"Şahdəniz" yatağı üzrə büdcəyə 730 milyon manatdan çox mənfəət vergisi ödənilib İqtisadiyyat

"Şahdəniz" yatağı üzrə büdcəyə 730 milyon manatdan çox mənfəət vergisi ödənilib

2026-cı ilin yanvar-iyun aylarında dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 8 milyard 198,2 milyon manat təşkil etmişdir ki, bu da proqnozla müqayisədə 21,2 milyon manat və ya 0,3 faiz çoxdur.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 2026-cı ilin ilk altı ayında dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 21,7 faizi və ya 1778,2 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmaların, 78,3 faizi və ya 6 milyard 420 milyon manatı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşür.

Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olmuş neft-qaz gəlirlərinin 47,4 faizi və ya 843,5 milyon manatı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 41,1 faizi və ya 730,4 milyon manatı “Şahdəniz” yatağı üzrə mənfəət vergisi, 11,5 faizi və ya 204,3 milyon manatı ABƏŞ-in mənfəət vergisi hesabına olub.