QHT sosial həssas qrupa aid bir neçə ailəyə qurban payı paylayıb Layihə

QHT sosial həssas qrupa aid bir neçə ailəyə qurban payı paylayıb

Azyaşlıların müdafiəsi, böyüklərin diqqət və qayğısı ilə əhatə olunması yalnız dövlət qurumlarının deyil, həm də vətəndaş cəmiyyəti təmsilçilərinin başlıca vəzifələrindən biridir. Uşaqların dəyərlər sisteminin yaranmasında, dünyagörüşünün təməlinin qoyulmasında, sosiallaşmasında, insana, vətənə, tarixə və mədəni irslərə münasibətinin formalaşmasında ailə mühitinin ciddi rolu var. Məhz bu səbəbdən uşaqların düzgün inkişafında valideynlər öz məsuliyyətlərini dərk etməli, onların cəmiyyət üçün sağlam, yararlı, təhsilli böyüməsində hər zaman örnək olmalıdırlar.

Gələcəyimiz olan uşaqların nümunəvi vətəndaş kimi yetişməsi hər birimizin qarşısında duracaq mühüm şərtlərdən biridir. Təəssüf hissi ilə qeyd edək ki, bu gün ətrafımızda müxtəlif xəstəliklərdən əziyyət çəkən, övladlarına arzuladığı münasibəti göstərə bilməyən ailələr də az deyil. Onlara daim diqqət və qayğı, mənəvi və maddi dəstək göstərilməsi hər birimizin borcudur.

"Uşaqların Gələcəyi Naminə" İctimai Birliyi bu sahədə öz ənənələrinə sadiq qalaraq, təşkilatın sədr müavini, Sosial İnteqrasiya Departamentinin rəhbəri Zeynəb Dilbazinin təşkilatçılığı ilə İslam dünyasının ən müqəddəs bayramlarından biri olan Qurban Bayramı münasibətilə Yasamal, Xəzər və Binəqədi rayonlarının ərazisində yaşayan sosial həssas qrupa aid bir neçə ailəyə qurban payı paylanılıb.

“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyin sədri Könül Quliyeva Avrasiya.net-ə açıqlamasında bildirib ki, qurban payı QHT könüllüləri tərəfindən aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan ailələrə çatdırılıb.

"Uşaqların Gələcəyi Naminə" İctimai Birliyinin bütün kollektivi hər il bu kimi xeyirxah niyyətlərini gerçəkləşdirən savab əməl sahibi Zeynəb Dilbaziyə minnətdarlıq edir və onunla əməkdaşlıqdan zövq aldığını bildirir.