Milli kimlik, təhsil və rəqəmsal irs: Gəlcək nəslin yetişdirilməsində yeni hədəflər Layihə

Milli kimlik, təhsil və rəqəmsal irs: Gəlcək nəslin yetişdirilməsində yeni hədəflər

Savaş meydanında qazanılan tarixi zəfərlərdən sonra Azərbaycanın qarşısında yeni və bəlkə də daha mühüm bir cəbhə açılır: milli kimliyi, ruhu və yaddaşı qoruyub gələcəyə daşımaq. Bəs sürətlə qloballaşan və rəqəmsallaşan dünyada minillik adət-ənənələrimizi gənclər üçün necə cəlbedici etməli, tarixi irsimizi muzey eksponatına çevrilməkdən necə xilas etməliyik?
Milli Məclisin deputatları Ceyhun Məmmədov, Samir Vəliyev və Elnarə Akimova "Xalq Cəbhəsi"nə verdikləri xüsusi açıqlamalarda bu həyati suallara aydınlıq gətirərək rəqəmsal platformalardan Şuşanın mənəvi dirçəlişinə, savadlı gənclik modelindən beynəlxalq təbliğata kimi xalqın gələcək xəritəsini cızırlar.

“Mənəvi dirçəlişin Şuşa zirvəsi”

Milli Məclisin deputatı Elnarə Akimova diqqətə çatdırıb ki, Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elmi və mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılması milli yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Deputat qeyd edib ki, Azərbaycanın dövlətçilik tarixi qədim və zəngindir: “Azərbaycanın dövlətçilik tarixini, milli adət-ənənələrini, elmini və mədəniyyətini xalqımızın milli yaddaşının əsas sütunları hesab edirəm. Bizim dövlətçilik tariximiz çox qədim və zəngindir. Manna, Atropatena, Qafqaz Albaniyası, Azərbaycan Atabəyləri, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, xanlıqlar və Azərbaycan Xalq Cümhuriyyəti kimi dövlətçilik mərhələləri bizim siyasi yaddaşımızın müxtəlif səhifələridir”.
E.Akimovanın sözlərinə görə, bu tarix gənc nəslə yalnız xronoloji ardıcıllıq şəklində təqdim edilməməlidir:“Gənc bilməlidir ki, bu torpaqlarda dövlət qurmaq, idarəçilik ənənəsi yaratmaq, elm və mədəniyyət formalaşdırmaq təcrübəsi minilliklər boyu davam edib. Bu baxımdan dövlətin tarixi irsin qorunmasına münasibəti xüsusi əhəmiyyət daşıyır”.

Deputat işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərinin tarixi yaddaş baxımından əhəmiyyətinə də toxunub: “İşğaldan azad edilmiş ərazilərimizdə tarixi, dini və mədəni abidələrin bərpası, Şuşanın mədəniyyət paytaxtı kimi dirçəldilməsi, Qarabağın tarixi-mədəni irsinin yenidən araşdırılması təkcə tikinti-bərpa prosesi deyil. Bu, həm də yaddaşın öz yerinə qaytarılmasıdır. Vaxtilə dağıdılmış, təhqir edilmiş və ya məqsədli şəkildə saxtalaşdırılmış mədəni irsin yenidən üzə çıxarılması Azərbaycanın tarixinin öz mənbələri əsasında dünyaya təqdim olunması baxımından mühüm işdir”.
E.Akimova milli adət-ənənələrin yaşadılmasının vacibliyini vurğulayıb: “Novruzun fəlsəfəsini, xalçaçılığın tarixini, muğamı, aşıq sənətini, milli mətbəxi, xalq oyunlarını, sənətkarlıq nümunələrini gəncin gündəlik həyatına, təhsilinə, yaradıcılığına və müasir informasiya məkanına gətirmək lazımdır. Çünki gənc öz milli dəyərini yalnız kitabdan oxumamalı, onu yaşamalı və müasir formada ifadə edə bilməlidir”.

Deputat bildirib ki, milli irs yalnız keçmişin nümunəsi kimi qorunmamalıdır: “Ən böyük vəzifələrdən biri məhz ənənəni muzey eksponatına çevirməməkdir. Milli irs canlı olduqda, o, yalnız keçmiş haqqında məlumat vermir, həm də gələcəyin mənəvi dayağına çevrilir”.

E.Akimova elm və təhsilin inkişafının da bu prosesin ayrılmaz hissəsi olduğunu qeyd edib: “Azərbaycan elminin tarixinin öyrənilməsi, elmi-tədqiqat müəssisələrinin fəaliyyətinin gücləndirilməsi, elm və təhsilin daha sıx əlaqələndirilməsi milli intellektual potensialın inkişafına xidmət edir. Təhsil sahəsində yeni məktəblərin tikilməsi, mövcud məktəblərin yenilənməsi, müasir təhsil infrastrukturunun yaradılması da dövlətin insan kapitalına verdiyi əhəmiyyətin göstəricisidir”.

Deputatın sözlərinə görə, milli kimliyin formalaşmasında mədəniyyət və təhsil bir-birini tamamlamalıdır:

“Milli kimlik yalnız tarix dərsində formalaşmır. O, ədəbiyyatla, musiqi ilə, incəsənətlə, ana dili ilə, ailə yaddaşı ilə, yaşadığımız şəhərin və kəndin tarixi ilə formalaşır. Tarix yaddaşı ilə mədəni yaddaş bir-birindən ayrıldıqda milli şüurun bütövlüyü də zəifləyir”.

E.Akimova Azərbaycanın mədəni irsinin beynəlxalq səviyyədə təbliğinin də əhəmiyyətli olduğunu bildirib: “Azərbaycanın beynəlxalq miqyasda mədəniyyət siyasəti də son illərdə daha geniş vüsət alıb. Beynəlxalq kitab sərgiləri, mədəniyyət festivalları, muğam və musiqi layihələri, UNESCO çərçivəsində həyata keçirilən fəaliyyət, Azərbaycan xalçasının, muğamının, aşıq sənətinin, Novruzun və digər irs nümunələrinin beynəlxalq səviyyədə tanıdılması bu siyasətin müxtəlif istiqamətləridir”.

Deputat Şuşanın Azərbaycanın mədəni yaddaşında xüsusi yer tutduğunu vurğulayıb: “Xarıbülbül Musiqi Festivalı, Vaqif Poeziya Günləri və Şuşada keçirilən digər mədəni tədbirlər Qarabağın yalnız fiziki deyil, həm də mənəvi dirçəlişinin ifadəsidir. Şuşa artıq sadəcə tarixi şəhər kimi deyil, Azərbaycanın mədəni yaddaşının və yaradıcı enerjisinin simvolu kimi yenidən dünya ictimaiyyətinə təqdim olunur”.

E.Akimova Azərbaycanın görkəmli şəxsiyyətlərinin irsinin xarici auditoriyaya daha geniş çatdırılmasının vacibliyini də qeyd edib:

“Azərbaycan haqqında xarici dillərdə daha çox kitablar, sənədli filmlər, elektron nəşrlər hazırlanmalı, Nizami Gəncəvi, Xaqani, Nəsimi, Füzuli, Mirzə Fətəli Axundzadə, Üzeyir Hacıbəyli, Bülbül, Səttar Bəhlulzadə kimi şəxsiyyətlərimizin yaradıcılığı müasir təqdimatlarla dünya auditoriyasına çatdırılmalıdır. Qarabağın və Şuşanın tarixi-mədəni irsi də bu təqdimatların mühüm istiqamətlərindən biri olmalıdır”.

Deputat gənclərin milli irsin qorunması və təbliğinə daha fəal cəlb edilməsinin vacibliyini bildirib:

“Gənclərlə bağlı üç istiqaməti xüsusilə vacib hesab edirəm: öyrətmək, yaşatmaq və dünyaya təqdim etmək. Məktəblərdə tarix və mədəniyyət dərsləri daha çox canlı layihələrə çevrilə bilər. Şagirdlər muzeylərə, tarixi məkanlara, sənətkarlıq emalatxanalarına aparılmalı, yaşlı nəslin yaddaşını toplayan layihələr hazırlanmalı, gənclər milli irslə bağlı sənədli filmlər, rəqəmsal xəritələr, podkastlar və digər müasir məzmunlar yaratmağa təşviq edilməlidir”.

E.Akimova əlavə edib ki, müasir dövrdə milli mədəniyyətin təbliği rəqəmsal platformaları da əhatə etməlidir:

“Bu gün milli dəyərlər uğrunda mübarizə yalnız kitabxanada və muzeydə aparılmır. İnternetdə, sosial şəbəkələrdə, kino və televiziya ekranlarında, rəqəmsal platformalarda da milli mədəniyyətin görünürlüğü uğrunda böyük rəqabət gedir. Bizim gənc öz mədəniyyətini bilməklə yanaşı, onu müasir dünyanın dili ilə ifadə etməyi də bacarmalıdır”.

Sağlam və savadlı gənclik

Milli Məclisin deputatı Ceyhun Məmmədov söyləyib ki, Azərbaycanda dövlətçilik tarixinin, milli adət-ənənələrin və mədəni dəyərlərin təbliği istiqamətində mühüm işlər görülür: “Bu prosesdə əsas məsələlərdən biri milli dəyərləri mənimsəmiş, savadlı və sağlam gənc nəslin yetişdirilməsidir. Hər bir xalqı millət edən əsas amillərdən biri onun milli dəyərləri, mənəviyyatı və tarixidir. Bu gün ölkəmizdə dövlətçilik tariximizin, milli adət-ənənələrimizin, mədəniyyətimizin təbliğatı istiqamətində cənab Prezident tərəfindən çox böyük işlər görülür. Hər bir milləti millət edən onun dəyərləridir, onun mənəviyyatıdır, onun tarixidir”.

C.Məmmədovun sözlərinə görə, milli dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi ilə yanaşı, bu dəyərlərə bağlı gəncliyin yetişdirilməsi də xüsusi əhəmiyyət daşıyır:

“Bu gün bizim qarşımızda duran ən vacib məsələlərdən biri də bu mənada bu yöndə, bu istiqamətdə gəncliyin yetişdirilməsidir. Yəni biz bu istiqamətdə çox çalışmalıyıq, çox səy göstərməliyik ki, sağlam gənclik yetişdirə bilək”.

Deputat vurğulayıb ki, savadlı və bilikli nəslin yetişdirilməsi ölkənin gələcək inkişafı baxımından mühüm amildir:

“Sağlam gənclik yetişdirmədən, güclü gənclik yetişdirmədən, savadlı, bilikli nəsillər yetişdirmədən biz yaxşı, uğurlu bir addım ata bilmərik”.

“Milli irs dəqəmsal dünyada”

Milli Məclisin deputatı Samir Vəliyev “Xalq Cəbhəsi”nə açıqlamasında milli adət-ənənələrin, dövlətçilik tarixinin, elm və mədəniyyət irsinin təbliği məsələsini şərh edərkən bildirib.

O vurğulayıb ki, Azərbaycanın milli adət-ənənələrinin, dövlətçilik tarixinin, elmi və mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi mühüm məsələlərdəndir:

“Milli irs Azərbaycanın milli kimliyinin mühüm tərkib hissəsidir. Azərbaycanın milli adət-ənənələri, eləcə də zəngin dövlətçilik tariximiz, elmi və mədəni irsimiz ölkənin milli kimliyinin mühüm tərkib hissəsidir. Burada önəmli məsələlərdən biri irsimizin qorunmasıdır. Eyni zamanda, bu günkü gənc nəsil və gələcək nəsil üçün həmin irsin müasir və cəlbedici formatda təqdim edilməsi xüsusi önəm kəsb edir”.

S.Vəliyevin sözlərinə görə, milli irsin gənclərə çatdırılmasında rəqəmsal platformaların imkanlarından daha geniş istifadə olunmalıdır:

“Bu baxımdan hesab edirəm ki, bu gün geniş vüsət almış rəqəmsal platformalardan geniş şəkildə istifadə edilməlidir. Ədəbiyyatımız, musiqimiz, tariximiz və milli irslə bağlı keyfiyyətli, qısa videolar, müxtəlif interaktiv xəritələr, onlayn layihələr hazırlanmalıdır”.

Deputat vurğulayıb ki, milli tarix və mədəniyyətin tədrisi yalnız nəzəri biliklərin verilməsi ilə məhdudlaşmamalıdır:

“Ali və orta təhsil müəssisələrində təhsil proqramlarında milli tarix və mədəniyyət yalnız faktların öyrədilməsi ilə məhdudlaşmamalıdır. Şagird və tələbələrin muzeylərə səfərləri təşkil olunmalı, bu istiqamətdə mövcud layihələrdə onların iştirakı təmin edilməlidir”.

S.Vəliyev qeyd edib ki, gənclərin tədqiqat və yaradıcılıq proseslərinə cəlb olunması da milli irsin təbliği baxımından mühüm əhəmiyyət daşıyır:

“Gənclər tədqiqat və yaradıcılıq işlərində fəal iştirak etməlidirlər. Gənclərin özlərinin iştirak etdiyi mədəniyyət festivalları, müsabiqələr, debatlar və könüllülük layihələri artırılmalıdır. Bu, onların milli tarix və mədəniyyətə marağının formalaşmasına mühüm töhfə verə bilər”.

Deputat əlavə edib ki, Azərbaycanın görkəmli alimləri, yazıçıları və bəstəkarlarının irsi də müasir auditoriyanın marağına uyğun formada təqdim olunmalıdır:

“Azərbaycanın irsi bu gün də öyrənilən çoxsaylı alimlərimiz, yazıçılarımız, bəstəkarlarımız var. Hesab edirəm ki, gənc nəslə bu mədəniyyət xadimlərinin kimliyi və irsi müasir auditoriyaya uyğun şəkildə təqdim olunmalıdır. Bununla biz həm tarixi-mədəni yaddaşımızı qoruyar, həm də milli irsimizin gələcək nəsillərə daha effektiv şəkildə çatdırılmasına nail olarıq”.

Günel Elxan