“Bu, məqsədyönlü kampaniyadır” Siyasət

“Bu, məqsədyönlü kampaniyadır”

Fuad Muradov: "ABŞ Dövlət Departamenti tərəfindən Azərbaycana qarşı hücumlar yolverilməzdir"

"ABŞ Dövlət Departamenti tərəfindən Azərbaycana qarşı hücumlar əsassız və yolverilməzdir". Bunu "Trend"ə açıqlamasında Milli Məclisin üzvü Fuad Muradov antiazərbaycan kampaniyasının ABŞ dövlət katibi Con Kerrinin ofisindən idarə olunması ilə bağlı əldə olunan sənədləri şərh edərkən bildirib: "Təəssüf ki, biz ABŞ dövlət katibi Con Kerrinin Azərbaycana qarşı spesifik münasibətini çoxdan hiss edirik və onun ofisi tərəfindən aparılan antiazərbaycan kampaniyası da bunu bir daha təsdiqləyir", - deyə deputat qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanın getdikcə daha güclü və müstəqil olması bəzi dairələrdə qısqanclığa səbəb olur: "Biz bunu ABŞ Dövlət Departamenti ilə əlaqəsi olan bir sıra beynəlxalq QHT-lərin bəyanatlarında da görürük".
F.Muradov vurğulayıb ki, bu təşkilatlar özlərinin hesabatlarında Azərbaycanı tənqidə məruz qoyur, amma nədənsə, Ermənistanın təcavüzü nəticəsində doğma torpaqlarından didərgin salınmış 1 milyon qaçqını, hazırda ermənilərin girov saxladığı Dilqəm Əsgərov və Şahbaz Quliyevi unudurlar.
"Bütün bu məqamlar beynəlxalq təşkilatların hesabatlarında əks olunmur, biz ancaq Azərbaycanın ünvanına qeyri-sağlam tənqidlər, ittihamlar eşidirik. Düşünürəm ki, bu, məqsədyönlü kampaniyadır", – deyə F.Muradov vurğulayıb.
Onun sözlərinə görə, yuxarıda sadalananlardan belə qənaətə gəlmək olar ki, bütün addımlar Azərbaycanın müstəqil siyasət yeritməsinin qarşısını almağa, ölkəmizi bir sıra dövlətlərin forpostuna çevirməyə yönəlib.
"Bu, heç vaxt baş verməyəcək. Bu gün dövlət başçısı müstəqil siyasət yeridir və ölkə öz yolundan imtina etmək niyyətində deyil. Yuxarıda qeyd olunan yanaşma növü isə Azərbaycan-Amerika münasibətlərinə zərbə vurur. Və mən çox ümid edirəm ki, Obama administrasiyası buna ciddi yanaşacaq, ABŞ-ın Azərbaycandakı səfiri isə məsələyə öz qiymətini verəcək", - deyə deputat əlavə edib.