Şafiq Samim: “İşğaldan azad olunmuş ərazilərdə məscidlərin dağıdıldığının şahidi olduq” Siyasət

Şafiq Samim: “İşğaldan azad olunmuş ərazilərdə məscidlərin dağıdıldığının şahidi olduq”

“Biz işğaldan azad olunmuş ərazilərdə böyük dağıntıların şahidi olduq”.

APA-nın məlumatına görə, bunu bu gün Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin Gəncə və Ağdama səfərin yekunları ilə bağlı mətbuat konfransında Əfqanıstanın İƏT-dəki daimi nümayəndəsi Şafiq Samim bildirib.

Şafiq Samim deyib ki, işğaldan azad olunmuş ərazilərdə məscidlərin də dağıdıldığının şahidi olublar: “Biz Prezident İlham Əliyevin qətiyyətli mövqeyini dəstəkləyirik. Azərbaycan Prezidenti müharibədən əvvəl və müharibə dövründə Azərbaycan torpaqlarının işğal altında olduğunu dünya ictimaiyyətinə çatdıra bilib. Biz Əfqanıstan olaraq dağıntıların şahidi olmuşuq, heç bir dövlətə də müharibə, dağıntılar arzulamırıq. Bu qələbə münasibəti ilə Azərbaycan xalqını təbrik edirik”.

Malayziyanın Azərbaycandakı səfiri Dato Yubazlan Bin Yusof da bildirib ki, Ermənistanın işğaldan azad edilən ərazilərdə törətdiyi dağıntıların şahidi olub.

Səfir qələbə münasibəti ilə Prezident İlham Əliyev və Azərbaycan xalqını təbrik edib: “Mən Ağdam və Gəncə ilə bərabər işğaldan azad olunmuş digər ərazilərə də səfər etmişəm. Münaqişə zonasından kənardakı insanların da münaqişənin təsirinə məruz qaldığını görmüşük. Bunlar cinayətdir. Mənə xüsusən təsir edən Ağdam, Cəbrayıl, Füzuli və digər yerlərdəki məscidlərin vəhşicəsinə dağıdılmasıdır. Malayziya daim Azərbaycana dəstəyini ifadə edib, Azərbaycanla həmrəy olmuşuq. Bizim dəstəyimiz İƏT Təmas Qrupunda fəal iştirakımızla da təsdiqini tapır. Biz 9 noyabr 2020-ci il tarixli bəyanatı dəstəkləyirik. Sülhün təmin olunması çox çətin məsələdir. İnanıram ki, İƏT üzvləri bərpa prosesində Azərbaycanın yanında olacaq. Dua edirəm ki, tezliklə bərpa prosesi başa çatsın və 1 milyondan artıq insan yenidən öz yurdlarına, evlərinə qayıda bilsin”.

Qambiyanın İslam Əməkdaşlıq Təşkilatındakı (İƏT) nümayəndəsinin müavini Əbubəkr Cəh isə əmin olduğunu bildirib ki, bölgədə həyat yenə canlanacaq: “İşğaldan azad olunmuş səfər zamanı dağıntıları gördük. Ancaq bu bölgə çox gözəldir. Bir neçə ildən sonra işğaldan azad edilmiş ərazilərin bərpasını görəcəyimizə inanırıq. Digər müsəlman ölkələrindəki problemlərin, müsəlmanların qarşılaşdıqları problemlərin həllinə də Azərbaycanın zəfərinin təkan verəcəyinə inanırıq. Myanma hökumətinin beynəlxalq ədalət qarşısında cavab verməsini gözləyirik. Bu, digər işğalçılara da bir xəbərdarlıq olmalıdır ki, torpaqları işğal etməklə, dağıntılar törətməklə canını qurtara bilməyəcək”.