Vüqar Rəhimzadə: Türkiyə və Azərbaycan bütün dünyada prinsipial, düşünülmüş siyasət yürüdən ölkələr kimi tanınır Siyasət

Vüqar Rəhimzadə: Türkiyə və Azərbaycan bütün dünyada prinsipial, düşünülmüş siyasət yürüdən ölkələr kimi tanınır

Möhkəm təmələ, ən əsası, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan münasibətlər daim yüksələn xətlə inkişaf edir, yeni-yeni prioritetlərin müəyyənləşdirilməsinə stimul olur. Bu gün dünyaya nümunə olan Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı məhz bu prinsiplərə əsaslanır. Artıq bu əlaqələr müttəfiqlik səviyyəsinə yüksəlib. Bu müttəfiqlik sənədinə şahidlik edən Qarabağın tacı, musiqi beşiyimiz Şuşa oldu. Bu ilin 15 iyununda - Milli Qurtuluş Günündə bu unikal şəhərdə Türkiyə və Azərbaycan bayraqlarının yan-yana dalğalanması fonunda dünyaya ünvanlanan birlik, həmrəylik, qardaşlıq mesajı olan Şuşa Bəyannaməsində öz əksini tapmışdır. Bu sənəd iki dost ölkənin münasibətlərində yeni mərhələnin əsası oldu. Dövlətimizin başçısı İlham Əliyev Zəngilanın Ağalı kəndində mətbuata bəyanatında da bu məqama, bu tarixi hadisəyə xüsusi diqqət yönəldərək bildirdi ki, Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi tarixi sənəddir. Bu Bəyannamə bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad edilmiş torpaqlarımıza ikinci səfərini hazırda bütün dünyanın diqqətində olan mühüm siyasi hadisə kimi qiymətləndirən V.Rəhimzadə deyib: “Bu səfər bir daha göstərir ki, 44 günlük İkinci Qarabağ müharibəsində qardaş Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstəyi ilə tarixi Qələbəmizə əldə olunmasına necə nail olduqsa, bu gün də Prezident Rəcəb Tayyib Ərdoğan işğaldan azad edilmiş ərazilərimizə səfəri ilə soydaşlarımızın Böyük Qayıdışına yönələn addımların reallaşmasına öz töhfələrini vermək istəyini nümayiş etdirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün regional məsələlərdə, hətta dünya miqyasında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib. Türkiyə Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə artıq dünya çapında böyük gücə çevrilib və heç kim Türkiyəyə öz iradəsini diktə edə bilməz. Öz milli ləyaqətini, xalqının, dövlətinin maraqlarını, qürurunu qoruyan və müdafiə edən Lider bu gün Azərbaycandadır, Zəngilandadır, Ağalıdadır. Bütün türk dünyası üçün Rəcəb Tayyib Ərdoğan faktoru ən önəmli amillərdən biridir”.
“Qardaş ölkənin Prezidentinin səfəri Azərbaycan-Türkiyə sarsılmaz birliyinin əyani təzahürü, dövlətlərimiz arasında dostluğun, əməkdaşlığın regional və dünya miqyasında önəmli amilə çevrilməsinin göstəricisidir”, – deyən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, dünyada dil və etnik baxımdan bir-birinə yaxın ölkələrin çoxluğu fonunda Azərbaycan-Türkiyə birliyi nümunəvi xarakter daşıyır. Prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın dostluğu və liderliyi yalnız iki ölkənin münasibətlərində deyil, regionda və dünyada cərəyan edən proseslərə təsirində də özünü göstərir. Hər iki lider öz əməli fəaliyyətləri ilə milli maraqları hər şeydən üstün tutduqlarını və qətiyyətlə qoruduqlarını nümayiş etdirirlər. Bu gün öz liderlərinin sayəsində Türkiyə və Azərbaycan böyük uğurlar qazanır, bütün dünyada prinsipial, cəsarətli, düşünülmüş siyasət yürüdən ölkələr kimi tanınır və qəbul edilirlər.
YAP Xətai rayon təşkilatının sədri diqqəti Azərbaycanın gələn ay Türk Şurasında sədrliyini Türkiyəyə təhvil verəcəyinə yönəldərək bildirib ki, iki qardaş ölkənin birgə səyləri nəticəsində reallığa çevrilən layihələr, irəli sürülən təşəbbüslər bütün türk dünyasının birliyinə, həmrəyliyinə xidmət edir. Buna əmin olmaq üçün təkcə son illər dünyanı cənginə almış koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə başlandığı vaxtlarda Azərbaycanın dünyaya etdiyi birlik, həmrəylik çağırışlarına diqqət yetirmək kifayətdir. Bu təşəbbüslər beynəlxalq dəstək qazanaraq reallığa çevrildi. Belə ki, öncə türk dünyasının birliyinə, həmrəyliyinə nail olmaq üçün Türk Şurasının Zirvə görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış edib onu reallığa çevirən Azərbaycan daha sonra dünyanı bir araya gətirdi. Ölkəmizin Türk Şurasında fəaliyyəti, ən əsası bu təşkilata sədrliyi dövründə atdığı addımlar daim təqdir olunub. Sədrliyin Türkiyə kimi qüdrətli, beynəlxalq hüququ və ədaləti müdafiə edən bir dövlətə təhvil verilməsi təbii ki, hədəflərin reallığa çevrilməsinə böyük dəstəkdir. Beynəlxalq hüququn zamana və məkana görə tətbiq olunduğu, dünyanın əksər ölkələri arasında etimad mühitinin qorunmadığı bir zamanda Azərbaycan - Türkiyə birliyinin yüksələn xətlə inkişafı, həmçinin Türk Şurasına sədrliyin iki qardaş ölkədən bir - birinə təhvil verilməsi olduqca əhəmiyyətlidir. Dövlət başçısı İlham Əliyev bu əminliyi ifadə edir ki, Türkiyə əziz qardaşımın rəhbərliyi ilə Şuraya uğurlu sədrlik edəcək. Türk dövlətləri arasındakı əməkdaşlıq və qardaşlıq əlaqələri daha da güclənəcək, beləliklə, bütün türk dünyası üçün yeni imkanlar açılacaq.
Vüqar Rəhimzadə diqqəti həyata keçirilən müstəqil və qətiyyətli siyasət nəticəsində Türkiyənin qlobal güc amilinə çevrilməsinə, Türkiyə Prezidentinin BMT-də ikili standartı tənqid edərkən söylədiyi “Dünya 5-dən böyükdür” fikrinə yönəldərək Azərbaycan ərazilərinin 30 illik işğal dövründə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu həmsədrlərinin, ən əsası, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçünün Ermənistana havadarlığının sonda hansı vəziyyətə gətirib çıxarmasından bəhs edib. O deyib: “30 il imitasiya naminə danışıqlara dəstək olmaq münaqişənin həlli prosesinin uzanması ilə Ermənistanın yeni ərazilər uğrunda müharibə planlarına yol açdı. Ermənistan silahlı qüvvələrinin ötən ilin sentyabrın 27-də müxtəlif istiqamətlərdən hücumlarının qarşısını almaq üçün Zəfər yürüşünə başlayan Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində tarixi Qələbəyə imza atdı. Hadisələr bir daha bu reallığı təsdiqlədi ki, beynəlxalq münasibətlərdə güc və hüquq əsas amildir. Azərbaycanın gücü, qüdrəti, ən əsası müstəqil siyasəti hər bir uğurunun əsasıdır. İstər Azərbaycanın, istərsə də qardaş Türkiyənin timsalında bu fikri xüsusi qeyd edə bilərik ki, dünya həqiqətən də beşdən böyükdür”.