Bölgəyə sülhməramlılar yerləşdiriləcək? Siyasət

Bölgəyə sülhməramlılar yerləşdiriləcək?

"Azərbaycan bunu o halda qəbul edər ki, qoşunları geri çəkilməsin, daha da irəliləyərək əraziləri işğaldan azad olunsun və Balkanlardakı nəticələr bu regionda da təkrarlanmasın".
Bu fikirləri millət vəkili Zahid Oruc Dağlıq Qarabağ münaqişəsinin həlli üçün regiona sülhməramlı qüvvələrin yeridilməsi fikrinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, qoruyuculuq funksiyası anlamında həmin qüvvələrdən faydalanmaq mümkündür: "Bu o hüquqi şərtlərlə qəbul edilə bilər ki, bu qüvvələr Azərbaycan əleyhinə yönəlməsin və sülhməramlı dəstələrin tərkibində monopoliya yaratmaq, onu bütövlükdə öz qüvvələrindən təşkil etmək imkanları əngəllənsin. Bu mənada Azərbaycan sülhməramlı qüvvələrin regiona yeridilməsinə çox həssaslıqla yanaşır. Bu qüvvələr şübhəsiz ki, "Böyük sülh sazişi" imzalandıqdan sonra regiona gələ bilər". Millət vəkili qeyd edib ki, bir sıra ölkələrdə bu kontingentdən istifadə olunmasının heç də həmişə arzu olunan nəticələr vermədiyini nəzərə almaq lazımdır: "Məsələyə köklü yanaşma tələb edir ki, ilk növbədə sülh müqaviləsi imzalansın. Yalnız bundan sonra Qarabağda azərbaycanlı və erməni icmasının dinc yaşamasını təmin etmək naminə həmin kontingent məsələsinə keçmək olar".
Xatırladaq ki, ATƏT-in fəaliyyətdə olan sədri İviva Dacic Dağlıq Qarabağ münaqişəsi barədə səsləndirdiyi bəyanatda üstüörtülü şəkildə regiona sülhməramlı qüvvələrin yeridilməsinin vacib olduğunu vurğulayıb. O, ən vacib məqam kimi bu qoşunların harada yerləşdirilməli olduğunu göstərib. Qeyd edək ki, indiyə kimi Rusiyanın bölgəyə öz sülməramlılarını yeritmək niyyəti müzakirə olunub və ABŞ-la Fransa buna qarşı fəal müqavimət göstərib.