“Narazılıqlara zəmin yaradan şəxslər öz layiqli cəzalarını alacaq” Siyasət

“Narazılıqlara zəmin yaradan şəxslər öz layiqli cəzalarını alacaq”

...Müxalifətin uzun müddətdir ki, sükuta qərq olan radikal “lələyi”nin virtual və gerçək “tükcük”ləri, okeanın o tayından Gürcüstan vasitəsilə ötürülən vəsaitlə “yağlandıqdan” sonra, nəhayət ki, üzərilərinə qoyulan öhdəliklərin klassik ssenari üzrə ilk səhnəsini nümayiş etdirdilər. Üslub dəyişməyib. Hər zaman olduğu kimi, yaradıcılıqdan əsər-əlamət yoxdur. Hay-küy, saçyoldu və aşağı ətrafın örtüklərini yuxarı qaldırıb, göyü yumruqlamaqdan başqa.

Təxminən 2 aya yaxındır ki, ölkəmizin araşdırmaçıları tərəfindən ABŞ-ın Milli Demokratiya İnstitutunun (National Democratic İnstitute - NDİ), Milli Demokratiya Fondunun (National Endowment for Democracy - NED) və digər qlobal hibrid informasiya müharibəsi oyunçularının Azərbaycan əleyhinə yeni layihələrini işə salacağı, bu məqsədlə ənənəvi nüfuz müvəkkilləri ilə yanaşı, şəbəkənin yeni virtual və real təsir agentlərinə külli miqdarda vəsaitin ayrıldığı barədə, konkret faktlara söykənən məlumatları açıqlayır və prosesin hansı istiqamətlərdə inkişaf edə biləcəyi barədə ehtimallarını irəli sürürlər.

Bu baxımdan, əksər həmkarlarım kimi, gözləntilərimin özünü tamamilə doğrultuğunu iddia edə bilərəm. Bir neçə müddət öncə prosesin ənənəvi metodlar əsasında - səhnələşdirilmiş sosial problemlər, şişirdilmiş neqativ hadisələr üzərindən həyata keçirilən bəhanəyaratma səhnəciklərindən başlayacağını yazmışdım. Həm də “yeni obrazlar”ın iştirakı ilə...

Kimin nə düşünəcəyindən asılı olmayaraq, bu gün Bakının mərkəzi küçələrindən birinin şüarlarla bəzədilmiş yük maşınlarıyla qapadılmasını təsadüfi hal saymıram.
Qazaxıstanda baş verən qarşıdurmalar zamanı da eyni mexanizmlərdən istifadə olunmuş və üzərilərinə şüarlar yazılmış yük avtomobilləri Alma-Atı da daxil olmaqla bir sıra şəhərlərdə mərkəzi yolları qapayaraq, nəqliyyatın hərəkətini iflic etmişdilər. Eyni mexanizmlərin daha öncə Tunisdə, Əlcazairdə, Misirdə, Liviyada və “rəngli inqilab” ssenarilərinin həyata keçirildiyi ölkələrdə işə salındığını nəzərə alsaq, fevralın 17-də Bakının mərkəzində TIR-ların iştirakı ilə gerçəkləşdirilən aksiyanın, icraçılarının təxribata çəkilməsi yolu ilə nəbz yoxlanılmasına xidmət etdiyi ehtimalının da nəzərə alınmasını vacib sayıram və hesab edirəm ki, baş verənlər ciddi şəkildə araşdırılmalıdır.

Araşdırılır da...

Ola bilsin ki, hadisənin gerçək səbəbləri, həqiqətən də hansısa neqativ haldan, yaxud hallardan qaynaqlanır. Və şübhə etmirəm ki, belə halların baş verməsinə, narazılıqlara zəmin yaradan şəxslər də öz layiqli cəzalarını alacaqlar.

Bütün bunlarla yanaşı, qrant havasına yağışdan sonra çıxan göbələklər kimi artan qondarma hüquq müdafiəçilərinin, baş verənlər ətrafında sistemli və kordinə olunmuş bir şəkildə ajiotaj yaratmağa cəhd göstərənlərin xüsusi canfəşanlıq cəhdlərinin hansısa mərkəzdən qaynaqlandığını, yaxud idarə olunduğunu düşünürəm.

Əli Kərimli və ətrafındakı özünəbənzərlər ən yaxşı halda trolbaşı missiyasını yerinə yetirə bilərlər. “Balığın başı” isə başqa yerdədir və iylənməkdə davam edir.

Qeyd edim ki, virtual və gerçək şou səhnələrini icra edənlərin arasında NDİ və NED-in ayırdığı vəsaitlərin bir hissəsini Gürcüstanda nağdlaşdıraraq geriyə dönənlər və “təyinatı” üzrə pay-püş edənlər də var. Hazırda bu vəsaitlərin silinməsi prosesi gedir və hadisələrin şər qarışandan sonra körüklənməsinə cəhdin təməlində də, çox güman ki, bu amil dayanır. Tələb imperativ şəkildə qoyulub.

Ermənilər tərəfindən istiqamətləndirilən və stimullaşdırılan anti-Azərbaycan şəbəkəsi iş başındadır. Bir müddət öncə şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçıları üzərindən həyata keçirmək istədikləri və iflasa uğrayan təxribatlarının yönünü, mötivlərini dəyişərək təkrarlamağa çalışırlar.

Məqsəd isə aydındır: Azərbaycanı öz hədəflərindən yayındırmaq, ölkədə həyata keçirilən islahatların, işğaldan azad edilmiş ərazilərimizdə gerçəkləşdirilən quruculuq, bərpa işlərinin, regional və subregional əhəmiyyətli layihələrin icrasının mümkün qədər ləngidilməsinə nail olmaq...

Mövcud şəraitdə sıradan bir hadisənin “sosial partlayış” elementi kimi təqdim edilməsinin təməlində də dişlərini milli birliyimizə, həmrəyliyimizə, milli iradəmizə qıcayan erməni yanlısı mərkəzlərin mənfur niyyətləri dayanır. 44 günlük Vətən müharibəsini, Azərbaycanın ərazi bütövlüyü uğrunda müqəddəs savaşımızı gözdən salmağa çalışanlar isə, təəssüf ki, Qarabağın dirçəldilməsinə xidmət edən layihələrdə yox, Azərbaycana və onun ayrılmaz bir parçası olan Qarabağa qarşı həyata keçirilən layihələrdə yer almağı məqbul hesab edirlər.

Düşmənin yanında yer alan isə, dost deyil, bizdən isə heç deyil...

Elçin Mirzəbəyli