“Milli Şura mitinq yox, piket keçirib” Siyasət

“Milli Şura mitinq yox, piket keçirib”

Siyavuş Novruzoiv: "Ora toplaşan adamlar da təşkilatçıların qohum-əqrəbası idi"

Sərdar Cəlaloğlu: "Bu mitinqlər sosial tələbat deyil"

Tahir Kərimli: "Çalışırlar ki, hər bir halda öz varlıqlarını qoruyub saxlasınlar"

Milli Şura "Məhsul" stadionunda mitinq keçirib. Bakı şəhər Baş Polis İdarəsi Milli Şuranın 5 aprel mitinqi ilə bağlı rəsmi məlumat yayıb. Rəsmi məlumata görə, aksiyada 500 nəfərə qədər adam iştirak edib. Polis həm də aksiyada "radikal dini qrupların" olduğunu bildirib.
Aksiyanın təşkilatçıları isə bunun əksini idda edərək, mitinqdə 10 min nəfərin iştirak etdiyini deyiblər.
Millət vəkili Siyavuş Novruzovun sözlərinə görə, Milli Şura mitinq yox, piket keçirirdi:"Ora toplaşan adamlar da təşkilatçıların qohum-əqrəbası idi. Eyni sözlər, eyni fikirlər səsləndirirdilər. Cəmiyyətə bir dənə də olsun düzgün informasiya çatdırmadılar". Siyavuş Novruzov mitinqdə səslənən fikirləri yalan və böhtan adlandırıb: "Dediklərinin hamısı yalan, Azərbaycana qarşı erməni mənbələrinin yaydığı fikirlər idi. İstər Avropa oyunları, istərsə də digər məsələlərlə bağlı yalan danışırlar. Müxalifət gərək çıxışında alternativ təklif də irəli sürsün. Onlar isə heç bir alternativ fikir irəli sürmür, ancaq demaqoqluqla məşğul olurlar. Fikirləri heç bir əsasa söykənmir. Ona görə də cəmiyyətin belə perspektivsiz, mənasız, məzmunsuz mitinqlərə heç bir ehtiyacı yoxdur".
Onun sözlərinə görə, piketdə o qədər köhnə, bayağı, düşüncəsiz fikirlər ifadə etməyə çalışıblar ki, bundan sonra ora heç kim getməyəcək: "Çünki, bunlar hər hansı bir alternativ təklif, münasibət, gələcək inkişafla bağlı söz yox, ancaq demoqoqiya ilə məşğuldurlar. Bazarda, çayxanada, avtobusda, yoldan keçənlərdən eşitdikləri sözləri, nağılları orada iştirak edənlərə danışırdılar. Həddindən artıq səviyyəsiz və cəmiyyət üçün heç bir əhəmiyyəti olmayan toplantı idi. Sadəcə olaraq, bunlar polislərin, digər insanların bazar günü vaxtlarını alırlar. Onların bundan başqa heç bir işləri yoxdur. Ömürləri boyu ancaq ziyan vurmaqla məşğul olublar. Vurduqları ziyanların biri də insanların vaxtını almaqdan ibarətdir".
S.Novruzov bildirib ki, Əli Kərimli cibini doldurmaq üçün bu aksiyaları intensivləşdirəcək: "Çünki, müxtəlif dairələrdən, xüsusilə erməni mənbələrindən aldığı vəsaitlər hesabına camaatı aldadaraq, beş-üç gənci yoldan çıxararaq toplantılar keçirir. Aldığı pulların hesabatını vermək üçün ora toplaşanların sayını artıq deməyə məcburdur. Amma hər kəs də gördü ki, ora cəmi 600-700 adam toplanmışdı. Aksiya təşkilatçıları görüntü olsun deyə insanlara "qabağa çəkilin", "geri gedin", "yandan gəlin içəri", "bayraqları qaldırın" kimi göstərişlər verirdilər. Halbuki bu kimi metodların artıq vaxtı keçib, işlənmiş variantlardır. Bu baxımdan, bu aksiya ölmüş bir təşkilatın, partiyanın keçirdiyi tədbirdir".
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə "Milli Şura və AXCP-nın bu mitinqləri keçirməkdə məqsədləri odur ki, desinlər ki, Azərbaycanda ən güclü yeganə müxalifət onlardır, çünki mitinq keçirirlər. Bu məqsəd isə mitinqlərin guya xalqın hansısa problemlərini həll etmək üçün keçirildiyi fikrini təkzib edir. Digər tərəfdən, Milli Şuranın, AXCP-nin keçirdiyi mitinqlər göstərir ki, cəmiyyətdə ən güclü yeganə müxalif qüvvə olmaları və xalqın onlara böyük dəstək nümayiş etdirdiyi barədə dedikləri də yanlışdır, onlar bu məqsədlərinə çatmırlar", - deyə bildirib.
Onun sözlərinə görə, demokratik mübarizənin əsas prinsiplərindən biri ardıcıllıqdır:"Mitinqlər o zaman effektli ola, artan tendensiya ilə inkişaf edə bilər ki, bu mitinqlərin arasındakı məsafə qısa olsun. Yəni mitinqlər arasındakı məsafə qısa olacaqsa, vətəndaşlar da mitinqlərə bir o qədər dəstək verəcək, mitinqlər bir o qədər də siyasi nəticələrə gətirib çıxaracaq. Sual ola bilər ki, nə üçün müxalifət mitinqləri intensiv keçirmir, bir ay keçirir, 3-4 ay sonra təkrar keçirir? Çünki bu mitinqlər sosial tələbat deyil. Sosial tələbat olsa, xalq gündə 3-4 dəfə mitinq keçirməyi tələb edər. Məsələn, 1996-2005-ci illərdə biz mitinqlər keçirirdik. O vaxtlar partiya üzvləri gündə 3-4 dəfə piket keçirmək istəyirdilər, camaat bunu tələb edirdi. Biz hər həftə mitinq keçirirdik və maraqlıdır ki, hər həftə də mitinqlərə yeni insanlar gəlirdilər. Amma indi tələb yoxdur, ona görə də indi mitinq iştirakçıları insanları ora gətirmək üçün uzun müddət hazırlıq aparmalıdırlar. Beləliklə, mitinqlərin arasında uzun müddət yaranır və bu uzun müddətdə də fəaliyyətdə tələb olunan intensivlik pozulduğuna görə getdikcə mitinqlərə həvəs də, maraq da azalacaq. Həm də mitinqlərdə nəticə olmadığına görə iştirakçıların sayı azalır".
"Onlar varlıqlarını hansısa yolla sübut etməlidirlər. Xarici qüvvələr belə onların zəifliyini görüb dəstəkləməkdən vaz keçmişdilər. Onların QHT-lərinin maliyyələşməsi işlərinin xeyli dayanmasına səbəb olub. Bunlar sübut etmək istəyirlər ki, "güc"dürlər. Ona görə də, hər dəfə cəhd edirlər ki, bəlkə gücü artıra bildilər, bəlkə çoxala bildilər, həmçinin, xaricdəkilərə təkliflər edə bildilər", - deyən Vəhdət Partiyasının (VP) sədri Tahir Kərimli bildirib ki, ancaq onların bu planı heç alınmır və ona görə də, mitinqə gələn təhlükəsizlik qüvvələri, maraq üçün üz tutanlar onların tərəfdaşlarından daha çox olurlar: "Bu da artıq, hər bir halda bunların yaşam tərzidir. Artıq bunlar üçün həyat amalına çevrilib. Ona görə də, düşünürəm ki, bu heç də adi bir şey deyil. Həm də ki, sadəcə olaraq, əsl müxalifət kimdir və ya gələcəkdə prezident seçkilərinə namizəd kim olmalıdır, başqasını, yəni, digərlərini sıradan çıxarmaq, özlərinin həqiqi müxalifət olduğunu sübut etmək, guya xalqı daha çox bunların istədiyini dilə gətirmək, xalqın çətinliklərini bunlar qaldıraraq sübut etmək və s. Amma bir şeyi başa düşmürlər ki, bunlar prezident seçkilərində həmin Milli Şura ideyası ilə ortaya çıxdılar. Ən güclü vaxtlarında populist şüarlar söylədilər və Milli Şura dağıldı getdi. Onlar indi nəyə nail olacaqlar ki? Çalışırlar ki, hər bir halda öz varlıqlarını qoruyub saxlasınlar".

Əli