“Ermənistan öz dövlətçiliyinin xilası üçün sülhə imza atmalıdır”-Aydın Hüseynov Siyasət

“Ermənistan öz dövlətçiliyinin xilası üçün sülhə imza atmalıdır”-Aydın Hüseynov

“Fevralnn 22-də Ermənistanda “Şuşa Bəyannaməsi”ni müzakirə etmək istəyirlər. Bəllidir ki, rəsmi İrəvan müəyyən addımlarla “Şuşa Bəyannaməsi”nə kölgə salmağa çalışır.Əlbəttə, Ermənistanın bu istiqamətdəki cəhdlərinin heç bir mənası yoxdur”. Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında millət vəkili Aydın Hüseynov deyib. A.Hüseynov diqqətə çatdırıb ki, bütün dünyaya da bəllidir ki, Türkiyə ilə Azərbaycan arasında bağlanan bu müqavilə üçüncü dövlətə təhdid yaratmır: “Bu Türkiyə-Azərbaycan arasında olan iqtisadi, siyasi və hərbi münasibətləri tənzimləyir. “Şuşa Bəyannaməsi” yalnız iki ölkə arasındakı müttəfiqlik münasibətlərinin bir nümunəsidir”.

Millət vəkili əlavə edib ki, həm Türkiyə, həm də Azərbaycan daim beynəlxalq hüquqa söykənib və dünyada sülhpərvər siyasət yürüdüblər: “Ona görə də Türkiyə ilə Azərbaycan arasında olan qardaşlıq münasibətlərinin inkişafı dünyada sülhün, ədalətin bərqərar olmasına xidmət edir. 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan bölgədə yeni geosiyasi reallıqlar yaradıb. Artıq regionda yeni yanaşmalar var. Türkiyə ilə Azərbaycan 3+3 formatını irəli sürüblər. Bu platformada Ermənistanın da iştirakı nəzərdə tutulur. Həm Azərbaycan, həm də Türkiyə onlara sülh müqaviləsi imzalamaları üçün mövqelərini açıqlayıblar. İrəvan isə məğlubiyyətdən nəticə çıxarmaq əvəzinə, növbəti dəfə beynəlxalq hüquqa zidd hərəkətlərə yol verir. Bu da təbii ki, Ermənistanın növbəti dəfə dünyada nüfuzdan düşməsi ilə nəticələnəcək”.

Aydın Hüseynov qeyd edib ki, Ermənistan reallıqları görməli, onu uçuruma aparan revanşist fikirlərdən əl çəkməli və öz dövlətçiliyinin xilası üçün sülhə imza atmalı, regional layihələrə qoşulmalıdır: “Ermənistan 30 illik işğal, müharibə və terror siyasətinin nəticələrini yaşadı. İrəvan real mənzərəyə adekvat siyasət yürütməsə, beynəlxalq hüquqa hörmət etməsə təcrid olunacaq və özünü daha çətin duruma salacaq. Bu isə Ermənistanın dövlət kimi mövcudluğunu sual altına düşürəcək. Hesab edirəm ki, Ermənistan və erməni lobbisi Azərbaycana qarşı uzun illər apardığı və fiasko ilə nəticələnən düşmənçilik siyasətindən əl çəkməli ilk növbədə öz xilası üçün real addımlar atmalıdır”.

Əli Z​ülfüqaroğlu