Deputat: “Vergi Məcəlləsinə dəyişikliklə bağlı təkliflər nəzərə alınıb” Siyasət

Deputat: “Vergi Məcəlləsinə dəyişikliklə bağlı təkliflər nəzərə alınıb”

“Qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deputatların irəli sürdükləri təkliflərin bir çoxu nəzərə alınıb”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Komitə sədri bildirib ki, qanun layihəsinin ikinci oxunuş üçün hazırlanmış variantında buğdanın idxalı və satışının, həmçinin buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsi müddətinin 5 ildən 7 ilədək uzadılmasını (2017-ci il yanvarın 1-dən etibarən), eləcə də kəpəyin istehsalı və satışının ƏDV-dən azad edilməsi müddətinin 3 ildən 5 ilədək (2019-cu il martın 1-dən etibarən) uzadılmasını təklif ediblər: “Bununla bağlı deputat həmkarlarımın fikirləri nəzərə alınıb. Həmçinin deputat həmkarlarımın təkliflərinə əsasən, qəlyan üçün hazırlanan tütünlərin aksiz vergilərinə cəlb edilməsini, elektron siqaretlər üçün mayeyə tətbiq olunan aksiz vergisinin hər litr üçün 100 manat olmasını (birinci oxunuşda hər litr üçün 220 manat idi) nəzərdə tutan dəyişikliklər edilib”.