“Belə təxribatlar mütəmadi olaraq təkrarlanır” Siyasət

“Belə təxribatlar mütəmadi olaraq təkrarlanır”

Arzu Nağıyev: "Bu hadisədən sonra bütün istiqamətlərdə, istər maarifçi, istərsə də radikal İslama basqılar artacaq"

Qabil Hüseynli: "Artıq müsəlmanlara qarşı anti-təbliğat kampaniyasına start verilib"

Ərəstun Oruclu: "İsalamafobiya artacaq"

Fransada terrorçuların "Charlie Hebdo" satirik jurnalının redaksiyasına hücumu və bunun nəticəsində 12 nəfərin ölməsi dünyanın aparıcı KİV-də əsas müzakirə mövzusuna çevrilib. Böyük Britaniyanın "The Telegraph" nəşri Parisdə törədilən terror aktından sonra Parisdə millətçiliyin güclənəcəyini bildirib. Nəşr bildirib ki, Fransada başlayacaq anti-İslam millətçiliyi bir müddətdən sonra Avropa Birliyi ölkələrində fəaliyyət göstərən millətçi təşkilatlara təkan verəcək. Məşhur KİV orqanı müqayisə üçün Almaniyada fəaliyyət göstərən və Avropanın islamlaşmasına qarşı çıxan radikal PEGİDA qrupunu nümunə gətirib.
Nəşr onu da bildirib ki, "Charlie Hedbo" jurnalının redaksiyasına hücumun gözlənilən olduğunu da vurğulayıb: "Çünki müsəlmanlar xaçpərəst və yəhudilərdən fərqli olaraq heç bir halda dinlərinin ələ salınması ilə barışa bilmirlər",deyə yazılıb.
Qeyd edək ki, yanvarın 7-də üç terrorçunun hücumu zamanı jurnalın baş redaktoru Stefan Şarbonye də daxil olmaqla 10 jurnal əməkdaşı və daha 2 polis nəfəri həlak olub. Terrorçulardan ikisi əslən Əlcəzairdən olan qardaşlar Səid və Şərif Kaşidir. Üçüncü terrorçu Hamid Muradın hadisədən sonra polisə təslim olduğu bildirilir.
Maraqlıdır, bundan sonra Avropada islama və müsəlmanlara münasibət necə olacaq?
Politoloq Arzu Nağıyev dedi ki, belə təxribatlar mütəmadi olaraq təkrarlanır. Siyasi ekspertin sözlərinə görə, Rüşdinin yazdığı anti-İslam xarakterli yazılar, ABŞ-da katolik kilsənin nümayəndəsinin "Qurani-Kərimi" yandırması və s. bu kimi məsələləri unutmamışıq: "Bu məsələlərdən sonra İslamın tənqidə tutulması, müəyyən qadağaların qoyulması, bəzi geyimlərin yasaqlanması, beynəlxalq mükafatların təsis edilməsi və s. baş verir. Ümumiyyətlə tənqidə görə silaha əl atmaq və qətllər pislənməlidir. Lakin bu heç də demokratiyanın təzahürü demək deyil. Bir tərəfdən də bu, qanunlarda olan boşluqdan əmələ gəlir. Demokratiya adı altında insanların inancı, əqidəsi ilə oynamaq olmaz. Azərbaycanda, Rusiyada, ümumiyyətlə bir sıra ölkələrdə bu qanunlar tətbiq olunur və müşahidələr göstərir ki, tolerantlıq baxımından bu, öz bəhrəsini verir".
Arzu Nağıyev hesab edir ki, bu hadisədən sonra bütün istiqamətlərdə, istər maarifçi, istərsə də radikal İslama basqılar artacaq: "Birmənalı şəkildə belə qətlləri dəstəkləmək olmaz. Dünyada baş verən bütün proseslər nəzərə alınmalıdır. Maraqlısı da odur ki, həmin hadisəni törədənlər Fransanın öz vətəndaşlarıdırlar...".
Politoloq Qabil Hüseynli bildirib ki, Fransada baş verən terror aktından sonra artıq müsəlmanlara qarşı anti-təbliğat kampaniyasına start verilib. Onun sözlərinə görə, artıq bəzi Avropa ölkələrində müsəlmanlara qarşı hücum kampaniyasına başlanılıb və bu yöndə kütləvi nümayişlər keçirilir, müsəlmanların Avropadan, ilk növbədə Fransadan çıxarılması üçün şüarlar səsləndirilir: "Əslində əvvəllər də müsəlmanlara qarşı bir kampaniya mövcud idi. Fransadakı terror aktının törədilməsində də anti-müsəlman təbliğatı, islamofobiya böyük rol oynayıb. Bir sözlə Avropada çox təəssüflər olsun ki, sağçılar və onların əsas radikal qanadı olan millətçilər sayca çoxalmaqda, təşkilatlanmaqdadırlar. Bunun da nəticəsində müsəlmanlara qarşı müxtəlif təzyiqlərin sayı artır. Biz 21-ci əsrdə müxtəlif sivilizasiyaların birlik olacağını düşünürdük, amma çox təəssüf ki, kimlərsə sivilizasiyalararası qarşıdurmalara və toqquşmalara dəstək verir".
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Fransada baş verənlərin dinlərarası münasibətlərə və xüsusilə də son vaxtlar Avropada güclənən islamafobiya tendensiyalarına öz neqativ təsirini göstərəcəyini bildirib: "Baxmayaraq ki, əksər mədəni, sivil və savadlı insanlar çox gözəl anlayırlar ki, bu hadisənin dinə və inanca heç bir aidiyyəti yoxdur. Sadəcə olaraq, baş verən bu olay siyasi mənafe və maraqlar uğrunda törədilmiş bir cinayətdir. Sıradan bir cinayət və siyasi terror aktıdır. Təbii ki, bu hadisədən yararlanmaq istəyən radikallar və ultra radikallar, sağçılar, millətçilər, digər kateqoriyadan olan siyasi hərəkat və partiyalar olacaq - xüsusilə də Fransada. İsalamafobiya artacaq. Qeyd edək ki, Avropa parlamentinə son seçkilərdə Milli Cəbhə sağçı partiyasından olan xanım Marin Le Pen 17-18 faiz səs toplayıb. Bu, o deməkdir ki, radikal sağçıların çəkisi və onlara ictimai dəstək artacaq. Çünki hazırda cəmiyyətdəki məsələlərə müxtəlif cür yanaşanlar var, xüsusilə də demokratik cəmiyyətdə. Bu, ümumilikdə Avropadakı tendensiyalara təsirsiz ötüşməyəcək. O ki qaldı hadisənin kim tərəfindən törədilməsinə, tələsməyək, yaxın zamanlarda bu cinayətin üstü açılacaq və hamımız biləcəyik".
İlahiyyatçı Elşad Mirinin sözlərinə görə isə, "Charlie Hebdo" jurnalının redaksiyasının maskalılar tərəfindən gülləbaran edilməsinin özəyi daha əvvəllərə gedib çıxır: "Charlie Hebdo" hadisəsi müsəlmanların Fransada sayının artmasına cavab olaraq başqa bir ssenarinin davamı ola bilər. Bu təxribatın müsəlmanların əleyhinə yönəldiləcəyindən ehtiyat edirəm". "Bu məsələnin əsas kökü var. Yəni kökü nə ilə bağlı ola bilər? Hardasa on il bundan əvvəl belə bir məsələ gündəmdə idi; Avropa bir neçə on il sonra İslamın ən böyük mərkəzlərindən birinə çevriləcək. Bu məsələ ilə bağlı da müəyyən addımlar atılırdı. Bu gün də bir çox insanlar müxtəlif müsəlmanların yaşadığı ölkələrdə digər həmin o Avropa ölkələrinə mühacir kimi köçürdülər. Yəni hicrət edirdilər. Bu da orada yaşayan müsəlmanların artmasına, yerli vətəndaşların İslam dinini qəbul etməsinə gətirib çıxarırdı. Bundan sonra belə bir fikir formalaşırdı ki, nəzərdə tutulan Avropanın İslam mərkəzlərindən birinə çevrilməsi həqiqətən də gündəmdədir. Belə getsə, bu hal öz həllini müsəlmanların lehinə tapacaq. Lakin bundan sonra Danimarkada, elə Fransanın özündə İslam Peyğəmbəri Həzrəti Məhəmmədlə (s.a.s) bağlı karikaturalar çəkilməsi, İslamın əleyhinə müəyyən fikirlərin səsləndirilməsi, islamafobiya kimi məsələlər gündəmə gətirildi. Müsəlmanların əleyhinə ola biləcək bəzi məsələlərdən istifadə olundu. Bunun nəticəsində də indi müxtəlif Avropa ölkələrindən İŞİD-ə qoşulan insanlar oldu. Orada bu insanlardan müxtəlif şəkillərdə istifadə etdilər. Nəticə etibarilə bu gün Qərb İslamın əleyhinə olan bir biçimdə formalaşdırılır. Bununla bağlı işlər aparılır. Məsələn, Almaniyanın özündə Xristian Demokrat Partiyasının İslama mənfi münasibəti, Hollandiyada və digər Avropa ölkələrində bunu müşahidə etmək olar".
Elşad Mirinin bildirdiyinə görə, son günlərdə, Avropada tikilən bəzi məscidlərə və ibadət yerlərinə donuz başının qoyulması nifrət məsələsini gündəmə gətirən amillərdəndir: "Bu hallar müsəlmanların özündə də nifrət hissi formalaşdırır. Hər nə qədər belə hallar olsa da, bu gün faktiki olaraq Fransada baş verənlərə heç bir şəkildə haqq qazandırmaq olmaz. Buradakı terror hadisəsi islama zidd olan bir haldır. İslam dininin özü sülh dini deməkdir. Sülh dininə mənsub olan bir insan hər nə qədər onun peyğəmbəri təhqir edilsə belə, belə bir terror hadisəsinə rəvac verilə bilməz. Çünki Peyğəmbərimiz öz sağlığında ona söyüş söyənləri, başına zibil, dəvə cəmdəyi atanları belə heç zaman öldürməyib. Heç təhqir də etməyib…".
Millət vəkili Aqil Abbas isə hesab edir ki, islamafobiyanı qızışdıranlar bununla indi də hansısa İslam ölkəsini hədəfə götürmək istəyirlər: "Ola bilər, Fransada baş verın hadisədə güllə atanlar müsəlman olsun, amma orada İslamın əli yoxdur. 11 sentyabr hadisəsini necə müsəlmanların üstünə yıxıb, Əfqanıstanla, İraqı bombaladılarsa, Fransa da baş verən olay da həmin məsələyə xidmət edir. Görək bu dəfə hansı ölkələri hədəf kimi hazırlayıblar? İslamda terror yoxdur. İŞİD-in də İslama dəxli yoxdur. Onların başçıları Fransa, Almaniya və İngiltərədən gələn adamlardır, içində təbii ki, aralarında müsəlman da var. Bu kimi olaylar əslində, İslam aləminə qarşı bir təxribatdır ki, bununla Qərbi İslam dininin əleyhinə qaldırmağa çalışırlar. Vaxtilə Tiflis-Ağdam avtobusunu partladıb, nə qədər adam öldürdülər, 1994-cü ildə Bakıda metroda partlayışda xeyli adam öldürdülər. Lakin nə Brüsseldə, nə də Avropanın hər hansı bir ölkəsində həmin terror hadisələrini törədənlər əleyhinə bir etiraz mitinqi təşkil etmədilər. Rusiyada çeçenlər konsert salonunu tutanda da çoxsaylı insan öldürüldü. Buna qarşı da Qərb dünyasında bir etiraz mitinqi edən olmadı. İndi Fransada bu hadisə olub. Terrorçunun milləti olmaz. Heç bir xristianı, buddisti, yəhudini və qeyri-din sahiblərini də terrorçu kimi qəbul etmərəm. Amma Qərbdə baş verən bu olaylara görə, dərhal islamafobiya düşüncəsini önə çəkmək, hansısa İslam ölkəsini məhv etməyə hazırlanmış dünya mafiyasının işidir. Bir daha bildirmək istəyirəm ki, terrorun İslama dəxli yoxdur".

Əli