Bahar Muradova: “Hələ çox erməni öləcək...” Siyasət

Bahar Muradova: “Hələ çox erməni öləcək...”

"Prezident İlham Əliyev Münhendən Ermənistana açıq şəkildə mesaj göndərdi ki, siz güc tətbiqindən əl çəkmədikcə, Azərbaycan ərazisində hələ çox erməni gəncləri həyatlarını qoyacaqlar. Buna görə heç kimin Azərbayacanı ittiham etməyə haqqı yoxdur".
Milli Məclisin sədr müavini Bahar Muradova belə deyib.
Vitse-spiker prezident İlham Əliyevin Münhen konfrasında ermənilərə göndərdiyi sərt mesajlardan danışıb. Qeyd edib ki, Ermənistana qarşı təzyiqlər və sanksiyalar tətbiq olunmalıdır: "Prezidentlərin həmsədrlər tərəfindən təşkil edilən görüşlərində danışıqlar prosessinə, təmas xəttində baş verən insidentlərin aradan qaldırılmasına yönəlmiş ümidlərin ifadə olunmasına rəğmən, ermənilərin təmas xəttində yaratdıqları təxribatları bir mənalı olaraq Azərbaycana qarşı yönəltmək kimi qiymətləndirmək lazımdır. Cənab prezident də çıxışında bunun mahiyyətini çox gözəl açaraq ortaya qoydu. Bu isə Ermənistanın danışıqlar prosesində heç də həqiqətən sülhün əldə olunması məqsədi ilə iştirak etmədiyini konkret faktlarla sübut etdi.
Guya danışıqlar gedir, görüşlər keçirilir, bölgəyə səfərlər olur, ən müxtəlif beynəlxalq təşkilatlarda bu məsələ gündəliyə çıxarılır, sənədlər qəbul olunur. Amma nəticə yoxdur. Nəticənin olmamasının da əsas səbəbi Ermənistandır və onların qeyri-konstruktiv mövqeləridir. Bütün bunlar azmış kimi ərazinin işğalda saxlanılması, dağıdılması insanların həyatını itirməsi, əsgərlərin həlak olması kimi təxribatlar azmış kimi üstəlikdə bunların günahını Azərbaycanın üzərinə yükləmək Ermənistanın yeritdiyi siyasətin prioritet istiqaməti olub".
Bahar Muradova hesab edir ki, ermənilər təxribatlar törədirlər, sonra da günahı bizim üzərimizə atırlar. "Həmçinin sual verilər ki, atəşə nə vaxt son qoyulacaq? Ermənilər nəticənin nə olacağını düşünmədən bu sualı veriblər. Cənab prrezidentdən bu suala cavab olaraq, onların iç üzünü çox böyük məharətlə açıb ortaya qoyub. Sual olunur ki, erməni əsgərinin Füzulidə, Ağdamda nə işi var? Sual olunur ki, Ermənistan hava qüvvələrinə məxsus helikopterin Azərbaycan ərazisində nə işi var? 47 minlik Ermənistan ordusunun Ağdam ərazisində təlim keçməsi onların nəyinə lazımdır? Bu təlimlər niyə məhz Azərbaycan ərazisində keçirilir? Bu suallara Ermənistanın cavabı yoxdur. Bu suallara Ermənistanı müdafiə etməkdə olan dairələrin də cavabı yoxdur. Bu cür beynəlxalq konfransda Azərbaycan prezidenti bu sualları həm Ermənistana, həm də onları dəstəkləyən qüvvələrə ünvanladı. Bu gün Dağlıq Qarabağ məsələsi ilə eyniyyət təşkil edən Ukrayna hadisələri zamanı sanksiyalar mövqeyini tutan beynəlxalq ictimaiyyət bu 22 il ərzində Ermənistana qarşı bu sanksiyaları niyə tətbiq etmir?
Niyə Ermənistandan soruşan olmayıb ki, sənin Azərbaycan ərazisində nə işin var? Ermənistana deyən olmayıb ki, beynəlxalq hüququn prinsiplərini niyə pozursan? Niyə Ermənistana seperataçılığı stimullaşdırdığı üçün sanksiya tətbiq olunmayıb? Bu gün beynəlxalq ictimaiyyət, Minsk qrupunun üzvləri olan dövlətlər Ukrayna məsələsində bu qədər həssaslıq göstərdikləri halda, niyə Azərbaycanla bağlı bu həssaslığı göstərmirlər?
Ermənistanın təcavüzkar siyasətinin mahiyyəti barədə danışmasalar belə, niyə Qarabağla bağlı humanitar fəlakətə gətirib çıxaran siyasətə son qoymağın vacibliyini onlara xatırlatmırlar.
Düşünürəm ki, Ermənsitanın bu suallara cavab verməsi üçün onlara təzyiqlər olmalıdır, sanksiyalar tətbiq olunmalıdır. Bu gün sanksiya mövqeyini tutan dövlətlər Ermənistana qarşı da bunu tətbiq etməlidirlər. Hesab edirəm ki, cənab prezident çox böyük müvəffəqiyyət və qətiyyətlə Qarabağ məsələsinin gələcək həlli ilə bağlı olan Azərbaycanın mövqeyini, açıq şəkildə ortaya qoyub".