Putinin yaxın adamı Xocalıdan danışıb Siyasət

Putinin yaxın adamı Xocalıdan danışıb

Qarabağ müharibəsi və onun ən qorxunc, dəhşətli epizodlarından biri olan Xocalı faciəsi postsovet məkanı sakinlərinin yaddaşlarında həkk olunub.
Rusiya Federasiyası prezidenti yanında İnsan Hüquqları Şurasının üzvü, politoloq, jurnalist Maksim Şevçenko da Xocalı faciəsindən danışıb.
Maksim Şevçenko bildirib ki, Qarabağ müharibəsi bütövlükdə Qafqazın vücudunda dərin, sağalmayan bir yara qoyub. O vurğulayıb ki, Xocalı soyqırımı Qarabağ müharibəsinin gedişatında yaşanan qorxunc hərbi iyrənclikdir .
Bununla yanaşı, politoloq SSRİ ilə bağlı nostalji hisslərinə də qapılıb və Qarabağ münaqişəsinin alovlanmasında rol oynayan ilkin rüşeymlərdən söz açıb:
"Xocalı faciəsi SSRİ miqyasında çox uzun illərdən sonra yaşanan dəhşətli qətliam olduğuna görə ürəklərə toxunur və bizim yaddaşımızda qalır. İnsanlar sülh içərisində yaşayırdılar, ola bilsin ki, bu, mükəmməl deyildi. Amma sülh dövləti idi. Xankəndidən, Bakıdan maşına oturub Yerevana getmək olurdu.
O zamanlar Xankəndidə, Şuşada heç bir problem yox idi. Amma sonra birdən-birə bu insanlar bir-birlərini öldürməyə başladılar. Halbuki, bu hadisələrdən üç-dörd il qabaq onlar hamısı Sovet vətəndaşı idi".
Ancaq Maksim Şevçenko etiraf etməyib ki, SSRİ dediyi imperiya 1990-cı ilin 20 yanvarında Azərbaycanda, əsasən paytaxt Bakıda qırğınlar törətdi. Dinc insanlar sovet imperiyasının tankları altında qanlarına qəltan olundu. Maksim Şevçenko əgər dürüstdürsə, etiraf eləsin ki, Dağlıq Qarabağdakı separatçıları müdafiə edən onun ölkəsi Pusiyadır. Və onun ölkəsinin səyinin nəticəsidir ki, hələ də Dağlıq Qarabağ problemi həllini tapmır. Çünki münaqişənin bu səviyyədə qalması bütün mənalarda işinə yarayır.