Ermənilərin azərbaycanlı əsirlərə verdikləri işgəncələrə dünya susdu Siyasət

Ermənilərin azərbaycanlı əsirlərə verdikləri işgəncələrə dünya susdu

Üçüncü Cenevrə Konvensiyası beynəlxalq münaqişə tərəflərindən bütün şəraitlərdə hərbi əsirlərlə insani davranış tələb edir.

Müharibə zamanı mülki əhalinin müdafiəsi üçün qəbul edilən Beynəlxalq hüquqi aktlar arasında quru əməliyyatlarının qanun və adətləri haqqında IV Haaqa Konvensiyası, Mülki əhalinin müdafiəsi haqqında IV Cenevrə Konvensiyası və ona əlavə edilən Protokol kimi sənədlər mövcuddur.
Lakin terrorçu ermənilər əsir götürdükləri azərbaycanlılara görünməyən işgəncələr verməklə bütün beynəlxalq konvensiyaları pozublar.

Bunu "Xalq Cəbhəsi"nə ALDP sədri Fuad Əliyev Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə keçirilən məhkəmə prosesinə münasibətində açıqlayıb.

Partiya sədri bildirib ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında olan materiallar sübut edir ki, Ermənistan tərəfi əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarına qarşı məqsədli soyqırımı siyasəti yeridir: "Yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən uşaq, qadın və qocalar erməni əsir və girovluğunda dözülməz işgəncələrin qurbanı olub. Çoxsaylı faktlar göstərir ki, əsir və girovlara müxtəlif dəhşətli işgəncələr verilmiş-onlar vəhşicəsinə döyülmüş, qəsdən şikəst vəziyyətinə salınmış, sinələrinə qızdırılmış xaç nişanları ilə damğa basılmış, dırnaqları və dişləri çıxarılmış, yaralarına duz basılmış, ölənə qədər rezin və dəmir dəyənəklərlə döyülmüş, damarlarına benzin yeridilmişdir".

F.Əliyev ABŞ-da siyasi sığınacaq alan keçmiş hərbçi Mesrop Martirosyanın bir neçə il öncə ABŞ məhkəməsinə verdiyi ifadələrini xatlrladıb. O, qeyd edib ki, Ermənistanda və işğal olunmuş ərazilərdə azərbaycanlı əsirlər saxlanır və onların sayı çoxdur, həmin əsirlərə işgəncə verildiyinin şahidi olub.

Sitat: “Qonşu ölkələrdən birinin vətəndaşları Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Zod kəndi yaxınlığındakı ərazilərdə yerləşən mədənləri gəziblər. Ermənistanda mədənlərdə işləyən ac, səfil vəziyyətdə çoxlu insan görüblər. Dəmir məftillərlə çəpərlənmiş bölgədə işləyənlərin şəxsiyyəti ilə maraqlananlar heyrətə gəlib. Onlara rəhbərlik edən erməni, Zod qızıl mədənlərində işləyənlərin azərbaycanlı əsirlər olduğunu deyib.”

Bu sözlər işğal altında olan Qarabağda yaşyan ermənilərin Gürcüstana turist kimi gələnləri bildirmiş və qeyd etmişlər ki, Ermənistan və Qarabağda çox azərbaycanlı əsir saxlanılır. Onlar bildiriblər ki, əsir azərbaycanlıların bir qismi Kəlbəcərdə saxlanılır: “Bizə dedi ki, İrəvanda, Leninakanda, Gümrüdə də əsir azərbaycanlılar az deyil. Onlardan əsasən ağır fiziki işlərdə istifadə olunur. Təəssüf ki, fotoşəkillər çəkməyə imkan vermədilər. Yoxsa, gördüklərimizi lentə alıb, bütün dünyaya yayardıq”.

F.Əliyevin fikrincə, əsir və girov götürülən şəxslərin əksəriyyətinin Ermənistanın birbaşa nəzarəti altında insan alverinin qurbanına çevrildiyi, onların bəzilərinin bədən orqanlarının transplantasiya edilərək satıldığı, şəxsiyyətləri və ləyaqətlərinin alçaldıldığı artıq sübuta yetirilib. Əfsuslar olsun ki, müharibələrin acı nəticələrindən insanlarımızı qorumalı olan beynəlxalq humanitar hüquq hamımıza, bütün dünya dövlətlərinə, səlahiyyətli beynəlxalq təşkilatlara məxsus olsa da,
bu insanlığa yaraşmayan praktikaya qəsdən göz yumulur və reaksiya verilmir: "Tarixdə ermənilər kimi əsirlərə işgəncə verən ölkələr az olmayıb. Lakin tez ya gec həmin rəhbərlər Nürnberqdə, Haaqada cəzalandırılıblar. Vaxt gələcək Ermənistan kimi işğalçı ölkənin terrorçu rəhbərləri də bu məsələdə cavab verməli olacaqlar".
Cavid