Bu illər ərzində göstərdiyi qüsursuz xidməti dövlət tərəfindən dəfələrlə müxtəlif medallarla dəyərləndirilmişdi.

Şəhadətindən bir gün öncə humanitar atəşkəsə yarımca saat qalıbmış. Müavininə deyir ki, şəxsi heyəti dərəyə apar: "Elə bir komandirə agah olubmuş. Çox ağır döyüşlər gedirdi. Mən dərhal əmrə tabe olub şəxsi heyətlə birlikdə dərəyə tərəf endik. Komandir özü və bir neçə şəxsi heyətlə orada qaldı.Yenicə dərəyə çatmışdıq ki, düşmən onlar olan mövqeyə durmadan atəş açdı. Həmin qanlı döyüşdə Suqovuşan düşməndən tamamilə azad edildi. Lakin komandirimiz ağır yaralanmışdı. Ürəyindən aldığı qəlpə yarasından həmin gün şəhid oldu".

BÜTÜN YOLLAR QARANLIQDAN İŞIĞA DOĞRUDUR

Ailəsinə çox bağlı adam olub Soltan. Atası Akif uzun illər kənddəki məktəbin direktoru olub. 3 ildir rəhmətə gedib. Anası Sümayə xanım həmin məktəbdə müəllim işləyir. Qardaşı Vasif bu məktəbin ibtidai hərbi hazırlıq müəllimidir. Bacısı Tərifə isə müəllimədir. Belə bir ziyalı ailənin oğlu məhz Soltan kimi olmalıydı.

Tünzalə özü də müəllimədir. Şagirdlərə ingilis dilini öyrədir. Həm onların, həm də valideyinlərin sevimlisidir. Tünzalə xanımgillə bir jurnalist kimi hər görüşümdə belə böyük sevginin yarıda qırılması yandırıb-yaxır məni. Mən də göz yaşlarıma hakim kəsilə bilmirəm və o məşum gün haqqında danışır, onun həyat yoldaşına sevgi dolu hekayəsinə qulaq asıram. O, dəhşətli anı belə xatırlayır: "Qaynanama agah olmuşdu. Mənə dedi ki, ay gəlin, ürəyim parçalanır, çox pis oluram, gətir Soltana zəng eliyək". Dərhal yığdım, telefon çağırdı-çağırdı açan olmadı. Təkrar-təkrar yığırdım, telefon zəngi yenidən dayanana dək. Sən demə, anasının "ay bala ürəyim parçalanır" dediyi vaxt oğlu Soltan Talış və Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmacasına şəhid olubmuş.

GÖRƏSƏN "E" HƏRFİNİ QIZIMA SEVDİRMƏK MƏNƏ NƏSİB OLACAQMI?

Bir neçə gün əvvəl evə zəng edir Soltan. Kiçik qızı Sümayə ilə də danışıb. Birinci sinifdə oxuyan Sümayədən dərslərin necə getdiyini soruşur: "Ata, erməni sözü "e" hərfi ilə başladığına görə e-ni öyrənmirəm, amma o biri hərflərin hamısını yaza bilirəm. Sən nə vaxt erməniləri öldürüb gəlsən, bax, o vaxt öyrənəcəm, deyir. Və, qəribədir, şəhid olanda əsgərləri cibindən balaca kağız parçası tapıb. Bircə cümlə yazılıbmış: "Görəsən, "e" hərfini qızıma öyrətmək mənə nəsib olacaqmı?"

Sümayə hələ də atasının şəhid olduğunu bilmir. Hər soruşanda deyirlər ki, Türkiyədə hərbi təhsil alır. 11 yaşlı oğlu Əli əvvəllər atasına deyirmiş ki, böyüyəndə polis olacağam. Ancaq indi qərara gəlib ki, hərbiçi olsun. Çiyinində general rütbəsi daşısın. Böyük qızım Ləman isə daima əlləri göydə dua edirdi:- Allahım möcüzə göstər, atamızı sağ-salamat evimizə gətir, biz onsuz nəfəs ala bilmərik, axı.

Tünzalə müəllimə ilə yenə bir yerdəyik. Yazımın qəhrəmanı olacaq Soltan haqqında hər şeyi bilmək istəyirəm. Dinləyirəm, bu acı, amma qürurlu xatirələri. Gözümün önündə ana var; Sümayə adında. Ciyəri yanır, övlad dağı belini büküb, gözünün nuru alınıb. Gözümün önündə boynubükük gəlin var, gözünü bir yumub qırx tökür, baş yoldaşının sevgisindən, vəfasından, ona verdiyi dəyərdən danışdıqca köz-köz olur bağrının başı. Gözümün önündə üç fidan var, atalarının həsrətini çəkməkdən, yolunu gözləməkdən gözləri saralıb, solub. Nənəsinin adını daşıyan kiçik Sümayə isə hələ də atasının yoxluğundan xəbərsizdir. Oyuncaqlar alanda, atan Türkiyədən göndərib, deyirlər.

İGİDLƏRİN QANI İLƏ SAĞALAN VƏTƏN

Bu dərdlərin içində qovrularkən bir də gözümün önünə igidlərin qanı ilə sağalan Vətən, 30 ildir yarasından qan axan yurdum gəlir. Varı-yoxu şum edilib talanan, gecələrindən gecə doğan yurdumuz. Otuz ildir Vətənə sığa bilmədiyimiz üçün vətəni içimizə sığdırıb yaşadıq. Atalarımızın-babalarımızın qəbrinin üstündən yağı yol salmışdı sağa-sola, biz də seyr eliyirdik. Zamanında qotazlı-xurcunlu, pay-pürüşlü ağaların, bəylərin keçdiyi Ağa körpüsü, istidən təntiyən atların özünü vurduğu Qarqar çayı gəlir gözümün önünə. O vətənimizin, yurdumuzun yaralarına Soltan kimi oğulların axan qanı məlhəm oldu, qaysaq tutdu yarası. Millətimizin Soltan kimi ağatlı nağıl oğlanlarının qanı ilə sağaldı Vətən dərdimiz. 30 illik vətən həsrətimizə son qoyuldu. Bunlar Sümayə anaya da, sevdasını itirən o gözəl gəlinə də, üç boynubükük fidana da məlhəm olacaq. Bu fidanlar ömür boyu alnıaçıq, atalarına layiq yaşayacaqlar, ən önəmlisi atalarının izi ilə gedəcəklər. Şəhid övladı olmanın məsuliyyətini hiss edəcəklər. Eyni zamanda, qalib və sağlam bir ölkənin vətəndaşı olacaqlar. Çünki işğaldan azad edilmiş ölkənin torpaqlarında yaşayıb tikib-quracaqlar, təhsil alacaqlar. Qürurumuz Şuşada, Suqovuşanda, Talışda gəzəcək, atalarının və minlərcə şəhidimizin əziz ruhunu hörmətlə anacaqlar.

Soltanın üçrəngli bayrağa bükülmüş tabutunu camaat kəndin başından düz evədək uzun yolu çiyinlərində gətirməyi özlərinə borc bildilər. Ailə isə göz yaşları içərisində artıq şəhidini gözləyirdi. Qızı Ləman və həyat yoldaşı hərbi forma geyinib Soltanı qarşılayırdılar. Ləmanın "Ata şəhadətin mübarək" hayqırtısı hələ də qulaqlarımdan getmir. Tünzalə xanımın "Mən səninlə fəxr edirəm, şəhidim" deməsi isə həmişəlik xatirəmə hopub.

BİR SEVDA MƏKTUBU...

...Bir sevda məktubundan danışmaq istəyirəm. Rəngi bir az saralıb, amma dəyəri bu maddi dünyanın heç bir daş-qaşıyla, ziynətilə, varidatı ilə ölçüyə gəlməz, hesablanmaz. Soltanın ömür-gün yoldaşına, üç övladının anasına - Tünzaləyə sevda məktubu, sevgi məktubudur bu. Hər kəlməsi qadınına dəyər, sonsuz sevgi, hörmət, sədaqət, vəfa. Bu məktub yaşamaq üçün ən böyük səbəbdir ona. Hər nəfəsi daralanda, hər dünya başına dar olduğunda çəkilib bir köşəyə sevdiyinin məktubunu oxuyacaqdır: "Mənim bu dünyada hər şeydən qiymətli, dəyərli, mehriban, qayğıkeş, ağıllı, ismətli, mərd, gözəl həyat yoldaşım. Mən sənə ruhən, cismən bağlanmışam. Öz arzuma, öz istəyimə çatmışam, yuxarıda sadaladıqlarım o gözəl xüsusiyyətlərə malik bir sirdaş, bir həmdəm və bütün ömür boyu öz sevinc və kədərini şərəfli zabit yolunda çətin və qürurlu bir ömür yolunu mənimlə paylaşacaqsan. Öz həyatını mənə bağlamış bir qadınla həyat qurmuşam. Bu dünyada nəfəs alıram, çünki sənin və övladlarımın nəfəsi ilə yaşayıram.

Bəli, əzizim, mən həyatımı sənə borcluyam. Çünki sən həyatını mənə bağışlamısan. Daima sənə sadiq qalacağam! Əmin ol ki, mən səni gündən-günə daha çox sevəcəyəm. Qəlbimdə bir ad var. Bu ad vücudumun torpağa çevriləcəyi ana qədər davam edəcək. Bu ad sənin adındır, Tünzalədir. Səni və övladlarımı uca Yaradana əmanət edirəm!"

Bu məktubu hər oxuduqca Tünzalə xanım buza dönmüş ürəyini isidəcək, yaşadıqları gözəl günləri xatırlayıb gülümsüyəcək də. Sonra sevdiyinin ən qiymətli əmanətləri olan övladları üçün yenidən həyata dönəcək. Üsyan etməyəcək, barışacaq hər şeylə, hərbçi qadınları bunun nə demək olduğunu yaxşı bilir. Çünki bu vətən düşmənə verilməyəcək qədər qiymətlidir, canımızdan da, sevdiklərimizdən də.

Əminə YUSİFQIZI,

Respublikanın əməkdar jurnalisti