Ermənistanın hava nəqliyyatı Xankəndinə hərbi sursat daşıyırdı... Layihə

Ermənistanın hava nəqliyyatı Xankəndinə hərbi sursat daşıyırdı...

2-ci yazı

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılovun tədqiqatında ermənilərin 1980-ci illərin sonlarından SSRİ-nin süqutundan fürsət taparaq torpaqlarımızın işğalı üçün min bir planlar qurmasından, açıq şəkildə dövlət səviyyəsində terror yoluyla istəklərini gerçəkləşdirməsindən danışılır. Faktlardan aydın görünür ki, erməni məkrində həmişə çox fəal amansızlıq nümayiş etdirib: "Hər iki hərbi qərargah üzvləri, aprelin 24-də Şuşa şəhərinin işğal planı və xəritəsi üzərindəki işləri tamamilə yekunlaşdırdılması barədə yekun rəyə gəldilər. Məhz bundan sonra Ermənistanın Hərbi Nazirliyi Qarabağ cəbhəsinə yerləşdirdiyi hərbiçilərindən 2520 nəfərini Şuşa üzərinə hücum üçün dörd müxtəlif istiqamətdə yerləşdirilməsi barədə Ter-Tadevosyana göstəriş verdi. Bu hücumun cinah komandirləri Rusiyada xüsusi təlim keçmiş zabitlərdən təyin edilmişdilər. Belə ki, 26-cı bölmə adlandırılan cinaha Valerii Çitçyan, Şuşa cinahına Arkadii Karapetyan, Laçın cinahına Samvel Babayan, Canhəsən – Kosalar cinahına isə azərbaycanlılara qarşı xüsusi əcazilliyi ilə seçilən Yura Ovanesyan təyin edildilər. Erməni mənbələrinin məlumatına görə, bu döyüş tapşırığını 3 tank, 9 BMP, 10 BTR, 2 BRDM, 3100 mm-lik atıcı silah, raketlə təhciz edilmiş 2 BM-21, 3 iriçaplı pulemyot və digər hərbi arsenallar, döyüş texnikaları yerinə yetirirdilər. Lakin şahidlərin dediyinə görə, Şuşanın diz çökdürülməsi üçün ermənilərin istifadə etdikləri hərbi texnika və piyadaların sayı göstərilənlərdən iki dəfə çox olmuşdu. Aprel ayının axırlarına yaxın ermənilərin hərbi qərərgahlarında çox ciddi gərginlik yaşanırdı. Çünki Şuşanın işğalı üçün Ermənistandakı rus hərbi bazalarından erməni döyüşçülərinə verilmiş 400 ton hərbi sursat və 1000 ədəd qrad raketlərinin Ermənistandan Qarabağa daşınması işləri ləng həyata keçirilirdi. Buna görə də Qarabağ cəbhəsinin rəhbərləri emosional şəkildə Ermənistan rəhbərliyinə iradlarını bildirir və hava nəqliyyatının sayının artırılmasını tələb edirdilər. Çünki bu yüklərin yalnız hava yolu ilə daşınması mümkün idi. Xocalı aereportu Rusiyanın 366-cı motoatıcı alayı tərəfindən fevralın 26-da dağıdıldıqdan sonra, hava limanı iri həcmli yük təyyarələrini qəbul edə bilmirdi. Ermənilər yalnız Mİ-8 vertolyotlarından və YAK-40 təyyarələrindən istifadə edirdilər ki, bu daşıyıcılara da çox yük vurmaq olmurdu.
Ermənilər ancaq hava nəqliyyatı vasitələrinin sayını artırmaqla bu hərbi sursatın daşınmasına tez nail ola bilərdi ki, onlar da bunu etdilər. Zori Balayan sonralar öz xatirələrində bu barədə yazırdı, "Mən A.Ter-Tedovoyandan soruşdum ki, Şuşaya biz nə vaxt girə biləcəyik? Komandir dedi ki, siz sualı düzgün qoymursunuz. Məndən soruşun ki, Şuşanı almaq üçün sənə nə lazımdır? Onda belə cavab verərəm 400 ton yanacaq və 1000 ədəd raket. Bunları əldə etdikdən sonra mən sizə dəqiq Şuşanın alınması tarixini deyə bilərəm".
Silah-sursatın daşınması ətrafında yaranan gərginliyə görə aprel ayının hər həftəsində iki dəfə Robert Koçaryan və Serj Sərkisyan İrəvana, Vazgen Sərkisyan, "Daşnaksütun" və digər terror təşkilatlarının nümayəndələri isə Qarabağa məşvərətə gəlirdilər. Dünya "şöhrətli" terrorçu Monte Melkonyan daim Qarabağ cəbhəsinin komandanı, general Arkadi Ter–Tadevosyanın yanında olaraq ona öz tövsiyyələrini verirdi. Bütün bunlarla yanaşı gecə-gündüz Ermənistanın hava nəqliyyatı Laçın Kəlbəcər və Qubadlı rayonları üzərindən Xankəndinə hərbi sursat daşıyırdı".
4 may 1992-ci il tarixdə Qarabağ cəbhəsinin komandanı Arkadi Ter–Tadevosyan Şuşa şəhərinə hücum üçün əmr imzaladı: "Əslində isə ermənilərin Şuşa üzərinə hücumlarının icrasına artıq aprelin 27-dən başlanmışdı. Arkadi Ter-Tadevosyan bu əmri isə cəbhə boyu ermənilərin hücumlarını rəsmləşdirməklə bərabər bu hücumları daha da intensivləşməsinə səbəb oldu. Bütün istiqamətlərdən döyüş məlumatlarını, erməni ordusunun rabitə rəisi Artur Papazyan özü şəxsən 6 №-li çağrışla mərkəzi qərərgaha birbaşa Serj Sərkisyana ötürürdü. Çünki Serj Sərkisyanı Ermənistanın müdafiə naziri Qarabağdakı Ermənistanın silah arsenalı üzərində cavabdeh təyin etmişdi. Serj Sərkisyan Qarabağ cəbhəsindəki bütün məxfi məlumatları şəxsən Ermənisan rəhbərliyinə çatdırırdı. Məhz buna görə də S.Sərkisyan Ter–Tadevosyanın Şuşa şəhərinə hücum planını haqqında qərarını təsdiq etdirmək üçüçn İrəvana yola düşdü. Orada onu R.Koçaryan gözləyirdi. Bu ərəfədə Ermənistan prezidenti Levon Ter-Petrosyanın İrana səfəri gözlənilirdi. Prezidentin milli məsələlər üzrə məsləhətçisi Aşot Manuçaryanın dediyinə görə o dövrdə ermənilərin Qarabağda baş verən hadisələrin gedişi barədə İrana məlumat verməməsi rəsmi Tehranı narahat edirmiş. Görünür, İranın narahatlığını aradan qaldırmaq üçün Ermənistan Prezidenti Şuşanın işğalını müzakirə etmək üçün İrana gedirdi. Ona görə də Ter-Petrosyan özünün səfəri ərəfəsində Qarabağdakı atəş nöqtələrinin genişlənməsinin əleyhinə idi. Hətta o, öz səfəri ərəfəsində Qarabağda atəşi dayandırmağı tələb edirdi. Odur ki. Şuşa məsələsi ilə bağlı Qarabağdan gələn elçilərə "İndiki şəraitdə Şuşanı götürmək olmaz"- dedi. R.Koçaryan isə cavabında: "Sizin sözlərinizlə şərikəm, amma buna kiçik bir düzəliş edirəm: indiki şəraitdə Şuşanı götürməmək olmaz"-deyərək Ermənistan prezidentini pis vəziyyətdə qoydu.
Robert Koçaryan və Serj Sərkisyan Qarabağa Ermənistanın müdafiə naziri Vazgen Sərkisyan və "Daşnaksütun" terror təşkilatının nümayəndələri ilə qayıtdılar. Onların bu gəlişindən sonra Robert Koçaryanın təkidi ilə Qarbağ cəbhəsinin səhra komandirləri Samvel Babayan və Valeri Babayan Qarabağ Hərbi Qərargahının üzvü general Qurqen Dalıbaltayandan təcili olaraq Şuşanın alınması gününü təyin etməyi tələb etdilər. Hərbi qərargahın toplantısından sonra Şuşanın süqut edəcəyi gün elan edildı, bu hadisə 7 may 1992-ci il gecə saat 2-də baş verəcəkdi.
Şuşa istiqamətində bütün cəbhə boyu ermənilər üstünlüyü ələ almışdılar, onlar bütün imkanlarını səfərbər edərək Şuşanın süqutuna doğru irəliləyirdilər. Ermənilər aldadıcı manevrlərlə Şuşa şəhərinin mühasirəsini daraltmağa çalışırdılar. Belə ki, 1992-ci il mayın 6-da Yura Ovaenesyan Canhəsən istiqamətindəki Azərbaycan mövqelərinə bir neçə sarsıdıcı zərbələr endirərək, döyüş mövqeyini dəyişib Şuşa şəhərinə doğru istiqamətləndi. Canhəsən – Kosalar istiqamətindəki Yura Ovanesyanın başladığı döyüşü davam etdirilməsi tapşırığını 26-cı bölmə öz üzərinə götürdü. Burada erməni ordusunun əsas məqsədi Azərbaycan döyüşçülərinin diqqətini Canhəsən–Kosalar istiqamətinə cəlb etməklə Şuşa şəhərini mühasirəyə salmaq idi. Həmin gün axşama doğru Azərbaycanın iki hərbi vertolyotu Suşa ətrafındakı ermənilərin təmas xəttinə zərbələr endirdilər, bundan bir neçə dəqiqə sonra Su-25 döyüş təyyarəsi qalxaraq Xankəndi şəhərinə bir neçə bomba atıb Ağdam istiqamətində uçub getdi. Bu Azərbaycan tərəfinin Şuşanın süqutuna qədər sonuncu həmlələri oldu. Şuşa üzərinə hücum əməliyyatının məxfi adını ermənilər "Dağlarda toy" adlandırırdılar. Qarabağ cəbhəsində azərbaycanlı döyüşçüləri saxlayan onların vicdanı və vətənpərvərlikləri idi. Şuşanın işğalını müşahidə etmək üçün mayın 6-da bütün erməni komandanlığı, xarici qonaqlar və jurnalistlər dəniz səviyyəsindən 1207,3 m. şimal yüksəkliyində yerləşən Şüşükəndə toplaşmışdılar. Onların sırasında Qarabağ cəbhəsinin komandanı Arkadi Ter–Tadevosyan, Ermmənistanın müdafiə naziri Vazgen Sərkisyan, general Qurqen Dalıbaltayan, Ermənistanın hərbi qərəargah rəisi Feliks Qozoryan, Robert Koçaryan, Serj Sərkisyan, Leonid Martirosyan, Oleq Eseyan, Zori Balayan, Andrey Saxarovun ögey oğlu Aleksey Semenov, Elena Bonner, Baronessa Koks, eləcə də "Ümumdünya xristian həmrəyliyi" və "Daşnaksütun" terror təşkilatının rəhbərləri özlərinə xüsusi yer almışdılar. Onlar buradan bütün cinahlar boyu hücum xəttini izləyir və öz döyüşçülərinə göstərişlər verirdilər. Ermənilərin, birinci və ikinci cinahlarla irəliləyən qoşun hissələrinin döyüş tapşırığı, Şuşaya istiqamətlənən yollardakı azərbaycanlıların bütün atəş nöqtələrini susduraraq qala divarlarına yaxınlaşmaq idi.
Üçüncü cinahın döyüşçüləri isə Şuşa – Laçın yolunu atəş altında saxlayaraq Şuşanı mühasirəyə salmaqla, Laçın – Qubadlı istiqamətindən Şuşaya köməyə gələn azərbaycanlı döyüşçülərin hərəkətinə mane olmaqla bərabər Zarıslı kəndini işğal edərək orada möhkəmlənmək, bununla da Laçınla Şuşanın əlaqəsini tamam kəsmək əmri almışdılar. Canhəsən – Kosalar istiqamətindəki döyüşçülərə çoxlu sayda aldadıcı manevrlər etmək, azərbaycanlı döyüşçülərin diqqətini bu aldadıcı manevrlərə cəlb etmək tapşırılmışdı. Məhz bundan sonra süni yaradılmış vəziyyətdən istifadə edərək Şuşanın mühasirəsini getdikcə daraldaraq şəhəri təslim etmək olardı".
F.İsmayılovun araşdırmasında daha sonra vurğulanır, Kərkicahan kəndindən və Xankəndindəki rus hərbi bazalarından Şuşa şəhərinin yaşayış məntəqələrinə və ictimai iaşə obyektlərinə fasiləsiz raket zərbələri endirilirdi. Bundan vahiməyə düşən Şuşanın mülki əhalisi keçilməz meşələrlə Laçın istiqamətində canlarını götürüb qaçırdılar. Nə səbəbdən də Şuşanın mühasirəsindən qabaq Azərbaycanın Hərbi komandanlığı Şuşadakı azərbaycanlı döyüşçülərin bir qismini cəbhə xəttindən geri çəkmiş, digər bir qismini isə məzuniyyətə buraxmışdı. Cəbhə xəttində pərakəndəlik və özbaşınalıq hökm sürdüyündən, döyüşçülərin sırasında üstəlik özbaşına döyüş mövqelərini tərk edənlər də var idi. Komandanlıq tərəfindən hücum tapşırığı verilmədiyindən döyüşçülərimiz yalnız müdafiə mövqeyində dayanırdılar. Onsuz da ermənilərin mühasirəsini yarmaq və ya erməni hücumlarının qarşısını almaq üçün heç canlı qüvvə və texnika da çatışmırdı. Bütün bu qeyri bərabər ölüm-dirim savaşında hələlik öz mövqelərini müvəqqəti də olsa qoruya bilən azərbaycanlı döyüşçülər Şuşaya daxil olmaq istəyən 422 №-li tankı vurmağa nail oldular. Tankın komandiri Qaqik Avşaryan, sürücü mexanik Aşot Avanesyan, atıcı-artirelist Serj Sərkisyan elə ilk və son atəşdən maşının kabinəsindəcə ölmüşdülər. Xocalı üzərinə hücum zamanı xüsusi "qəhrəmanlıq" göstərən bu tanka və onun heyətinə etimad göstərilmişdi ki, onlar bir "qəhrəman" kimi Şuşa qalasına taxmaq üçün Ermənistanın bayrağını aparsınlar. Odur ki, hələ Xocalı ağrısı yaşayan əsgərlərimiz üçün bu tankın vurulması xüsusi əhəmiyyət daşıyırdı".

Uğur