“Qeyri-obyektiv informasiyaların gündəmə gətirilməsində maraqlı olan qruplar var” – Arzu Nağıyev Siyasət

“Qeyri-obyektiv informasiyaların gündəmə gətirilməsində maraqlı olan qruplar var” – Arzu Nağıyev

“Ümumiyyətlə fövqəladə hadisələr zamanı, yaxud təhlükəsizliyə hansısa təhdidlər olanda cavabdeh qurumlar hadisə ilə bağlı operativ və koordinasiyalı şəkildə reaksiya verməlidirlər”. Bunu Xalqcəbhəsi.az-a açıqlamasında millət vəkili, Trend İnformasiya Agentliyinin baş direktor müavini Arzu Nağıyev Xəzər dənizində vulkan püskürməsindən sonra hadisənin sosial şəbəkələrdə təhrif edilərək təqdim olunmasına münasibət bildirərkən deyib Onun sözlərinə görə, sosial şəbəkələrdən öncə ilk məlumatı rəsmi qurumlar yaymalıdırlar: “Burada da şəffaflıq olmalıdır. Sosial mediada həqiqətəuyğun olmayan məlumatlar ona görə yayılır ki, dəqiqləşdirilməmiş informasiyaları tirajlayan müxtəlif mənbələrə istinad edirlər, müxtəlif insanlar da buna inanırlar. Təbi ki, qeyri obyektiv informasiyaların gündəmdə olmasında maraqlı olan qruplar var. Azərbaycanı istəməyən, dövlət və dövlətçiliyə xələl gətirməyə çalışan şəxslər az deyil. İlk öncə isə cavabdeh qurumlar məsələyə operativ reaksiya verməklə yalan informasiyaların dövriyyəyə buraxılmasının qarşısını ala bilər. Təbii ki, həmin hadisə gecə baş vermişdi, müəyyən çətinliklər var idi. Hərə öz mənbəsinə istinadən məlumat yayır, kimsə yazı yazıb, sonradan onu silirdi. Şükürlər olsun ki, insan itkisi olmadı, hadisə hər hansı platformada baş verməmişdi. Bu təbii fəlakət idi. Hər bir ölkənin təhlükəsizliyinə təhdid yaradan faktorlardan biri də məhz, təbii fəlakətlərin baş verməsindən sonra ortaya çıxan məsələlərdir. Gələcəkdə bunların qarşısını almaq üçün opertativ, həddindən artıq çevik formada məsələyə reaksiya vermək və hər bir halda rəsmi mənbəyə söykənərək məlumatların yayılmasıdır. Əks halda bu proseslər yenə də baş verəcək. Ümumilikdə isə sosial şəbəkələrdə müxtəlif məqsədlərlə bağlı istinad olmadan müxtəlif məzmunlu məlumatların yayılmasının qarşısını almaq üçün “Media haqqında qanun”da və digər sənədlərdə bununla bağlı məsələ öz əksini tapmalıdır”.

Əli Zülfüqaroğlu