“Azərbaycan Balkan ölkələri ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir” Siyasət

“Azərbaycan Balkan ölkələri ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir”

Elmar Məmmədyarov Sloveniyanı əməkdaşlığı daha da genişləndirməyə çağırıb

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Sloveniya Milli Şurasının prezidenti Mitya Bervarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla Sloveniya arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub və yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafına töhfə verdiyi qeyd edilib.
M. Bervar Sloveniyanın qanunverici orqanında Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar qəbul edilmiş bəyanatı xatırladaraq, bəyanatda münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında ATƏT Minsk qrupu çərçivəsində sülh yolu ilə həllinin dəstəkləndiyini diqqətə çatdırıb.
12-28 iyun tarixlərində Bakıda keçiriləcək ilk Avropa oyunlarına görə Azərbaycanı təbrik edən M. Bervar Sloveniya idmançılarının bu yarışlarda geniş tərkibdə iştirak edəcəyini söyləyib.
E. Məmmədyarov isə Azərbaycanla Sloveniya arasında tarixi bağlantıların olduğunu qeyd edərək, Sloveniyanın faşizmdən azad edilməsində şücaət göstərmiş azərbaycanlıların, xüsusilə Mehdi Hüseynzadənin xatirəsinin Sloveniya xalqı tərəfindən əziz tutulmasının yüksək qiymətləndirildiyini vurğulayıb. Azərbaycanın Balkan ölkələri ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini deyən nazir ölkələrimiz arasında enerji, iqtisadiyyat və ticarət, sərmayələrin qoyulması, mədəniyyət və idman sahələrində əməkdaşlığın inkişafı üçün əlverişli imkanların olduğunu qeyd edib.
Ermənistan-Azərbaycan münaqişəsinə toxunan E. Məmmədyarov dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu və bütün dövlətlərin beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməli olduğunu bildirib.