Hökumət parlamentə hesabat verdi Siyasət

Hökumət parlamentə hesabat verdi

Fazil Mustafa: "Elə məsələlər var ki, onlar pulla ölçülmür və həmin dəyərlər qiymətləndirilməyəndə narazılıqlar baş verir"
Hadı Rəcəbli: "Prezident sərəncam imzalayıb, amma nə agentlik yaranıb, nə də hökumətə əsasnamə verilib"
Siyavuş Hovruzov: "Təzə icra başçısı gələndə əvvəlkinin tikdiyi parkı söküb təzədən tikməyə başlayır, dövlətin vəsaitini havaya sovrur"

Dünən Milli Məclisinin yaz sessiyasının növbəti plenar iclası keçirilib. İclası açıq elan edən spiker Oqtay Əsədov Nazirlər Kabineti 2013-cü il üzrə parlamentə hesabatını təqdim edib.
Spiker qeyd edib ki, parlamentə təqdim olunan hesabatda ölkə başçısının həyata keçirtdiyi uğurlu siyasət geniş təhlil olunub, xarici təhdidlərə qarşı güclü müqavimət mexanizmi saxlanılıb. O bildirib ki, hesabatda prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi inkişafın bütün sahələrində baş verən müsbət dəyişikliklər, dövlət proqramlarının icrası vəziyyəti dolğun əks etdirilib.
Daha sonra baş nazir Artur Rasizadə Nazirlər Kabinetinin 2013-cü ildə fəaliyyəti haqqında hesabatı təqdim eib. İclasda hökumət üzvləri də iştirak ediblər.
Hesabatda qeyd edilib ki, iqtisadiyyatımız keçən ildə də xarici təsirlərə qarşı rəqabət qabiliyyətini qoruyub saxlaya bilib: "Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası sürətlə davam edir. Ölkə iqtisadiyyatında il ərzində əldə edilən ən uğurlu nəticə ÜDM istehsalında 5,8 faiz artımın əldə olunmasıdır. Dünya üzrə isə bu göstərici 2,1 faizdir. Eyni zamanda Azərbaycanda 2012-ci ildə inflasiya birrəqəmli səviyyədə saxlanılıb. Digər ən önəmli fakt isə istehlakımızın qeyri-neft sektorunda əldə edilən artımın 10 faizə çatmasıdır. Bunun nəticəsində həmin sektorun xüsusi çəkisi əvvəlki illə müqayisədə 3,1 faiz artaraq 56,6 faiz olub.
Hesabata görə, bu il ərzində Dövlət Neft Fondunun vəsaitləri 1,8 milyard dollara yaxın artaraq 36 milyard dollara çatıb.
Baş nazir bildirib ki, Azərbaycan 2013-cü ildə müdafiə xərclərinin maliyyələşdirilməsinə 3 milyard manat ayırıb. Baş naziri sözlərinə görə, Nazirlər Kabineti əvvəlki illərdə olduğu kimi, ölkənin hərbi gücünün artırılması, müdafiə qabiliyyətinin yüksəldilməsi, Hərbi Qüvvələrin ən müasir texnika və silahla təminatına prioritet istiqamət kimi xüsusi diqqət ayırıb: "Ordu quruculuğu üzrə işlərə müvafiq olaraq, hərbçilərin hərbi hazırlığının və peşəkarlığının artırılması, onların sosial müdafiəsinin gücləndirilməsi işləri də davam edib".
Hesabat ətrafında müzakirələr zamanı çıxış edən millət vəkili Fazil Mustafa bildirib ki, kiçik və orta sahibkarlara qarşı hökumət diqqətlə yanaşmalıdır: "Bəli, metroda ticarət olmamalıdır. Mən də razıyam ki, metronun çıxışı girişi təmiz və sərbəst olsun. Amma bir yanlış var. Azərbaycanda sahibkarlar adi bir nöqtəni belə, pulsuz əldə etmir. Təmirinə də kifayət qədər pul ödəyir. Bu vəsaiti qeyri-rəsmi ödəyir və bir gün göz açıb görürlər ki, bura sökülməlidir və heç kimin əlində də sənəd yoxdur. Pərakəndə satış yerlərində, "Sədərək", "Binə" kimi ticarət mərkəzlərində bu kimi problemlər çıxır. Vətəndaş həyatını obyekt üzərində qurur. Bir andaca onu itirir və bütün həyatı dəyişir. Deməyim odur ki, həmin vətəndaşlara bir-iki ay öncədən yerlər ayrılsın. Həmin şəxs dövlətin belində bir yükə çevrilir. Bu şəxslər hökumətdən necə razı qala bilər?" Millət vəkili deyib ki, bununla bağlı ciddi proqram işlənib hazırlanmalıdır: "Eynilə də "Sovetski"də müəyən tədbirlər görülməlidir. Vətəndaş uzun illər orada yaşayıb. Oralar çox pis vəziyyətdədir. Təbii ki, oralar sökülməlidir. Orada park salınmalı və gözəlləşdirilməlidir. Bunu kim bəyənmir ki? Amma vətəndaş yaşadığı yerdə haqqı çatır ki, onun yaşadığı yerdə kiçik bir ərazini söküb orada ev tikilsin. O, bu ərazidən köçmək istəmir. Onun babası orada yaşayıb, uşağı orada məktəbə gedib və orada işləyirlər. Niyə vətəndaşa bu qədər hörmətsiz yanaşılır? Dövlət onsuz da kvadratmetrinə görə ədalətli qiymət təklif edib. Amma elə məsələlər var ki, onlar pulla ölçülmür və həmin dəyərlər qiymətləndirilməyəndə narazılıqlar baş verir. Olmaz ki, həmin ərazidə çoxmərtəbəli binalar da tikilsin!? Orada qalan vətəndaşlar həmin binalara yerləşdirilsin. Adama lap ev də kirayə pulu da verdiniz. Amma insanın daimi yeri olmayanda isə narahatlıq yaradır.
Hesab edirəm ki, hökumətin bunu düzəltməsi lazımıdır. Bundan başqa, Səhiyyə Nazirlinə müraciət edərək bildirib ki, iş yerini dəyişməklə bağlı problemlər yaşanır. Dövlət məmurlarına və müəyyən kateqoriyalar bunu asanlaşdırılmalıdır. Bu prosesi çətinləşdirərək məmurları dövlətdən narazı salmaq olmaz".
YAP-çı deputat Mübariz Qurbanlının fikrincə, 2013-cü il Azərbaycan üçün uğurlu illərdən biri olub: "Bu ilə siyasi-iqtisadi baxımdan yekun vurmaq istəsək, görərik ki, göstəricilərimiz yüksəkdir. Dünya ölkələrinin iqtisadi inkişafında 2013-cü ildə ümumi daxili məhsul artımına görə Azərbaycan yenə də kifayət qədər önəmli yerlərdən birini tutur. Ötən il ayrı-ayrı bölgələrdə gedən iqtisadi böhran təbii ki, dünya iqtisadi sisteminə təsir göstərdi. Bütün bunlara baxmayaraq, Azərbaycan hökumətinin və rəhbərliyinin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın büdcəsində nəzərdə tutduğumuz heç bir sahə ilə bağlı geriləmə baş verməyib. Xüsusilə geniş quruculuq-abadlıq işləri aparılıb. Bütün bunlar əhalinin rifah halının yaxşılaşmasına səbəb olub".
Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli isə bildirib ki, sosial sahədə islahat aparmaq digər sahələrdə aparılan islahatlardan qat-qat çətindir. O, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində də islahatların davam etdiyini bildirib: "Ölkədə təbii artım çoxdur, uşaq ölümünün sayı azalıb. Səhiyyəyə büdcədən ayrılan vəsait 669 milyon manatdır. Tibbi sığorta ilə bağlı qanun 1999-cu ildə qəbul olunub. Amma başıbəlalı qanun hələ də icra olunmur. 2007-ci il dekabrın 20-də möhtərəm prezidentimiz sərəncam imzalayıb. Bu sərəncamla bağlı xüsusi agentlik yaranmalı idi. Amma hələ də heç bir iş görülməyib. Nə agentlik yaranıb, nə də hökumətə əsasnamə verilib. Əgər bu qanun qəbul olunubsa, deməli icra olunmalıdır. Kimdən soruşursan deyir ki, ağır məsələdir. Hansı məsələmiz ağır deyil ki? Məgər yol çəkmək ağır deyil, körpü salmaq ağır deyil? Başqa görülən işlər ağır deyil? Ölkə başçısı bir neçə ildir ki, büdcədən tibbi sığortanın tətbiqinə vəsait ayırır. Hökumət tibbi sığortanın tətbiqinə nail olmalıdır".
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov icra hakimiyyətləri başçılarından şikayətlənib. O bildirib ki, bir icra başçısı başqası ilə əvəzlənəndə əvvəlki başçının tikdiyi parkı söküb təzədən tikməyə başlayır: "Dövlətin külli miqdarda vəsaiti gedir. Bir küçə bərbad gündədir, onu təmir etmir, təmir olunan parkı söküb yenidən qurur. Tikmək istəyirsən yenisini tik. İcra başçıları dövlətin vəsaitini havaya sovurmamalıdır".
Deputat Maliyyə Nazirliyini bu cür halları nəzarət altında saxlamağa çağırıb. S. Novruzov qeyd edib ki, Amerikada sunami olanda dövlət heç kimə ev tikmir, əvəzində sığortasının olub-olmaması ilə maraqlanır: "Ancaq "Sahil" metrosunun üstündə böyük ticarət mərkəzi yandı, kifayət qədər insan ziyan çəkdi, lakin heç kimin sığortası yoxdur. Düzdür, hökumətimiz Kürdən ziyan çəkənlərə görmədikləri mənzillər tikib verdi, Zaqatala zəlzələsindən sonra evlər tikildi. Ancaq sığorta olsa, belə problem yaranmazdı".
S. Novruzov onu da əlavə edib ki, bu gün Azərbaycan hətta corabı, "mayka"nı da ya İran, ya da Çindən alır: "Azərbaycanın imkanı var ki, yun, pambıq və dəri sənayesini inkişaf etdirsin, həm iş yerləri açılsın, həm də öz hesabına vətəndaşlarını təmin etsin".
S. Novruzov "havada qalan" - sənədsiz evlərdən də danışıb. O bildirib ki, bu məsələyə ciddi nəzarət olmalıdır. Deputat ön cəbhədə olan zabitlərin təminatı səviyyəsini yüksəltməyə də çağırıb: "Elə insan var 5-6 ildir ön cəbhədə xidmət göstərir. Onun digərindən fərqi olmalıdır".
"Azərbaycanda iqtisadi artım hər il ən azı 8 faiz olmalıdır. Buna nail olmaq üçün ən yaxşı yollardan biri regionların potensialını hərəkətə gətirməkdir". Bunu isə iqtisadçı deputat Əli Məsimli hökumətin hesabatına münasibət bildirərkən deyib.
O qeyd edib ki, ölkə üzrə ümumi inkişaf müsbət olsa da, regionlar haqqında bunu demək çətindir: "Mən Şəkinin timsalında deyə bilərəm ki, ümumi daxili məhsulun adambaşına düşən həddi 1900 manatdan aşağı olub ki, bu da çox aşağı göstəricidir. Ölkədə yüngül sənaye və yeyinti sənayesi inkişaf etdirilməlidir. Bunun üçün regionlarda kifayət qədər potensial var".
Hökumətin ümumi fəaliyyətini müsbət qiymətləndirdiyini deyən Məsimli ayrı-ayrı qurumların fəaliyyətini tənqid edib: "Yenə Şəkinin timsalında deyəcəm. Şəkidə yolların asfaltlaşdırılır, məktəblər tikilir. Ötən il rayonda 7 məktəb təmir edilib və tikilib. 4 bağça təmir edilib. Elə göstəricilər var ki, Bakıdan da yüksəkdir. Amma bəzi sahələrdə fəaliyyət qeyri-məqbuldur. Mən Şəki kəndlərinin qazlaşdırılması məsələsini qaldırmışdım. "Azəriqaz" söz verdi ki, Şəkinin 50 kəndi qazlaşdırılacaq. Amma bunun cəmi 6 faizi yerinə yetirilib. Bu gün Şəkinin qazlaşdırılması Azərbaycanın qazlaşdırılmasından 3 dəfə aşağıdır. Nə üçün "Azəriqaz" verdiyi sözə əməl etmir? Mən bilmək istəyirəm ki, vəsait ayrılıb, yerinə yetirilməyib, yoxsa vəsait ümumiyyətlə ayrılmayıb?"
Məsimli əlavə edib ki, ölkədə 2 milyona yaxın insan mənzil problemindən əziyyət çəkir: "Bu problemi həll etmək üçün ipoteka vermək azdır, həm də xüsusi xalq evləri tikilməlidir".
Deputat Musa Qasımlı isə bildirib ki, bəzən xaricdə təhsil alanlar ölkəyə gələndə dövlətə tamam fərqli münasibət bəsləyirlər: "Xaricdə təhsil almaq önəmli olsa da, bu sahədə neqativ hallar var. Yaxşı olar ki, tələbələrimiz bakalavr təhsilini ölkəmizdə, magistraturanı xaricdə oxusunlar. Bununla da elmimiz xaricdə daha yaxşı formada çıxar".
Millət vəkili bildirib ki, vətəndaşın istənilən ölkədə təhsil almaq hüququ var və bunu qadağan etmək olmaz. Lakin alternativ qaydalar haqqında düşünməyə dəyər. Bu baxımdan o, maliyyə, texniki və kadr çətinliklərinə baxmayaraq, Şirvan, Şamaxı, yaxud Qubada, həmçinin Mingəçevir və ya Qazaxda universitetlərin açılmasını faydalı hesab edib: "Dağıstan və Gürcüstanda xeyli sayda azərbaycanlıların olduğunu nəzərə alsaq, bu universitetlərin daha çox faydası olar. Artıq bunun zamanı gəlib çatıb".
Deputat Vahid Əhmədov deyib ki, ölkədə iş yerləri problemi var: "Xüsusilə kənd yerlərində işsizlik yüksək həddədir. Təklif edirəm ki, yeni müəssisələrin açılması prosesi daha çox kəndlərdə aparılsın".
Deputat Zahid Oruc Milli müzakirələr zamanı çıxışında Bakı metrosunun keçmiş rəhbəri Tağı Əhmədovdan söz açıb: "Bu gün vəzifəsindən azad olunan məmurlarla bağlı mənfi rəylər yaradılır. Mən başa düşürəm ki, bəzi məmurlar həqiqətən də yarıtmaz fəaliyyəti ilə yadda qalıb. Bunun nəticəsində də cənab prezident öz komandasını yeniləyib. Amma bəziləri ilə bağlı bu, düzgün edilmir. Bu günlərdə Tağı Əhmədov metropoliten rəhbəri postundan azad olundu. Ondan sonra metro keçidlərindən ticarətin yığışdırılmasını, bəzi ticarət mərkəzlərində yanğınların baş verməsini onun üzərinə yıxmağa çalışdılar. Axı Kəbirə Məmmədovanın "Binə" ticarət mərkəzində etdikləri ilə bunu eyniləşdirmək lazım deyil. Tağı Əhmədovun işi vaqonlarla idi, ticarətlə yox".