ALDP AŞPA-nın qətnaməsini pisləyib Siyasət

ALDP AŞPA-nın qətnaməsini pisləyib

Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) Avropa Şurasının Parlament Assambleyasının “Ermənistan və Azərbaycan arasında münaqişənin humanitar nəticələri” adlı hesabatına dair Bəyanat qəbul edib. Bəyanatda deyilir:

ALDP hesab edir ki, Azərbaycana qarşı Avropa Şurasında qərəzli qətnamə qəbul olunub. AŞ PA hesabatında Azərbaycanın xoşməramlı təşəbbüsləri görmək istəmir və Ermənistanın qeyri-konstruktiv mövqeyini ört-basdır edir. AŞ PA-nın hesabatında qeyri-qanuni olaraq "Dağlıq Qarabağ" ifadəsindən istifadə edilir. Azərbaycan dəfələrlə bəyan edib ki, artıq "Dağlıq Qarabağ" adlı ərazi vahidi yoxdur və Prezident İlham Əliyev Qarabağ iqtisadi rayonun yaradılması ilə bağlı sərəncam imzalayıb. AŞ PA-nın "Dağlıq Qarabağ" ifadəsindən istifadə etməsi Azərbaycanın ərazi bütövlüyünə qarşıdır.

30 ilə yaxın bir müddət ərzində Azərbaycan əraziləri erməni işğalı altında olub, yüz minlərlə azaərbaycanlı öz doğma yurd-yuvalarından didərgin düşüb, minlərlə mülki şəxs, qadınlar, uşaqlar ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib. Nə AŞ PA, nə də ki, ATƏT-in səsi çıxmayıb. BMT-nin məlum qətnamələri kağız üzərində qalmışdı, Minsk qrupu 30 ilə yaxın müddət ərzində diplomatik turizm kimi münaqişəni dondurmaqla məşğul olub, münaqişənin həllində heç nəyə nail olmayıb.

ALDP hesab edir ki, AŞ PA-nın tövsiyə xarakterli qətnamələr və hesabatları regionda sülhə və əməkdaşlığa mane olur. Bundansa, yaxşı olardı ki, onlar Ermənistanı konstruktiv mövqeyə gətirsinlər.

Cavid