Bölgədə qürurla söz açdığımız yeni reallıqlar yaranıb Siyasət

Bölgədə qürurla söz açdığımız yeni reallıqlar yaranıb

Partiyanın siyasi cəhətdən təşkilatlanaraq monolit qüvvəyə çevrilmək, xalqa xidmət etmək, ölkənin inkişafına nail olmaq əzmi onun ideoloji-siyasi kursunun bütövlükdə cəmiyyətin maraqlarına cavab verməsi ilə şərtlənir. 29 ildir Azərbaycan siyasətinin avanqardı olan Yeni Azərbaycan Partiyasının respublikamızın hakim partiyası statusunu ləyaqətlə və uğurla daşımasını şərtləndirən əsas səbəblərindən biri onun ideoloji siyasi kursunun dövlətin və xalqın maraqlarına cavab verməsidir. YAP-ın martın 5-də keçirilən VII qurultayı bir daha bunu təsdiqlədi.

YAP-ın yarandığı vaxtdan cəmiyyətin lokomotiv siyasi qüvvəsi kimi çıxış etməsinin əsasında, ilk növbədə, xarizmatik lider amili dayanır. Ona görə YAP-ın müvəffəqiyyətini, ilk növbədə, əbədiyaşar liderimiz Heydər Əliyevin bizlərə ərməğan qoyduğu zəngin siyasi irsində axtarmaq lazımdır. Bu baxımdan YAP-ın bəzən “Heydər Əliyev partiyası” adlandırılması da obyektiv qanunauyğunluqlara əsaslanır və partiyanın uğurlarında lider amilinin rolunu dolğun şəkildə təcəssüm etdirir. Beləliklə, güclü lideri, mükəmməl proqramı, təkmil siyasi platforması, qətiyyətli mövqeyi sayəsində, digər tərəfdən, azərbaycançılıq və dövlətçilik mövqeyində durduğu üçün bu gün öz sıralarında 760 mindən artıq üzvü birləşdirən əsl ümumxalq partiyasına çevrilib.

Ümummilli Lider Heydər Əliyev 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciətində cənab İlham Əliyevə, həm də YAP-a yüksək önəm verdiyini qeyd etmiş, xalqa ən düzgün seçim ünvanı kimi məhz İlham Əliyevi və Yeni Azərbaycan Partiyasını göstərmişdi. Həmin ilin oktyabr ayında Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi prezident seçkilərinə qatılan cənab İlham Əliyevin qələbəsi həm də YAP-ın zəfəri idi. Bütövlükdə, ötən 18 ildə İlham Əliyevin rəhbərliyi ilə gedilən yol Heydər Əliyev siyasi kursunun alternativsizliyini təsdiq edir. Bu illər ərzində dövlətimizin keçdiyi möhtəşəm inkişaf yolu həm də YAP-ın tarixi uğurlarıdır.

YAP-ın altıncı qurultayında cənab İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülmüşdü. Aprel ayında keçirilən seçkilərdə qalib gələn İlham Əliyevin keçirdiyi yeni islahatlar uğurlu nəticələr verməkdədir. Bu islahatların ölkəmizdə çox böyük yüksəlişə, yeniliklərə gətirib çıxarması müasir Azərbaycanın tarixi reallıqlarıdır. Xüsusən əhalinin rifahının yüksəldilməsi, bütövlükdə respublikamızın simasının müasirləşdirilməsi və yeniləşdirilməsi də daxil olmaqla çox böyük nailiyyətlər əldə edilib. Azərbaycan ictimaiyyəti bununla qürur duyur və buna görə də Prezident İlham Əliyevin siyasəti ətrafında sıx səfərbərdir. Bütün bunların sayəsində Azərbaycan vətəndaşları hər zaman iqtidar partiyası olan YAP-a güvənirlər.

Bütün bunlar göstərir ki, İlham Əliyevin elan etdiyi prioritetlər ötən müddətdə uğurla reallaşıb. Bu dövrün ən böyük hadisəsi isə Vətən müharibəsində qazanılan Qələbə oldu. 44 gün davam edən savaşda İlham Əliyev ölkə rəhbəri, Ali Baş Komandan kimi öz missiyasını böyük qəhrəmanlıqla, qətiyyətlə, rəşadətlə yerinə yetirdi. 30 ilə yaxın idi ki, torpaqlarımızı işğal altında saxlayan işğalçı Ermənistanın qüvvələri müzəffər ordumuz tərəfindən darmadağın edildi, torpaqlarımızdan qovuldu. İndi bölgədə qürurla söz açdığımız yeni reallıqlar yaranıb. Bu reallıqların ən mühümü təbii ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi və Cənubi Qafqazda lider dövlət kimi mövqelərini daha da möhkəmləndirməsidir.

Beləliklə, son dövrlərin belə möhtəşəm uğurlarından sonra YAP-ın VII qurultayının keçirilməsi labüd idi. Əvvəlki qurultaylar kimi YAP-ın son qurultayına da cəmiyyətin diqqət və marağı olduqca böyük idi.

VII qurultay mühüm qərarların qəbulu ilə əlamətdar oldu. Belə qərarlardan biri yeni idarəçilik mexanizminin yaradılması oldu. Hesab edirəm ki, yeni tərkibdə formalaşdırılan idarə heyəti partiyanın idarəçiliyinin daha da təkmilləşdirilməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. O cümlədən, yeni nizamnamənin qəbulu daha çevik partiya fəaliyyətinin həyata keçirilməsinə imkan yaradır.

Qəbul olunan qərarlardan biri də YAP Veteranlar Şurasının yaradılması oldu. 29 ildir fəaliyyət göstərən YAP gənc siyasi təşkilatdır. Bu gün YAP-ın sıralarında həm partiyaya, həm də dövlətçiliyə layiqincə xidmətlər göstərən veteranlar birləşib. Bu baxımdan partiyanın tərkibində yeni bir strukturun, Veteranlar Şurasının yaradılması aktuallıq kəsb edir. Veteranlar Şurasında mənim də təmsil olunmağım partiya fəaliyyətimdə yeni səhifə açır.

Proqram xarakterli geniş nitqində Prezident, YAP sədri İlham Əliyev Azərbaycan dövlətinin keçdiyi tarixi yolu və bu yolda YAP-ın xidmətlərini geniş təhlil etdi. Eyni zamanda qarşıya yeni vəzifələr qoydu. Təbii ki, yeni reallıqlardan irəli gələrək Veteranlar Şurasının üzvlərinin də üzərinə mühüm vəzifələr düşür. Cənab İlham Əliyevin də veteranlardan gözləntiləri böyükdür. “Mən onlardan da xahiş edirəm ki, onlar da çox fəal olsunlar, bölgələrdə olsunlar, gənc nəslin nümayəndələri ilə görüşsünlər. Ölkə haqqında həqiqətləri gənc nəsil bilmir, hansı ki, 1991-1992-ci illəri görməyiblər. Bu haqda məlumat verilməlidir ki, onlar bilsinlər, biz nəyin bahasına bugünkü reallıqları əldə etmişik. Vətən müharibəsi ilə bağlı, postmüharibə dövrü ilə bağlı məlumatlar verilməli, bütün bunlar izah edilməlidir”, - deyə dövlət başçısı bildirdi.

Zamanın tələbi ilə yaranan və ümumxalq partiyasına çevrilən YAP hakimiyyətin siyasi istinadgahı kimi bundan sonra da fəaliyyətini uğurla həyata keçirəcək. Hər zaman olduğu kimi, Ulu Öndər Heydər Əliyevin ideyalarının və Prezident İlham Əliyevin siyasi kursunun uğurla həyata keçirilməsində layiqincə iştirak edəcək.

Hüseynbala MİRƏLƏMOV,

YAP Veteranlar Şurasının

üzvü, Xətai rayon təşkilatının sədri