“Vətən Müharibəsində qazanılan tarixi qələbəmizin xaricdə təbliğatı zəruridir” Layihə

“Vətən Müharibəsində qazanılan tarixi qələbəmizin xaricdə təbliğatı zəruridir”

Asim Vəliyev: “Bu istiqamətə layihələrin həyata keçirilməsi vacibdir”

“Vətəndaş cəmiyyətinin əsas strukturlarından olan qeyri hökumət təşkilatlarının Vətən Müharibəsində qazanılan tarixi qələbəmizin, abadlıq –quruculuq işlərinin, xüsusilə Şuşa zəfərinin xaricdə təbliğatı zəruridir. Bu istiqamətə layihələrin həyata keçirilməsi vacibdir”. Bunu “Xalq Cəbhəsi”nə Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev deyib. A.Vəliyev əlavə edib ki, Qarabağda zəfərimizin simvoluna çevrilmiş Şuşa qələbəsi hazırda düşmənin ən yaralı yerlərindən biridir: “Çünki Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan Ordusu Şuşanı müstəsna qəhrəmanlıq göstərərək, yüngül atıcı silahlarla, ən çətin dağ relyefini aşaraq işğaldan azad etdi. Azərbaycanın döyüş meydanında qələbəsini, xüsusi ilə də Şuşanın dünyanın hərb tarixinə düşəcək fenomenal igidlik və zəkanın məhsulu olan əməliyyatla azad etməsini həzm edə bilməyən Ermənistan postmüharibə reallıqlarını qəbul etmək istəmir və informasiya müstəvisində davamlı təxribat layihələri həyata keçirir. Azərbaycan Şuşanı düşməndən azad etdikdən dərhal sonra şəhərin əski gözəlliyini və vəziyyətini bərpa edəcək layihələrin icrasına başlayıb”.

Onun sözlərinə görə, ermənilər azərbaycanlıların Şuşadakı tarixi izini silmək məqsədi ilə şəhərdəki 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidini, Xurşidbanu Natəvanın evini və Molla Pənah Vaqifin məqbərəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı kolleclərini, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyini, Azərbaycan Xalça Muzeyinin filialını və xalq tətbiqi sənəti muzeyini, Qarabağ dövlət tarix muzeyini, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıdaraq talan ediblər: “Bu baxımdan “Gənclərin Töhfəsi” İctimai Birliyi olaraq qələbəmizi ötən il elan olunan "Şuşa ili" çərçivəsində beynəlxalq ictimaiyyətə əyani vasitələrlə çatdırmaq üçün “Türkün Şanlı Zəfəri” beynəxalaq festival layihəsini icra etdik.

"Türkün şanlı Zəfəri" beynəlxalq festivalı adlı layihə maarifçilik funksiyası daşımaqla yanaşı əsasən "Şuşa ili"nin beynəlxalq arenada təbliğini, ərazi bütövlüyümüz uğrunda şəhid olmuş oğullarımızın xatirəsini yad etməyi, Şuşanın mədəniyyətini, tarixini yerli və beynəlxalq gənc ictimaiyyətin diqqətinə çatdırmağı nəzərdə tutmuşdu. Layihə çərçivəsində terroru dövlət siyasətinə çevirmiş Ermənistanın Azərbaycana qarşı təcavüzü, mülki əhaliyə qarşı barbarlığı, vəhşiliyi, işğal etdikləri ərazilərdə tarixi abidələrə qarşı törətdikləri vandalizm siyasəti müxtəlif əyani vasitələrlə ifşa olundu. Ərazi bütövlüyümüz uğrunda döyüşən əsgər və zabitlərimizin, həmçinin şəhid olan əsgər və zabitlərimizin keçdiyi döyüş yolu, qəhrəmanlıq hekayələri barədə yerli və beynəlxalq ictimaiyyət məlumatlandırıldı. "Şuşa ili" çərçivəsində Azərbaycan, Gürcüstan, Türkiyə və Bosniya və Herseqovina gəncləri arasında "Şuşa zəfəri" mövzunda rəsm müsabiqəsi və sadalanan 4 ölkədə mədəniyyət festivalı təşkil olundu. Rəsmlər və Qarabağ Zəfəri haqqında məlumatlar əks olunan kitab çap olunaraq ölkə ziyalılarına, millət vəkillərinə, tanınmış simalara və xarici ölkələrin səfirliklərinə, həmçinin müxtəlif ölkələrdə yerləşən Azərbaycan Respublikasının səfirliklərinin nümayəndələrinə göndərildi. Hazırlanmış rəsmlər, məlumatlar televizyalar və internet tv-lər, sosial şəbəkələr vasitəsilə yayımlandı. Rəsm müsabiqəsinin hər ölkə üzrə 3 yeri tutumuş qalibi Azərbaycana gətirildi və 3 günlük səfər əsnasında Azərbaycan Gənclər Təşkilatlarının Milli Şurasına infotur təşkil olundu, Bakı şəhərində yerləşən tarixi yerlərə ziyarət təşkil olundu”.

Asim Vəliyev həmçinin bildirib ki, layihə çərçivəsində “İki Dövlət, Bir Millət” anlayışını ürəkdən qəbul etdiyimiz tarixi dost və qardaş Azərbaycan və Türkiyə əməkdaşlığı çərçivəsində ötən il noyabrın 24-də Əskişəhərdə “Türkün böyük zəfəri” layihəsi keçirildi: “Əskişehir Gənclik və İdman İl Müdirliyi” İl Müdiri Osman Ercan, Əskişehir Gənclik və İdman İl Müdirliyi” Gənclik Xidmətləri Müdiri Hasan Kalın, layihə rəhbəri Məhsəti Hüseynova, Azərbaycan Gənclər Fondunun əməkdaşı Vüsal Əhmədov, TR Gənclik və İdman Nazirliyi, Gənclik Xidmeti Baş İdarəsinin - Şöbə müdiri Emrah Barındırır, Əskişehir Gənclik və İdman İl Müdirliyi / Şöbə müdiri Ramazan Şenol Cirit, Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədr müavini Sirac Yaquboğlu, Anadolu Universiteti Siyasi Elmlər və Dövlət İdarəçiliyi Bölümü müəllimi doktor Yusuf Ziya Bölükbaşı çıxışlarında Qarabağ zəfəri və Türkiyə-Azərbaycan qardaşlığından bəhs etdilər. Türkiyədəki tədbirdə ümumilikdə 350 nəfər iştirak etdi”.

Təşkilat rəhbəri həmçinin əlavə edib ki, dekabrın 7-də Mirzə Fətəli Axundovun Tbilisidə fəaliyyət göstərən ev muzeyində “Türkün Şanlı Zəfəri” adlı növbəti tədbir keçirildi: “Layihə çərçivəsində keçirilən tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Ramel Lətifov, Qardabani bələdiyyəsinin icra başçısının müavini Fuad Mirzəyev və digər rəsmi şəxslər, gənclər və maraqlanan şəxslər iştirak etdilər.

Növbəti tədbir 17 fevral 2023-cü il tarixində Bosniya və Herseqovinanın Zenitsa şəhərində təşkil edildi. Tədbirdə 4 ölkədən, Bosniya və Herseqovina, Azərbaycan, Türkiyə və Belçikadan qonaqlar, gənclər, qazilər və Srebrenitsa şəhidlərinin ailələri iştirak etdilər. Daha sonra layihənin koordinatoru Məhsəti Hüseynova layihə, 44 günlük Qarabağ müharibəsi və Zəfərin tarixi haqqında məlumat verdi. Çıxışdan sonra 44 günlük müharibədən bəhs edən videoçarx izlənildi. “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev Xocalı və Srebrenitsa soyqırımları və təşkilatın fəaliyyəti haqqında geniş məruzə ilə çıxış etdi. Tədbirin moderatorluğu “Be A Flower” dərnəyinin Bosniya və Herseqovina nümayəndəsi Elvisa Kovakeviç tərəfindən və Türk – Bosniya və Herseqovina dillərində tərcümə edilib. Həmçinin tədbirdə Azərbaycan Gənclər Fondunun əməkdaşı Təhminə Həmidli, Zenitsa Universitetinin rektoru Yusuf Durakoviç, dosent Sedat Dediç də iştirak edib. İki saat davam edən tədbir sonunda spikerlərə təşəkkür plaketləri, Azərbaycana aid hədiyyələr, xarıbülbül döş nişanları, Azərbaycan bayraqları, “Xocalıya ədalət” kampaniyası çərçivəsində hazırlanmış broşürlər, bukletlər, bilərziklər təqdim olundu, xatirə şəkli çəkdirildi.

18 fevral 2023-cü il tarixində təşkilat sədri olaraq mən, Azərbaycan – Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədri Məhsəti Hüseynova, “Be A Flower” dərnəyinin sədri Nazlıhan Günaydın, “Be A Flower” dərnəyinin Bosniya və Herseqovina nümayəndəsi Elvisa Kovaçeviç, məşhur yazıçı, Bosniya və Herseqovina Qazilər dərnəyinin sədri Harun Hodziç Srebrenitsa Soyqırım Memorial Toplu Məzarlığını ziyarət etdik. Ziyarət zamanı Srebrenitsa Şəhid ailələri dərnəyinin sədri Fazilə ana və digər şəhid anaları ilə görüşüldü. Soyqırım abidəsinin üzərinə çiçək qoyuldu və Xocalı – Srebrenitsa soyqırımı haqqında söhbət edildi. Daha sonra ”Xocalıya Ədalət” kampaniyası çərçivəsində hazırlanmış ingilis dilində broşurlar, kitabçalar, Azərbaycan bayrağı, 44 günlük zəfərin simvolu xarıbülbül döş nişanları hədiyyə edildi.

Daha sonra “Türkün Şanlı Zəfəri” adlı layihənin rəhbəri, Azərbaycan - Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədri Məhsəti Hüseynovanın moderatorluğu ilə həyata keçirilən tədbirdə layihə barədə, 44 günlük Qarabağ müharibəsi və Zəfərin tarixi haqqında geniş məlumat verildi.

Tədbirdə iştirak edən Türkiyə Gənclər və İdman Nazirliyinin şöbə müdiri Əmrah Barındırır iki qardaş ölkənin ortaq zəfəri olan Qarabağ Zəfərinin gənc nəsil arasında təbliğinin birlik və bərabərlik baxımından önəmini vurğuladı. Daha sonra Eskişehir Gənclər və İdman İdarəsinin rəis müavini Hasan Kalın Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu və bundan sonra da münasibətlərin daha irəliyə aparılması istiqamətində əməkdaşlıqların artırılmasına diqqət çəkdi.

Tədbirdə 4 ölkədən, Azərbaycan, Türkiyə, Gürcüstan, Bosniya və Herseqovinadan qaliblər, qonaqlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri, gənclər iştirak ediblər və Qarabağ Zəfərilə bağlı çıxışlar etdilər”.

A.Vəliyev əlavə edib ki, təşkilat olaraq bundan sonra da bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəklər: “Hesab edirəm ki, bu istiqamətdə tədbirlərin təşkil olunması çox önəmlidir. Qəhrmanlıq tariximizi, Azərbaycan əsgərinin cəsarətini, gücünü digər xlaqlar da öyrənməlidirlər”.

Əli