“Bələdiyyələrə seçkilər proporsional seçki sistemi əsasında keçirilməlidir” Siyasət

“Bələdiyyələrə seçkilər proporsional seçki sistemi əsasında keçirilməlidir”

Qüdrət Həsənquliyev: “Bələdiyyələrə yerli dövlət hakimiyyəti orqanları statusu verilməlidir”

“Mən zaman zaman bələdiyyələrin statusu ilə bağlı məsələni Milli Məcisdə qaldırmışam ki, bələdiyyələrin statusu kiçikdir. Ona görə də onlardan gözləntilər özünü doğrultmur. Ona görə də həmişə təklif etmişəm ki, bələdiyyələrə yerli dövlət orqanları statusu verilməlidir. Bunun üçün mütləq islahatlar aparılmalıdır. 1999-cu ildə bələdiyyələr yaradılıb, bundan 22 il vaxt keçir. Biz hələ də deyirik ki, bu təzə yaradılmış orqandır”. Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.
Millət vəkili “ümumiyyətlə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan da o zaman yaradılanda və qanunvericiliyə daxil ediləndə mən bunun əleyhinə olmuşdum”, - deyə vurğulayıb: “Bunu da söyləmişdim ki, əgər bələdiyyələrin fəaliyyətindən hansısa şikayətlər varsa, o zaman müvafiq dövlət orqanları bunu araşdırıb, hüquqi qiymət verə bilər. Amma indi 2500-dən çox bələdiyyənin fəaliyyətini və onun aktlarının qanunauyğunluğunu yoxlamaq fiziki baxımdan mümkün deyil. Zaman da göstərdi ki, həqiqətən də bu məsələdə ciddi islahatların aparılamasına ehtiyac var. Bələdiyyələr yarananda bələdiyyə torpaqları müəyən olundu və o torpaqların icra hakimiyyəti ilə birgə qanunsuz satışına başladılar. Bu gün ölkədə artıq bəzi rəqəmlərə görə 600 min, bəzilərinə görə Bakıətrafı rayonlarda, kəndlərdə 450 min qanunsuz tikilmiş ev var. Bunların əksəriyyəti icra hakimiyyətlərinin razılığı ilə, məhz bələdiyyələrin verdiyi sərəncamlar əsasında həmin ərazilərdə tikilib. Bunların bir hissəsi pay torpaqlarında, kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilib. Bəziləri qaz, su, elektirik xətlərinin altında, yaxınlığında tikilib. 2008-ci ildən başlayaraq, Prezident cənab İlham Əliyev bu məsələlərə dəfələrlə toxunub. Hətta müvafiq sərəncam da imzalayıb, müvafiq komissiya yaradılıb. Ancaq çox təəssüf ki, bu günə qədər qeydiyyatsız evlərin qeydiyyatı ilə bağlı məsələ öz həllini tapmayıb. Halbuki burda bələdiyyələrin çox böyük məsuliyyəti var. O cümlədən onların fəaliyyətinə inzibati nəzarəti həyata keçirən mərkəzin. Mərkəz daha çox maraqlı olmalıdır ki, Prezidentin sərəncamı və onun göstərişləri bu günə qədər niyə icra olunmur, niyə bu məsələ öz həllini tapmır?
Bakı kəndlərinə dəmiryolu xətləri çəkiləndə insanlar oralardan köçürüldü və onlara kompensasiyalar ödənildi. Burada söhbət təkcə bələdiyyələrdən, icra hakimiyyətlərindən getmir, bəzi dövlət müəssisələrinin rəhbərləri də bu cür qanunsuzluqlara göz yumublar. Hamı bilir ki, əgər müvafiq dövlət orqanlarının razılığı olmasa idi, o binaların orada tikilməsi mümkünsüz idi. Yəni onlar pul qarşılığında bunu ediblər. Amma bunun yaxşı tərəfi olub ki, ölkədə mənzillə bağlı sosial gərginlik müəyyən mənada aradan qalxıb. Aztəminatlı insanlar özlərinə heç olmasa mənzil tikə biliblər. İndi isə o evləri rəsmiləşdirmək lazımdır. Bundan başqa islahatlar dərinləşdirilməlidir. Bələdiyyələr hazırda, açıq söyləyirəm, rayon icra hakimiyyətlərində mövcud ərazi idarəetmə orqanları şöbənin bir bölməsi kimi fəaliyyət göstərir. Belə olduğu halda bu qurumlardan nəsə gözləmək absurddur. Ona görə də, mən əvvəllər də məsələ qaldırmışdım ki, bələdiyyələrə yerli dövlət hakimiyyəti orqanları statusu verilməli və icra hakimiyyətiləri ləğv olunmalıdır. Prezidentin yerlərdə səlahiyyətli nümayəndələri olmalıdır ki, onlar da ölkə konstitusiyasına nəzarət funksiyasını həyata keçirsinlər. Bundan başqa, Bakı və Gəncə şəhər bələdiyyələri yaradılmalıdır ki, şəhərin problemləri ilə birbaşa xalqın seçdiyi şəxslər məşğul olmalıdır. Eyni zamanda bəzən bələdiyyələrin daxilində qanunsuz qərarlar qəbul olunur, təkbaşına qərarlar verilir, mövcud qanunvericilik pozulur. Bunun da qarşısını almağın yeganə və doğru yolu hesab edirəm ki, bələdiyyələrə seçkilər proporsional seçki sistemi əsasında keçirilməlidir”.

Əli