Antanta dövlətlərinin Qafqaz siyasəti və Ermənistanın ərazisinin genişləndirməsi Layihə

Antanta dövlətlərinin Qafqaz siyasəti və Ermənistanın ərazisinin genişləndirməsi

3-cü yazı


Tarix üzrə elmlər doktoru, professor Kərim Şükürovun araşdırmasında bildirilir ki, Aleksandropol məsələsinin üzərində xüsusi dayanmağa ehtiyac var: “Aleksandropol və ya tarixi Gümrü də Azərbaycanın tarixi coğrafiyasına aiddir. 1837-ci ildə çar I Nikolayın Qafqaza səfəri zamanı onun arvadının şərəfinə belə adlandırılıb. Bu şəhər də çar Rusiyası zamanı erməniləşdirməyə məruz qalmış, imperiyanın süqutundan sonra ermənilər tərəfindən işğal edilmişdi. Ona görə də Batum konfransındakı Azərbaycan nümayəndələri İrəvan və digər Azərbaycan torpaqlarını qorumaq məqsədi ilə Aleksandropol ətrafında ermənilərin cəmlənməsini mümkün hesab edirdi. Bununla da Ermənistan onun əsas torpaqlarından uzaq olub Osmanlı dövlətinə daha yaxın olurdu. Aleksandropolda ermənilərin fəallaşması onu ciddi təhlükə mənbəyinə çevirirdi. Bunu nəzərə alan Osmanlı imperiyası 1918-ci il mayın 14-dən 15-nə keçən gecə ultimatum verir ki, ermənilər Aleksandropoldan geri çəkilsin. 15 may axşam saat 6-da ermənilər Aleksandropoldan geri çəkilir. Ermənilər bir də Aleksandropola 1918-ci ilin dekabrında qayıda bilir. Xoyski İrəvan məsələsinə elə həmin gün Xarici İşlər naziri M.H.Hacınskiyə direktivində bir daha qayıdaraq yazır ki, biz ermənilərlə bütün mübahisələri bitirdik, onlar ultimatumu qəbul edəcək və müharibəni qurtaracaqlar. Biz İrəvanı onlara güzəşt etdik. Bu sənəd də məsələnin mahiyyətinə daha bir aydınlıq gətirir. Deməli, bu protokolda sadəcə güzəştdən bəhs olunmur, burada erməni işğalından, onun qarşısını almaq üçün seçilən “labüd bəla”dan söhbət gedir. Bu sənəd mahiyyət etibarı ilə həmin zaman mövcud olan tarixi reallığı sənədləşdirərək, Ermənistana ittiham aktı kimi çıxış edir. O Ermənistanın Azərbaycan torpaqlarında dövlət yaratmasına dair dosyenin ən vacib sənədlərindən biridir. Bununla eyni zamanda, qeyd etmək lazımdır ki, İrəvanın ermənilərə güzəşt edilməsi hələ o zaman ondan əl çəkilməsi anlamına da gəlmirdi”.
Batum konfransının yeni raundu: Osmanlı dövləti və ermənilər: “1918-ci il mayın 26-da gürcülərin, mayın 28-də isə azərbaycanlı və ermənilərin müstəqilliyini qəbul etməsi ilə siyasi vəziyyət dəyişdi. Buna baxmayaraq, tərəflər Batum konfransından imtina etmədilər və ona sadiq qaldılar. Bu hər şeydən əvvəl Osmanlı imperiyasının Cənubi Qafqazdakı rolu ilə bağlı idi. Osmanlı imperiyası ilə münasibətlərə aydınlıq gətirmədən yeni respublikaların stabilləşməsi mümkün deyildi. Bu xüsusilə ermənilərə aid idi. Mayın 28-də Tiflisdə müəyyən edilmiş erməni nümayəndə heyəti sabahısı gün Batuma gəldi və elə həmin gün Xəlil bəylə görüş istədi. Bu görüşdə Xatisyan 26 may ultimatumunun taleyi ilə maraqlandı. Xəlil bəy onun hazırda da qüvvədə olduğunu və müzakirələrin ayrı-ayrı heyətlər ilə aparılacağını bildirdi. Son siyasi hadisələr ilə əlaqədar olaraq ultimatumun müddəti 24 saat uzadıldı.
Nümayəndə heyətləri arasında danışıqlar mayın 30-da başladı. Əsas məsələ Ermənistanın ərazisi ilə bağlı idi. Dövlətin rəhbərləri Tələt paşa və Ənvər paşanın konfransdakı Osmanlı nümayəndə heyəti ilə Ermənistan dövlətinə dair müəyyən fikir müxtəlifliyi, “erməni məsələsi”, Ermənistan nümayəndə heyətinin tezliklə müqavilə imzalayaraq tanınmasına rəsmən nail olmaq istəyi və s. amillər danışıqların gedişinə təsir etdi. Tərəflər iyunun 2-də razılığa gələ bildi və iyunun 4-də sənədlər imzalandı. Bu sənədlərin məzmunu tərəflərin mövqe və vəziyyətini aydınlaşdırmağa imkan verir. Osmanlı imperiyası “zəif Ermənistan” modelini reallaşdırmağa nail ola bildi. Azərbaycanın 10 min kvadrat kilometrədək tarixi torpaqlarında Ermənistan dövlətinin yaradılması təsdiq olundu və burada yaşayan azərbaycanlıların taleyi onlara verildi”.
Ermənistan Milli Şurası tərəfindən müstəqilliyin qəbul edilməsinə baxmayaraq, Gürcü və Azərbaycan Milli Şuralarından fərqli olaraq bu barədə bəyannamə elan olunmamışdı. Azərbaycan Milli Şurası tərəfindən İrəvanın güzəştə gedilməsi və Batum konfransında erməni nümayəndələrinin Osmanlı ilə bir masaya oturması Erməni Milli Şurasına yeni addımlar atmağa imkan verdi. Mayın 29-da Daşnak partiyasının rəhbərləri və Milli Şura üzvlərinin iclasında müstəqilliyin elan edilməsi qərara alındı. Kaçaznuni başda olmaqla hökumət formalaşdırıldı. Mayın 30-da bəyannamənin mətni qəbul edildi, 31-də isə mətbuatda çap olundu. Təbii ki, erməni liderləri bəyannamənin hazırlanması zamanı istər Gürcü, istərsə də Azərbaycan Milli Şurasının müstəqillik haqda aktları ilə tanış idi. Əgər gürcülərin sənədində ərazi Gürcüstan Demokratik Respublikasının öz sərhədləri daxilində kimi ifadə edilir, azərbaycanlıların sənədində isə cənub-şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycandan bəhs edilirdisə, ermənilər bu məsələyə tamamilə fərqli yanaşmışdılar. Ermənilərin bəyannaməsində Erməni Milli Şurası erməni vilayətlərinin ali və vahid idarəçisi elan edilirdi. Erməni vilayətləri ifadəsi altında nəzərdə tutulan torpaqların əksər hissəsi Azərbaycan, qalanı isə Osmanlı və Gürcüstana məxsus olan ərazilər idi. Bəyannamənin elan edilməsinə baxmayaraq, Kaçaznuni hökuməti müstəqil Ermənistan dövlətinin yaradılmasını rəsmən, yalnız 1918-ci ilin 13 iyununda bəyan etdi. Hökumət isə iyunun 19-da İrəvana köçdü”.
1918-ci il iyunun 4-də Osmanlı imperiyası ilə Azərbaycan, Gürcüstan və Ermənistan respublikaları arasında tarixə “Batum müqavilələri” adı ilə daxil olan müqavilələr imzalandı. Batum müqavilələri Osmanlı dövlətinin altı yüz ildən çox davam edən tarixindəki son diplomatik zəfər kimi xarakterizə edilir. Ermənistan ilə imzalanan əsas sənəd “Devleti-Aliyye-i Osmaniye ile Ermenistan Cümhuriyeti Beyninde Münakid Sulh ve Muhadenet Muahedenamesi” və ona əlavələr idi.
Sülh və dostluq müqaviləsi 14 maddədən ibarət idi. Müqavilənin 2-ci maddəsi ərazi məsələsini əhatə edirdi. Həmin maddə də göstərilən torpaqlar Azərbaycanın tarixi coğrafiyası idi. Beləliklə, Azərbaycanın göstərilən tarixi coğrafiyasında Ermənistan dövləti yaradılması rəsmən təsdiq edilirdi. 3-cü maddəyə görə, Ermənistan ilə Azərbaycan cümhuriyyətləri arasındakı müştərək hüdudlara dair protokol Osmanlı dövlətinə təbliğ olunmalı idi. 5-ci maddədə ümumən Ermənistan Cümhuriyyəti ərazisində hər hansı bir dəstənin yaradılması və silahlanmasına yol verilməyəcəyindən bəhs edilirdi ki, bu da dolayısı ilə azərbaycanlıların mənafeyini nəzərə alırdı. 6-cı maddədə Ermənistan Cümhuriyyəti daxilində sakin olan müsəlmanların din və adətlərinə riayət edilməsi haqqında idi. Müftilərə aid hüquq, vəzifə və s. məsələlər 3-cü əlavədə əks olunurdu. Bu maddədəki “Ermənistan Cümhuriyyəti daxilində sakin olan müsəlmanlar” ifadəsi əsasən, “Ermənistan azərbaycanlıları” anlayışına uyğun gəlirdi. Bu həmin anlayışın tətbiq olunduğu ilk sənəd oldu. Beləliklə, azərbaycanlılar tarixi vətənində ermənilərdən asılı vəziyyətə düşdü. Əgər bu müqavilədən sonra başlayan perspektivə nəzər salsaq, bu da yetmiş ildən bir az çox (1918-1991) davam etdi və Ermənistandan bütün azərbaycanlılar deportasiya edildi. 11-ci maddə Bakıya aid idi. Batum müqaviləsi Osmanlı dövlətinin I Dünya müharibəsində məğlub olması ilə əhəmiyyətini itirdi.
İstanbul konfransı: Ermənilərin Azərbaycana qarşı yeni ərazi iddiaları və ya İrəvanın ermənilərə güzəşt edilməsindən imtina etmək olardımı? (1918, iyun-oktyabr): “İstanbul konfransına hazırlıq dövründə ermənilərin Azərbaycana qarşı ərazi iddiaları yenidən genişlənməyə başlayır. Onlar bununla da ərazi iddialarını beynəlxalq müstəviyə çıxarmaq, nəinki Osmanlı və Almaniyanın, həm də digər dövlətlərin diqqətini də bu məsələyə cəlb etmək istəyirdi. Çox maraqlıdır ki, bu kontekstdə Azərbaycan rəhbərliyində İrəvan məsələsi yenidən gündəmə gəlir. Xoyski İstanbuldakı Azərbaycan nümayəndə heyətinin rəhbəri M.Ə.Rəsulzadəyə Gəncədən 1918-ci il 31 iyulda yazırdı ki, əgər ermənilər Qarabağa iddia irəli sürsə, onda İrəvanın və Qazax qəzasının bir hissəsinin onlara güzəşt edilməsindən imtina edin.
…İstanbul konfransı baş tutmadı. Osmanlı imperiyası da müharibədə məğlub oldu. Ermənilərin mövqeyi möhkəmləndi. 1918-ci il oktyabrın 30-da İngiltərə müttəfiqlərin adından Osmanlı imperiyası ilə Mudros müqaviləsi imzaladı. Bu müqavilə faktik olaraq Osmanlı imperiyasının varlığına son qoydu. Osmanlı imperiyasının torpaqları bölüşdürüldü. Avropanın yaratdığı Şərq məsələsi həllini tapdı. Mudros müqaviləsi ilə Batum müqavilələri, o cümlədən Osmanlı-Ermənistan müqaviləsi də əhəmiyyətini itirdi. Beləliklə, I Dünya müharibəsində məğlub olan Osmanlı və Almaniyanın müttəfiqləri olan Azərbaycan və Gürcüstandan fərqli olaraq Ermənistan üçün əlverişli şərait yarandı.
Mudros müqaviləsindən sonra İngiltərə bölgədə əsas söz sahibinə və ermənilərin müdafiəçisinə çevrildi. Onlar bölgəni tərk etmək qərarına gəldikdə burada ABŞ və Fransanın möhkəmlənməsinin qarşısını almaq məqsədi ilə İtaliyanın güclənməsinə çalışdılar. İtaliyada belə bir imkan olmadığından əsas təşəbbüs ABŞ-a keçdi. 1919-cu il mayın 14-də Paris sülh konfransı Ermənistan mandatını ABŞ-a verdi. Bu dəyişikliklərə baxmayaraq, müttəfiqlər Ermənistana xüsusi diqqət yetirirdi. Ermənistan da bu fürsətdən istifadə edərək soyqırımı vasitəsi ilə əlində olan torpaqlarda azərbaycanlıların etnik təmizlənməsini həyata keçirməklə bərabər, yeni torpaqlar ələ keçirməklə ərazisinin genişləndirilməsini də dövlət siyasətinə çevirdi. 1918-ci ilin noyabr-dekabr aylarında Qarakilsə və Aleksandropol tutuldu. Borçalı uğrunda Gürcüstanla müharibə başladı. İngilislərin də yaxından iştirakı ilə Araz Türk Respublikasına (1918, noyabr-1919, mart) və Cənub-Qərbi Qafqaz respublikasına (1919, yanvar-aprel) son qoyuldu. Kars, Oltu, Kağızman və s. yerlər işğal olundu. Hətta iş o yerə çatdı ki, 1919-cu il mayın 28-də Ermənistan “birləşmiş və müstəqil respublika” elan edildi, Türkiyə erməniləri də parlamentə daxil edildi. 1919-cu ilin yanvarında Paris sülh konfransının açılması ilə ermənilər əlavə bir stimul da əldə etdilər. Ermənistan hökuməti bölgədə yeni ərazilər uğrunda mübarizə apardığı kimi, erməni nümayəndə heyətləri də Parisdə bu məqsədə nail olmaq üçün fəaliyyətə başladı”.

Elçin Qaliboğlu