“Ermənistanın dövlət səviyyəsində olan terrorçu mahiyyətini açmalıyıq” Layihə

“Ermənistanın dövlət səviyyəsində olan terrorçu mahiyyətini açmalıyıq”

İlqar İlkin: “Bu informasiya müharibəsilə baş verməlidir və biz gecikmədən bu savaşı da zəfərlə bitirməliyik”

“Bu təbliğat yüzillik yalanlara dayanır, bir çox super dövlətlər tərəfindən müdafiə olunur, propaqandası aparılır. Bu onilliklər ərzində müxtəlif beyin mərkəzləri tərəfindən sistemli şəkildə icra olunub və olunmaqda davam edir”.
Müsahibimiz Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin icra katibi, “Birlik” jurnalının baş redaktoru İlqar İlkindir.
-Uzun illərdir diaspor sahəsində fəaliyyət göstərirsiniz. Vətəndaş cəmiyyətinin təmsilçisi olaraq Azərbaycan həqiqətlərinin xarici ölkələrdə təbliği istiqamətində atılan addımları necə qiymətləndirirsiniz və bu istiqamətdə daha nələri etmək lazımdır?
-Biz mənzərəni tam aydın görmək üçün diaspor istiqamətində görülən işləri mərhələlərə ayırsaq daha yaxşı olardı. İlkin mərhələdə xarici ölkələrdə diaspor təşkilatları yaransa da, çox hallarda dağınıq şəkildə fəaliyyət göstərilirdi. Bir növ 2006-ci ilə qədər olan bu dövr diaspor təşkilatlarımız arasında bir çox hallarda fikir ayrılıqları, pərakəndə fəaliyyətlə yadda qalırdı. 2006-cı ildən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan və Türk diaspor təşkilatlarının birlik və bərabərliyinə səslənərək, hücum diplomatiyasına çağırışları diaspor istiqamətində yeni bir mərhələ başlatdı. Türk diaspor təşkilatlarının birgə mübarizəsi erməni lobbisinə qarşı sistemli fəaliyyət hiss olunmağa başladı. 2008-ci ildən daha da genişlətilən bu fəaliyyətin təsiri ilə İlham İsmayılovun rəhbərliyi ilə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi yaradıldı və yarandığı gündən də əsas hədəfimiz Avropada, xüsusilə Avropanın siyasi mərkəzlərində Azərbaycan və Türk diaspor təşkilatları ilə birgə Azərbaycan həqiqətlərini Avropa ictimayyətinə tanıtmaq olmuşdur. Təbii ki, Xocalı soyqırımının tanıdılması, torpaqlarımızın işğalı, Ermənistanın regionda yaratdığı gərginlik uzun illər Avropada tanıtmaq istədiyimiz əsas mövzular oldu. İstər dövlət səviyyəsində, istərsə də diaspor təşkilatları vasitəsilə dünyanın əsas aparıcı dövlətlərində kifayət qədər ciddi layihələr həyata keçirilib. Bəzən bu prosesi kənardan müşahidə edən adamlar, görülən işləri önəmsəməyən adamlar da olur. Amma mən bu sözləri deyərkən 44 günlük Vətən müharibəsində dünya dövlətlərinin və bir çox təşkilatların sərgilədiyi mövqeyi göz önünə gətirərək, uzun illər çəkilən zəhmətlərin hədər getmədiyinin fərqində olmuşam. Bəzən görünməyən, xəbərimiz də olmadan görülən elə layihələr olub ki, onlar Vətən müharibəsində informasiya müharibəsində bizim yararımıza olub. Demək istəyirəm ki, uzun illər diaspor istiqamətində görülən işlər, bütün əyər-əskikliyinə baxmayaraq, ümumi mənafemizin yararına olub. Hesab edirəm ki, 8 noyabr Zəfərindən sonra diaspor istiqamətində tam yeni bir mərhələ başlayır. Bu həm də bizim üçün həlledici bir mərhələ olmalıdı.
-Həlledici mərhələ deyərkən, nəyi nəzərdə tutursunuz?
-Bilirsiniz, biz bu vaxtadək xaricdə əsasən fəaliyyətimizi dörd istiqamət üzrə cəmləşdirirdik; Birincisi, Ermənistanın Azərbaycan torpaqlarını işğalı və BMT-nin yerinə yetirilməli olduğu dörd qətnamənin yerinə yetirilməsi. İkincisi, Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımının tanıdılması. Üçüncü, Ermənistanın işğalçılıq siyasəti bitənə qədər Türkiyə ilə sərhədlərin aşılmaması. Nəhayət, arxivlərinin açılması və sözdə “erməni soyqırımı” yalanlarının əsl mahiyyətinin bəyan edilməsi. Biz 44 günlük Vətən müharibəsi dövründə BMT-nin 30 ilə yaxın vaxt ərzində yerinə yetirilməyən qətnamələrinin tələblərini yerinə yetirərək, zəfər qazanmışıq. Xocalı soyqırımının tanıdılması işini davam etdirməliyik. Üstəlik, ermənilər hələ də qardaş Türkiyəyə qarşı ərazi iddialarından və sözdə soyqırım yalanlarından əl çəkməyib. Bir neçə gün sonra 24 aprel tarixində yenidən erməni lobbisinin aktivləşdiyini görməkdəyik. Və ən nəhayət, Ermənistan tarixi gerçəkliklərlə üzləşməkdən qorxduğu üçün arxivlərini açmaq əvəzinə Türkiyəyə qarşı olmayan bir hadisədən siyasi məqsədləri üçün istifadəyə davam etməkdədir.
-Xocalı soyqırımına daha çox xarici ölkələrin hüquqi və siyasi qiymət verməsi üçün nələri etməliyik?
-8 noyabr Zəfəri Xocalı soyqırımının tanıdılması üçün də yeni bir mərhələ ola bilər. Əvvəllər bir çox dövlətlər Xocalı soyqırımının tanınmasını siyasi qərar olaraq düşünə bilərdilər ki, bu da Ermənistan və onun havadarları ilə ortaq maraqlarını qorumaq məqsədi güdə bilərdilər. Amma bu günün reallıqları artıq çox fərqlidir. Belə ki, Cənubi Qafqazda artıq bütün dünyanın gözü qarşısında qalib bir Azərbaycan və barbar, arxasında xarabalıqlar qoymuş bir Ermənistan və erməni zehniyyəti görünməkdədir. Ona görə də Xocalı kimi tarixdə baş vermiş çox zalımcasına törədilmiş bu soyqırımı unudulmağa qoymamalıyıq, tarixi gerçəklik öz layiqli qiymətini almalıdır. Bununla paralel olaraq, Ermənistanın işğal etdiyi torpaqlarda törətmiş olduğu bütün qəddarlıqları dünya ictimayyətinə təqdim etməli, beynəlxalq məhkəmələrin qapısını daima döyməliyik. Təbii ki, bu işdə biz ilk növbədə beynəlxalq təşkilatlarla və media ilə ciddi əlaqəli çalışmalıyıq.
-Bəs, Azərbaycan mediasının xarici ölkə mediası ilə əlaqələri istiqamətində hansı addımlar atılmalıdır və bununla bağlı hazırkı vəziyyət qənaətbəxdirmi?
-Bəzən bu fikir çox səslənir və bu istiqamətdə əskiklərimiz də söylənir. Təbii ki, beynəlxalq mediada təbliğatın qurulmasına ölkə olaraq həmişə maraqlı olmuşuq. Amma bu yalnız işin bir tərəfidir. Həmin media qurumlarının bizimlə əlaqə qurmalarını nə qədər arzuladıqları da işin əsas hissəsidir. Fikir verirsinizsə, Ermənistanın Azərbaycan torpaqlarını işğalda tutduğu dövrlərdə Ermənistandan keçməklə Dağlıq Qarabağ ərazisinə səyahət edən xarici media nümayəndələri çoxluq təşkil edirdi. Bu həm Ermənistan dövlətinin siyasəti idi ki, işğalçılıq siyasətinə hüquqi don geyindirsin, işğalı leqallaşdırsın. Həm də erməni lobbisi və diaspor təşkilatları bu işə kifayət qədər vəsait xərcləyirdilər. Lakin hesab edirəm ki, postmüharibə dövründə bu istiqamətdə fəaliyyət tamamilə dəyişməyə doğru gedir. Bu həm müharibə dövründə Azərbaycanın xarici mediaya qarşı yürütdüyü məqsədyönlü siyasət, Azərbaycan Prezidentinin timsalında gerçəklikləri daha dolğun və inkaredilməz bir şəkildə təqdim etməsi ilə bağlı olmuşdur. Son vaxtlar biz Qarabağın işğaldan azad olunmuş ərazilərində xarici media və təşkilat sədrlərini, diplomatları tez -tez görürük. Bu səfərlər mütamadi təşkil olunmalı, xarici mediada ermənilərin xarabalığa çevirdikləri kəndlərimiz, qəsəbələrimizin son durumları dünya ictimayyətinə təqdim olunmalıdır. Xarabalığa çevrilmiş həmin yerlər ermənilər üçün daima üzqaralığına çevrilməlidir. Necə ki, bir vaxtlar erməni lobbisi Dağlıq Qarabağa xarici media nümayəndələrinin səfərlərini təşkil edirdilər, bu gün artıq bu işi tamamilə öz əlimizə almalı, ermənilərin törətdiyi vəhşiliklərlə onların tanış olmasına çalışmalıyıq. Bu işdə təbii ki, xaricdə olan diplomatik korpuslarımız da kifayət qədər aktivlik göstərməlidirlər.
-Bəs, Azərbaycan diasporu, media və diplomatik korpuslar koordinasiyalı fəaliyyəti üçün hansı addımları atmalıdır?
-Bakıda keçirilən Dünya Azərbaycanlılarının Qurultayında Azərbaycan Prezidenti diplomatik korpuslarla diaspor təşkilatları arasında kordinasiyanın zəif olduğuna, onlar arasında bir çox hallarda gərginlik olduğuna diqqət çəkmişdi. Uzun illərdir ki, bir çox xarici ölkələrdə müxtəlif tədbirlər keçirmişik. Bu tədbirlər keçirilən ölkələrin hamısında demək olar ki, diaspor təşkilatlarımızla diplomatik korpus arasında münasibətlərdə sərinlik hiss etmişəm. Hesab etmişəm ki, umu-küsülərin olmaması üçün səfirliklərimiz daha çox əmək sərf etməlidirlər, çünki onlar dövlətimizi təmsil edirlər və həmin ölkədə güclü diasporun olması onların fəaliyyətlərində müsbət təsirini göstərəcək. Fikrimcə, heç bir səfir olduğu ölkədə Azərbaycan diaspor təşkilatları arasında gərginliyin olmasına imkanı yetdiyi qədər izn verməməlidir. Həmin ölkələrdəki diaspor təşkilatları diplomatik korpuslar üçün bir dayaq məntəqəsi, güvənc yeri olmalıdır. Necə ki, biz Vətən müharibəsi dövründə diaspor təşkilatlarımızın varlığının həmin ölkələrdə diplomatik korpuslar üçün də nə demək olduğunu görmüş olduq.
- Vətən müharibəsində qələbə qazansaq da informasiya savaşında mübarizə davam edir. Bu cəbhədə tam üstünlüyü ələ almışıqmı, yaxud daha effektiv fəaliyyət üçün nə lazımdır?
-Yuxarıda da qeyd etdiym kimi, biz bir neçə istiqamətdə ermənilərin təbliğat maşınını hələlik tam susdurmamışıq. Bu təbliğat yüz illik yalanlara dayanır, bir çox super güc dövlətlər tərəfindən müdafiə olunur, propaqandası aparılır. Bu onilliklər ərzində müxtəlif beyin mərkəzləri tərəfindən sistemli şəkildə icra olunub və olunmaqda davam edir. Əslində biz 44 günlük müharibə dövründə ermənilərin və onların havadarlarının yüz illik planlarını alt-üst etmişik. Ona görə də erməni cəmiyyəti, erməni lobbisi və onların havadarları hələlik şokdan ayılmayıblar. Onların gözləntiləri tam tərsinə dönüb. Biz bu məqamı tam fürsətə çevirməliyik və onların bir daha revanşizm meyllərinin yaranmaması üçün nə mümkünsə etməliyik. Bu fürsəti biz xarici media vasitəsilə həm də dünya ictimayyətindən dəstək alaraq edə bilərik. Erməni vəhşiliyi və dövlət səviyyəsində aparmış olduğu terror mahiyyətini açmaqla onları Qafqaz regionunda cilovlamağı başarmalıyıq. Bu informasiya müharibəsilə baş verməlidir və biz gecikmədən bu savaşı da zəfərlə bitirməliyik.
-Redaktoru olduğunuz “Birlik” jurnalı Türk dünyası ilə müntəzəm əməkdaşlıq edir. Türkdilli ölkələrlə media sahəsində əməkdaşlığın perspektivlərini necə görürsünüz?
-Jurnalımız daha çox Türk xalqlarının tarixi keçmişi, ortaq mədəniyyəti, ortaq maraqlarına və birgə diaspor fəaliyyətinin təşviqinə fokslanıb. Türk xalqlarının birliyinə nail olmaq üçün öncə onların tarixinin ortaq olduğunu, eyni faciələri yaşadığımızı anlatmalıyıq. Bu gün Türk dövlətləri arasında birlik və bərabərliyə hər biri ehtiyac duyur. Qarabağ probleminin həlli və bu məsələdə Azərbaycan və Türkiyənin qardaş kimi dirənci bütün dünya türklərinə yeni bir özgüvən gətirib. Dağlıq Qarabağ probleminin həlli bizim üçün açar rolunu oynayırdı. İnanıram ki, yaxın illərdə qarşımızda duran bütün problemləri birlikdə həll edəcəyik. Bu inamı həm də Türk Şurasına olan ciddi maraq və onun artıq dünyada ciddi bir əməkdaşlıq və qardaşlıq platforması olduğuna inamın artmasıdır.

Əli Zülfüqaroğlu