"Müsavat Partiyasının qərarı 1937-ci il repressiyası dövründə irəli sürülən ittihamlara bənzəyir"
"Müsavat Partiyasının Divanında partiyanın Qadınlar Birliyinin sədri Ellada Məmmədli və partiya başqanlığına keçmiş namizəd Qubad İbadoğluna edilən xəbərdarlığın motivləri ilə tanış oldum. Sadəcə olaraq gülməlidir. Eynilə 1937-ci ildə stalinizm repressiyası dövründə irəli sürülən ittihamlara bənzəyir".
Bu barədə "Trend"ə Müsavat Partiyasının qurultayından narazı qalan üzvlərin yaratdığı Azərbaycan Demokratiya və Rifah Hərəkatının Təşkilat komitəsinin üzvü Vurğun Əyyub deyib.
Digər tərəfdən, V.Əyyub partiyanın Divanını qeyri-legitim hesab etdiyini bildirib: "Çünki Divanın formalaşmasında nizamnamə tələblərindən kənara çıxılıb. Ona görə də bu Divanın hər hansı bir qərarının mənim üçün xüsusi bir əhəmiyyəti yoxdur".
O, əlavə edib ki, Azərbaycan Demokratiya və Rifah Hərəkatı ilə bağlı iradların tutulması da çox gülüncdür: "Çünki Hərəkatın yaradılmasında heç bir nizamnamə pozuntusuna yol verilməyib və Hərəkat da Müsavat Partiyasına qarşı deyil. 2003-cü ildə Arif Hacılı da daxil olmaqla bir qrup insan Müsavat Partiyasının üzvü ola-ola bir hərəkat yaratmışdılar. Eləcə də indi İsa Qəmbər də bir siyasi düşüncə mərkəzinə rəhbərlik edir".
V.Əyyub qeyd edib ki, Azərbaycan Demokratiya və Rifah Hərəkatının üzvlərindən kimlərsə Müsavat Partiyasının rəhbərliyinin yürütdüyü xətti tənqid edirsə, bunu Müsavat Partiyasının əleyhinə fəaliyyət kimi qələmə vermək doğru deyil: "Çünki Müsavat Partiyası yalnız onun rəhbərliyindən ibarət deyil".
Qeyd edək ki, fevralın 2-də Müsavat Partiyası Divanının toplantısında Q.İbadoğlu və E.Məmmədliyə xəbərdarlıq edilib. Onların partiyadan kənarlaşdırılması gözlənilir.