Ordum varsa, yurdum var Layihə

Ordum varsa, yurdum var

26 İyun - Azərbaycan dövlətinin və xalqının gücünü bütün dünyaya göstərən Silahlı Qüvvələrimizin günüdür. Bu gün cəmi 44 günlük hərbi əməliyyatları ilə işğalçı Ermənistanı diz çökdürənlərin günüdür, bu gün düşmənə bütün müstəvilərdə unudulmaz dərs verib, təslimçi sülhə məcbur edənlərin günüdür, bu gün tarixi ədaləti bərpa edib, Azərbaycanı bütövləşdirən, xalqına əvəzsiz qələbə sevinci yaşadıb, qüdrəti ilə sucayəti ilə Qarabağı azad edənlərin Günüdür.

Xatırladaq ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasından 104 il ötüb. Məhz 104 il öncə, 1918-ci ilin iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə Xalq Cümhuriyyətinin ilk müstəqil ordusu yarandı.

Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə "Vəhşi diviziya" ("Дикая дивизия") adlanan keçmiş Tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan korpusu" yaradıldı.

Ümummilli Lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə 26 iyun tarixi Silahlı Qüvvələr günü elan edilib.

Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov “Xalq Cəbhəsi”nə deyib ki, 30 il davam edən işğal dönəmində Ordu günlərində əsgər və zabitlərimizi təbrik etməyimizlə 44 günlük Vətən Müharibəsində möhtəşəm Zəfər tarixi yazan qalib Ordunu təbrik etmək tamamilə fərqli məqamlar, fərqli hisslərdir. 104 yaşlı qocaman Ordumuzu qalib xalqın övladları kimi təbrik etməyimiz içimizi fəxr və fərəh hissi ilə doldurur. Nə qədər xoş və qürurlu anlar yaşayırıq. Şükürlər olsun ki, artıq iki ildir ki, biz 26 iyun - Silahlı Qüvvələr Gününü qalib Ordusu ilə qürurlanan qəhrəman xalq kimi qeyd edirik: “Ordu mənim üçün müqəddəs məqamdır. Həm qazi kimi, həm də ehtiyatda olan zabit kimi ordu mənim həyatımın içindən keçib, ömrümün ən gözəl, ən qaynar illərini Ordumuza həsr etmişəm. Bu gün siyasi sferada olsam da, ancaq Ordumuzla təmaslarım davam edir. İnşAllah yaxın gələcəkdə əsgər atası olmağın sevincini yaşamaq da nəsibimiz olar. Ordumuz üçün layiqli əsgərlər yetişdirmək hər birimizin vətəndaşlıq borcumuzdur.

Mən fürsətdən istifadə edib Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi heyyətini Ordu bayramımız münasibətilə təbrik edir, hazırda xidmətdə olan bütün əsgərlərimizin hərbi xidmətlərini sağ-salamat və şərəflə başa vurub evlərinə, əzizlərinin yanına qayıtmalarını arzulayıram. Ali Baş Komandanımız İlham Əliyevə, bütün əsgər və zabitlərimizə, qazilərimizə partiya üzvlərimizin təşəkkürlərini bildirirəm.

Ordumuz varsa, Yurdumuz var! Allah Müzəffər Ordumuzu qorusun! Vətənimizin azadlığı uğrunda, ərazi bütövlüyümüz uğrunda şəhid olan igid övladlarımızın ruhları şad olsun!”

ADAU-nun müəllimi Aytəkin Bağırova da bu bayram münasibətilə sevincini bölüşüb. Deyib ki, Azərbaycan xalqı Silahlı Qüvvələr gününü böyük sevinc və qürur hissi ilə qeyd edir. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu xalqımızın qəhrəmanlıq tarixinə yeni parlaq səhifələr yazdı. Bu müqəddəs amal urğunda canını fəda etmiş bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə sağlam uzun ömür arzu edirik: “Müzəffər Ali Baş Komandan, Qalib Azərbaycanın qalib oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və onun rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusuna bu sevinci və bu fəxarəti bizlərə yaşatdıqları üçün sonsuz minnətdarlıq hissi ilə çıxış edərək ürəkdən təbrik edirik”.

Ekspert Əkrəm Bəydəmirli isə deyib ki, dünyada istiqlalı, ərazi bütövlüyü uğrunda döyüşən xalqlara hər zaman hörmət olunur. Məqami gələndə elə millətlərin nümayəndələri öz keçmişləri ilə qürur duyurlar. Təbii ki, millət olaraq bizim keçmiş və çağdaş tariximizdə fəxarətlə qeyd ediləsi məqamlar az deyil. Tarixə nəzər salanda görərik ki, azərbaycanlılarda döyüşkənlik, mübarizə ruhu hər zaman olub: “Biz hər zaman arzusunda olmuşuq ki, Ordumuz elitar, ən hörmətli, ən möhtəşəm sistem kimi formalaşsın. Azərbaycannın möhtəşəm tarixini Azərbaycan əsgəri yazsın. Bu gün şüküranlıqla qeyd edirik ki, Ordumuz bu missiyanı şərəflə yerinə yetirdi. Xeyirlə şərin mübarizəsində qalib gəldi. Azərbaycan əsgəri tək torpaqlarımızı düşməndan azad etmədi, həmçinin xarici diplomatların, məkrli qüvvələrin üzücü sülh nəğməsini dinləmək əzabından bizi xilas etdi. Eşq olsun Azərbaycan Ordusuna!

Azərbaycan Silahlı Qüvvələr günü münasibətilə Müzəffər Ali Baş Komandan İlham Əliyevi, bütün hərbçilərimizi, bu müqəddəs yolda zəhməti olan hər kəsi təbrik edirəm!

Çox qəddar düşmən üzərində qazandığımız tarixi Zəfərə, son 200 illik işğala son qoyub, bizə qələbə sevincini yaşatdığına, millət olaraq bizi bütövləşdirdiyinə görə, Şəhidlərimizə hər zaman borcluyuq və ehtiramla qəhrəmanlarımızı anırıq.

Əziz qaraşlarımız, Siz qalib gəldiniz! Qazandığınız qələbəni Azərbaycana halal edin! Sizin misilsiz qəhrəmanlığınız hesabına beli bükülmüş ruhumuza rahatlıq gəldi. Azərbaycanın tək torpağı deyil, həm də qüruru özünə qayıtdı”.

Politoloq Məhəmməd Əsədullazadə isə qeyd edib ki, 26 İyun qalıb Azərbaycan ordusunun günüdür. Azərbaycan silahlı qüvvələri öž döyüş qabiliyyətini İkinci Qarabağ müharibəsində göstərərək dünyanin döyüşkən və güclü olduğunu ortaya qoydu: “Qeyd edim ki, 30 il ərzində bizə Ermənistan "ordusu mifini" Azərbaycan ordusu 44 gündə diz çökdürdü və aydın oldu ki, ermənilərin bu illər ərzində öyündüyü ordu aciz və müasir döyüş qabiliyyətinə malik deyillər. Çünki Rus ordusu 30 il ərzində bizi Qarabağ məsələsində təhdid edib. Azərbaycan ordusunun şəxsi heyətinin döyüş qabiliyyəti bütün parametrlərlə erməni ordusundan güclüdür”.

Politoloq Mirsamir Məmmədovun fikrincə, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyət başına qayıdışından sonra hər sahədə olduğu kimi, ordu sahəsində də geniş və xüsusi islahatlar aparılmağa başlandı. Ordu quruculuğuna xüsusi əhəmiyyət verən Heydər Əliyev nizami və qüdrətli ordu yaradılmasına nail oldu: “2003-cü ildə cənab İlham Əliyevin ölkəyə rəhbərlik etməsilə, ordu quruculuğunda daha yeni mərhələlər başlandı. Ulu Öndər Heydər Əliyevin siyasi yolunu və dövlətçilik ideologiyasını layiqincə davam etdirən cənab İlham Əliyev Ulu Öndərin qurub ərsəyə gətirdiyi Silahlı Qvvəllərimizi daha da inkişaf etdirdi. Və təsadüfi deyil ki, bu gün Azərbaycan ordusu bütün Cənubi Qafqazın ən güclü və ən qüdrətli ordusu hesab olunur. Cənab İlham Əliyevin məhz ölkəmizin tərəqqisi və inkişafı yolunda əzmlə çalışmasının təzahürü olaraq bugünkü Silahlı Qüvvələrimiz dünyanın inkişaf etmiş aparıcı ölkələrinin qüdrətli ordularının potensialı ilə müqayisə ediləcək səviyyədə ölçülür. Artıq dünaynın ən inkişaf etmiş güclü orduları sırasında Azərbaycan ordusu da özünməxsus yer almaqdadır. Təbii ki, ölkə rəhbərliyinin, möhtərəm cənab Prezidentin qabaqcıl addımları, uzaqgörən siyasəti, hörmətli birinci vitse-prezident Mehriban xanım Əliyevanın da xüsusi xidmətləri və çalışmaları sayəsində bütün ölkəmiz və Silahlı Qüvvələrimiz sürətlə inkişaf edir. Azərbaycan ordusu düşmən üzərində də hər zaman üstünlüyü təmin edib. 2016-cı ilin aprel döyüşlərində də‚ 2020-ci ilin 44 günlük Vətən Müharibəsində də Silahlı Qüvvələrimiz düşmən ölkənin ordusunu darmadağın edərək bütün erməni ictimaiyyətini, dünyadakı bütün ermənipərəst qüvvələri qorxuya saldı. Bu gün Azərbaycan ordusu yenilməz gücə malikdir və Silahlı Qüvvələrimizdə də vətənpərvərlik hissləri sonsuz səviyyədədir. Ölkə rəhbərliyinin ölkəmizin ərazi bütövlüyünün və suverenliyimizin qorunması yönündə atdığı bütün qabaqcıl addımları sayəsində daxildə bütün dinamika qorunmaqda və inkişaf etdirilməkdədir. Məhz Silahlı Qüvvələrimizdəki güclü vətənpərvərlik, ölkə rəhbərliyinin də yüksək qayğı və diqqəti ordumuzun gücünü birə min artırmış olur. Dövlət başçısının yüksək qayğı və diqqətinin nəticəsidir ki, bu gün Azərbaycan əsgəri torpaqlarımızı işğaldan azad etmiş və xalqımıza şanlı zəfər bəxş etmişdir. Silahlı Qüvvələrimiz hər an Ali Baş Komandanın əmrinə hazır vəziyyətdədir. Dövlət başçısının qarşıya qoyduğu ən mühüm məqsəd və məsələ ölkəmizin hüdudlarının, suverenliyinin, təhlükəsizliyinin və sabitliyinin qorunması, xalqımızın rahat yaşamının təmin edilməsi məsələsidir ki, bu gün bunlar hamısı ən yüksək səviyyədə təmin edilmişdir və bu gün ölkəmiz çox yüksək səviyyədə qorunmaqdadır”.

Cavid