“1905-1906-cı illərdə erməni-müsəlman davası” Layihə

“1905-1906-cı illərdə erməni-müsəlman  davası”

M.M. Nəvvab: "Tüfəng bazarda 20 manata satılırdısa, onlar 100 manata, tapança 6 manata olduğu halda 30 manata alırdılar"

IV yazı

Ötən sayımızda ermənilərin Naxçıvanda, İrəvanda və Bakıda törətdiyi soyqırımlar haqqında danışmışdıq. M.M.Nəvvab yazır ki, Naxçıvanda, İrəvanda və Bakıda baş verən iğtişaşlar zamanı İran təbəələrindən olan müsəlman camaatından da məzlum və şəhid olduğunu eşidən Təbriz əhli buna dözməyib qəzəblənir, bazar-dükanı bağlayıb üz qoyurlar erməni məhəllələrinə tərəf: "Onlar yuxarıda göstərilən şəhərlərdə nahaq yerə öldürülmüş müsəlmanların qanının əvəzini çıxmaq üçün ermənilərin üstünə gedirdilər. Əhvalatdan xəbərdar olan ermənilər dəhşətə gələrək böyük-kiçik, övrət-uşaq qapıları bağlayaraq dad-fəryad qoparırlar və əhvalatı Təbriz hakiminə çatdırırlar. O, isə erməniləri mühafizə etmək üçün erməni-müsəlman məhəllələrinin arasına qoşun yeridir. Qoşun dəstələri tüfənglərini çəkib atəşə hazır vəziyyətdə dayanırlar. Bununla da Təbriz hakimi ermənilərin öldürülməsinin və evlərinin qarət edilməsinin qarşısını aldı. Bir neçə gün ərzində Təbrizdə sakitlik yaradıldı. Bundan sonra Təbriz hakiminin əmri ilə ermənilərdən bütün silah və sursatın (tüfəng, güllə, tapança və s.) hamısını yığdılar. Təbrizin erməni camaatı teleqraf və məktubla katolikosa və yerli din xadimlərinə müraciət etdilər ki, ermənilər sakit oturub ədavət törətməsinlər. Çünki əks təqdirdə biz burada müsəlman əhalisi tərəfdən qətlə yetirilə bilərik.
Yenə bu tarixdə etibarsızlığı və nahaq yerə qan tökməyə və müsəlmanlara qarşı qəddarlığı ilə hamıya yaxşı məlum olan erməni tayfası bir para müsəlman əhlini guya ermənilərin özündən qorumaq və mühafizə etmək üçün onları şirin dilə tutub evlərində sığınacaq verirlər. Sonra isə onları qətlə yetirib, bədən üzvlərini kəsmiş, başlarına nal və mismar çaldıqları müsəlmanlara məlum olmuşdu. O cümlədən, Xorasan əhli də bu əhvalatdan xəbərdar olan kimi qəzəblənib, həmin saat töküldülər erməni dükanlarının üstünə. Nə qədər mal və əşyaları var idi talan və tarac etdikdən sonra özlərini də qətlə yetirmək istəyərkən bir para divan əhli tez bunun qarşısını alaraq, ermənilərin qətlə yetirilməsinə imkan vermədilər".
Yenə erməni fürsətcilliyi və amansızlığı: "1905-ci ildə Tiflis şəhərində Qafqaz namestniki (canişini) öz övrəti ilə faytona minib küçələrin birindən keçdiyi zaman çoxdan fürsət axtaran erməni qımdatlarından 4 nəfər həmin faytonun üzərinə hücum çəkərək, xəncər ilə namestniki bir neçə yerindən yaralayıb qaçdılar. Canişinin yanında olan kazak erməninin birini öldürdü, o biriləri isə qaçıb gizləndilər. Yenə bu tarixdə divana qulluq edən bir ləzgi müsəlmanını rus xəzinəsinin qabağında ermənilər tapança ilə vurub öldürdülər. Əhvalatdan xəbərdar olan Şuşa qalasının müsəlmanları böyük icma ilə gedib həmin ləzginin cəsədini tabuta qoyub böyük məscidin həyətinə gətirirlər. Qüsl verdikdən sonra isə aparıb qəbiristanlıqda dəfn edirlər. Müsəlmanların qəzəbindən ehtiyat edən ermənilər acizanə surətdə müsəlmanlardan üzrxahlıq etdilər ki, həmin ləzgini rus bilib öldürüblər. Ona görə qatilin bağışlanmasını xahiş etdilər.
... Şuşa qalasında erməni camaatı rus tayfasından bir böyük vəzifəli şəxsi tapança ilə öldürdülər. Həmin bu rus ilk dəfə Qalaya gələndə kasıb olduğundan bir manata belə möhtac imiş. Amma öləndən sonra onun evindən külli miqdarda nəğd pul və əşya çıxmışdı. Buradan aydın oldu ki, o dövlətə xəyanət edib erməni və müsəlmanlardan rüşvət alırmış. Xülasə, erməni tayfası bu qəbil şəxslərdən Qalada və kəndlərdə çox öldürürdülər. Bütün bunlara baxmayaraq, müsəlmanlar onlara (ermənilərə) mehribanlıq və hörmət göstərirdilər. Belə ki, bu tarixdə Şahnəzərovlar nəslindən Qriqor ağa adlı birisi vəfat etmişdi. Müsəlmanların əyan və əşrafları toplaşıb onun dəfn mərasimində iştirak etdilər. Qriqor ağanı tabuta qoyub müsəlmanlar öz qayda-qanunları ilə çiyinlərinə alaraq qəbiristanlığa aparıb dəfn etdilər. Onun özü və ata-babaları (Bəhram bəy, Cəmşid bəy və Məlik Şahnəzər) müsəlmanlara çox böyük rəğbət bəslədiklərinə görə Qalanın müsəlman camaatı bir neçə gün yas mərasimində iştirak etdilər".
Kitabda 1905-ci ildə Şuşada baş verən hadisələrdən bəhs olunur. Nəvvab yazır: "Şuşa qalasında erməni tayfasının bir para nalayiq işlərinə görə müsəlmanlar dözmədiyindən hər iki tayfa arasında böyük bir iğtişaş baş verdi və az qaldı ki, qan su yerinə axsın. Hər iki tərəfdən xeyirxah məsləhətçilər odu yatırmağa çalışdılar. Bir neçə dəfə erməni xəlifəsi və keşişləri, eləcə də min nəfərə yaxın əyanlar və bazar əhli məscidə gəlib dualar və xütbələr oxudular. Bununla da müsəlmanlarla sülhü bərqərar eyləyib şad-xürrəm geri qayıtdılar.
...Bir gün müsəlman cavanlarından bir neçəsi bazara gəlib qəflətən qışqıraraq dedilər ki, ay müsəlmanlar, nə qafil oturmusunuz? Ermənilər tökülüb təzə məhəlləni tar-mar edirlər. Bazar əhli bu dəhşətli xəbəri eşidən kimi qəzəbləndi və həmin anda dükanları bağlayıb, bazar camaatının bir parası silahlarını götürüb Təzə məhəlləyə tərəf yüyürdü. Bir parası isə tüfəng və tapançalarını doldurub bazarda olan ermənilərin üzərinə hücum çəkdi. Ermənilər bu vəziyyətdən qorxuya düşüb kimisi dükanı bağlayıb qaçdı, kimisi isə dükanın içinə girib qapını daxildən bağlayıb gizləndi. Bəziləri isə qonşuluqda olan müsəlman evlərində gizlənib özlərini xilas etdilər. Bu iğtişaş başlayarkən, Təzə məhəlləyə getmiş silahlı adamlar geri qayıdıb xəbər gətirdilər ki, deyilənlər yalandır. Odur ki, mollalar və seyidlər gəlib ermənilərə təskinlik verdi ki, bu iğtişaş səhvən olub. Bazar əhlinin tələbi ilə yalan danışmış adamı tutub çəkə-çəkə bazara gətirdilər. Onlar yığışıb söyə-söyə bu yazığı o qədər döydülər ki, az qaldı ölsün. Binəvanın başına o qədər vurmuşdular ki, beyni xarab olub dəli olmuşdu. Uzun müddət müalicə olunmadı. Sonra Tiflisə aparsalar da, orada müalicənin əhəmiyyəti olmamış, hicri 1323-cü (1905)-ci ilin zilhiccə ayında vəfat etdi. Həmin adam hamamçılardan Kərbəlayı Abbasın oğlu Məşədi Qurban idi.
Bu günlərdə şəhərdə iki məşhur şəxs vəfat etmişdi. Bu xəbəri eşidən müsəlmanlar 3 günlüyə dükan-bazarı bağlayıb məscidi-camidə matəm saxladılar. Erməni xəlifəsi bu xəbəri eşidən kimi camaat ilə məscidə gəlib başsağlığı verir və öz adətləri ilə İncildən dua oxuyub gedirdilər. Beləcə ermənilərlə müsəlmanlar alış-veriş edib bir müddət sakit dolanırdılar. Amma hər tərəfdən xəbər gəlirdi ki, erməni qımdatlarının arasında dava etmək xüsusunda böyük məsləhətləşmələr gedir.
Onların, yəni qımdatların üçdə iki hissəsi müsəlmanlarla dava etməyi hələlik məsləhət bilmirdilər. Qalan üçdə bir hissəsi isə müsəlmanlarla davanın zəruri olduğunu söyləyirdilər. Onların qarşısına qoyduğu məqsəd bütün müsəlmanların ev-eşiyini tar-mar etmək, özlərini qətlə yetirmək, Şuşa qalası kimi möhkəm bir şəhəri ələ keçirmək, ondan sonra isə tədarük etdikləri bütün silahla ruslara qarşı müharibə elan edib azadlığa nail olmaq idi. Bu arada bir nəfər gəlib müsəlmanlara xəbər verir ki, bir iranlı qərib seyid bir erməni ilə alış-veriş edəndə erməni ona nalayiq sözlər deyərək hörmətsizlik edib. Xalq bundan hiddətlənərək məscidin həyətinə toplaşır. Mən də məscidə gəlib həmin təhqir olunmuş seyidi görmək üçün onun dalınca bir adam göndərdim. Onu mənim yanıma gətirdilər. İçəridə və bayırda müsəlman camaatı qaynaşırdı.
Erməni məhəlləsinin hakimi Qasım bəy (müsəlman) bizim yanımıza gəldi. Vəziyyəti belə görüb həmin həkim Kiki (erməni) adlı Duma deputatına bir məktub yazır və qeyd edir ki, həmin müqəssir erməni bir qrup adamla gəlib seyidlə barışsın ki, bu iğtişaşa son qoyulsun. Həmin Kiki müqəssiri 30 nəfərəcən sövdəgər ermənilərlə birlikdə bizim yanımıza gətirdilər. Levon adlı müqəssir gəlib seyidin əlini öpüb üzr istəyir və beləliklə də, camaat sakitləşir.
Belə tədbirlər nəticəsində hiddətlənmiş camaatı sakitləşdirmək mümkün olurdu. Odur ki, müsəlman və erməni böyükləri, eləcə də qazı və keşişlər bir din xadimi və iki nəfər mülki şəxsdən ibarət qruplar yaradıb kənd yerlərinə və bağlara göndərirdilər ki, əhaliyə nəsihətlər verib sakitləşdirsinlər. Bununla da, iki millət arasında baş verə biləcək iğtişaşın, müvəqqəti də olsa, qarşısını alırdılar. Bir neçə vaxt bu iki xalq arasında sakitlik yarandı. Buna baxmayaraq, ermənilər öz fitnə-fəsadlarından əl çəkmirdilər. Sadəlövh müsəlmanlar isə onların bu hiylələrinə inanıb heç bir tədbir görmürdülər, amma bu hiyləgər tayfa gizlincə tədarük görüb yollar üzərində, gizli yerlərdə və hündür qayalarda səngərlər yaradırdılar. Onlar müsəlmanlarda olan silahları ələ keçirmək üçün belə bir hiylə işlətdilər. Əgər tüfəng bazarda 20 manata satılırdısa, onlar 100 manata, tapança 6 manata olduğu halda, 30 manata alırdılar. Sadədil müsəlmanlar silahların ermənilər tərəfdən belə baha qiymətə alındığını görüb evlərində nə qədər silah və sursat var idisə, tamamən ermənilərə satdılar".
Nəvvab bir məqama ayrıca toxunur ki, dövlətin başı yapon-rus müharibəsinə qarışdığına görə Qarabağda baş verən iğtişaşlara məhəl qoymurdular: "Dövlətin göstərişi ilə bu iki tayfa arasında sülh yaratmaq üçün və hər cür iğtişaşların qarşısını almaq üçün müsəlmanlar toplaşıb bir neçə nəfər tədbirli adam seçib bir məclisi-xeyriyyə yaratdılar. Həmin seçilmiş şəxslər müsəlman camaatına xəbər etdi ki, erməni tayfası hiylə işlədərək müsəlmanlardan silahı toplamaq məqsədilə həmin silahları müsəlmanlardan olduqca baha qiymətə alırlar. Axırda həmin silahlarla müsəlmanların özlərini qətlə yetirəcəklər. Bundan sonra müsəlmanların ermənilərə silah və sursat satmağı qadağan edildi. Hər məhəlləyə xüsusi adamlar təyin edildi ki, hər kəsin erməni tayfasına silah satmasına imkan verməsin. hər ailəyə tapşırıldı ki, öz imkanı daxilində bir və ya iki tüfəng, tapança və patronlar alıb evində hazır saxlasınlar. Odur ki, müsəlmanlar satdıqları silahların əvəzinə, birə-beş satdıqlarından da baha qiymətə yeni sursatlar almaq məcburiyyəti qarşısında qaldılar. Bundan sonra müsəlmanlar ermənilərin hiylələrindən agah olub bir balaca ayıldılar. Evlərdə lazım olan ərzaq tədarükü də görməyə başladılar. Kənd yerlərində yaşayan camaatı da ermənilərin bu hiyləsindən xəbərdar etdilər və silah almalarını məsləhət gördülər".

Uğur