“İqtidar-müxalifət görüşü ölkədə siyasi sistemin inkişafına töhfə verəcək” Siyasət

“İqtidar-müxalifət görüşü ölkədə siyasi sistemin inkişafına töhfə verəcək”

Qüdrət Həsənquliyev: "Çox təəssüf ki, Azərbaycanda xarici dövlətlərin əlində oyuncağa çevrilmiş bəzi siyasi qüvvələr yenə də bu tədbirin üzərinə kölgə salmağa çalışdılar"

Milli Məclisin dünənki iclasında parlamentarilər cari məsələlərlə bağlı çıxışlarında bir öz təkilf və iradlarını səsləndiriblər. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev də çıxışında bir sıra məsələlərə diqqət yönəldib. Millət vəkili öncə qarşıdan Xocalı soyqırımının ildönümünün gəldiyin xatırladaraq, bununla bağlı görülməli işlərdən danışıb: "Xocalı qurbanlarına, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Bu yaxınlarda Münhendə Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev erməniləri, onların havadarlarını, Minsk qrupunu ifşa edən möhtəşəm bir çıxış etdi. Mən hesab edirəm bu çıxış Azərbaycan xalqının hisslərini müəyyən mənada sakitləşdirdi. Hesab edirəm ki, diplomatik korpuslar da Xocalı soyqırımı ərəfəsində bizim diplomatik nümayəndəliklərimizin olduğu bütün ölkələrdə və beynəlxalq təşkilatlarda müvafiq tədbirlər keçirməlidirlər və dövlət başçısının çıxışında qoyduğu məsələləri bir daha beynəlxalq ictimaiyyətin, ayrı-ayrı ölkələrin rəhbərlərinin diqqətinə çatdırmalıdırlar".
Millət vəkili səfirlərlə bağlı bir məsələni də diqqətə çatdırıb: "Bizim xarici səfərlərimiz zamanı bəzi səfirlər belə bir məsələdən öz narahatçılıqlarını bildirirlər və mən də bu narahatlıqlara qoşuluram. Belə ki, rəsmi qaydada səfirlərin maaşı cəmi 500 manat civarındadır. Qalan vəsait isə onlara ezamiyyət xərcləri kimi verilir. Ona görə də onlar pensiyaya çıxanda çox cüzi pensiya almalı olacaqlar. Təqribən 250-300 manat civarında. Bu da onları çox ciddi narahat edir. Biz bunun yolunu tapmalıyıq ki, ölkəmizi təmsil etmiş səfirlər qayıdandan sonra normal həyatlarını təmin edəcək miqdarda normal maaş ala bilsinlər".
Qüdrət Həsənquliyev srağagün keçirilən iqtidar-müxalifət görüşü barədə də danışıb: "Mən də siyasi partiyalarla keşirilən görüşün iştirakçısı idim. Çox təəssüf ki, Azərbaycanda xarici dövlətlərin əlində oyuncağa çevrilmiş bəzi siyasi qüvvələr yenə də bu tədbirin üzərinə kölgə salmağa çalışdılar. Amma bununla heç nəyə nail ola bilməzlər və mən hesab edirəm ki, bu tədbir son dərəcə önəmlidir. Özü də Prezident Administrasiyasının nümayəndəsi dəfələrlə vurğuladı ki, birbaşa dövlət başçısının göstərişi əsasında belə bir görüş keçirilir. İqtidarla, Prezident Administrasiyasının nümayəndələrilə belə görüşlər həm ölkədə siyasi sistemin, həm demokratiyanın inkişafında, eləcə də qanunun aliliyinin təmin olunması və inkişaf etdirilməsi istiqamətində öz müsbət töhfəsini verəcəkdir. Mən buna çox əminəm. Bunun üzərinə kölgə salmaq istəyən qüvvələr isə sadəcə olaraq bir daha öz mövqelərinə baxmalıdırlar və Azərbaycanın əleyhinə iş aparan ayrı-ayrı qüvvələrin onlardan istifadə etməsinə, onların əlində alətə çevrilməsinə imkan verməməlidirlər".

Cavanşir Həsənli