Yaxşı adamlar olmasaydı… Cəmiyyət

Yaxşı adamlar olmasaydı…

Bu dəfəki söhbətimin qəhrəmanı qələm adamıdır. Hələ tələbə olduğu illərindən yaradıcılıqla məşğul olur. Elə o vaxtlardan da, şeirləri vaxtaşırı qəzet və jurnallarda işıq üzü görür. Müsahibələrinin birində deyir ki:- “Bakıda tələbə olanda sanırdım ki, kəndimiz mənim ürəyimdə, qəlbimdə şəhərə köçüb. Orada elə bir ocaq var idi ki, odunun istisi şəhərə çatırdı. Orada elə bir bulaq var idi ki, burada da dodağım suyundan dadırdı. Bir dəfə də sözümü sındırmayan, hər nazımı çəkən, könül sazımı dilləndirən, üzü dağlara, gözü yollara baxan kəndimiz elə bil məni çəkirdi. Həmin dövrdə təkcə mən yox, bir çox qələm adamları kəndə can atırdı. Bundan əlavə o illərdə kəndlərdən şəhərə böyük insan axınının qarşısını almaq üçün təbliğat da aparılırdı. Mən isə, ürəyimin diktəsi ilə kəndə qayıtdım. 25 il orada müəllim işləməklə bərabər, yaradıcılığımı da davam etdirdim.”

Filologiya elmləri doktoru Füzuli Bayat onun haqqında yazır: “Onu bir şair kimi digərlərindən fərqləndirən hisslə ağılı, düşüncə ilə duyğunu poetik deyimlərinə qata bilməsindədir. Onun poetik yaradıcılığını iki müstəvidə dəyərləndirmək olar: lirik duyğuların tərənnümü və yaşadığı dünyanın ziddiyətlərini bir az cəsarətlə, bir az üstüörtülü, bir az da imalarla təqdim edən ictimai məzmunlu şeirləri. Onun şeir dünyasında doğma yerlərə heyranlıq hiss edilir. Təbiətin gözəlliyi, kəndin saflığı onun lirikasında ecazkarlaşır, estetik çalarlarla oxucuya təqdim olunur. Onun təbiət lövhələri silsiləsi içində də dili duru, deyilişi səmimi olan şirləri var, ancaq uşaqlar üçün yazdığı şeirlər daha orijinal və daha lakonik, daha səmimi təsir bağışlayır...”

O, 2 may 1957-ci ildə Masallı rayonunun Təzə Alvadı kəndində dünyaya gəlib. 1974-cü ildə orta təhsilini başa vuraraq Bakıya üz tutub. Burada o, BDU-da ali təhsilə yiyələnib. Sonra iyirmi iki il doğulub böyüdüyü kəndin orta məktəbində müəllim işləyib. Bir müddət müstəqil jurnalist kimi fəaliyyət göstərib. 2003-2006-cı illərdə “Respublika” qəzetinin Sankt-Peterburq, 2007-2014-cü illərdə isə Moskva şəhərləri üzrə xüsusi müxbiri olub. 2014-2018-ci illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətinin “Carçıfilm” yaradıcılıq birliyində böyük redactor işləyib. Hal-hazırda AMEA-nın Ensklopediya Elmi Mərkəzində böyük elmi redaktor vəzifəsində çalışır. Bir sıra şeir və publisistik kitabların müəllifidir...

“Bizim nəsil, yəni 80-cilər o zaman çox fəal idi. Elə mən də şeir-sənətlə nəfəs alırdım. Ona görə də paytaxtdakı ədəbi mühit üçün çox darıxırdım. Ayda bir və ya iki dəfə ədəbi dərnəklərdə iştirak etmək üçün şəhərə üz tuturdum. Beş il tələbə kimi yaşadığım Bakı indi məni qonaq kimi qarşılayırdı. Gündə neçə dəfə keçib gəldiyim küçələr elə bil məni unutmuşdu. Elə dərnəklərdəki bəzi qələm dostlarımız da mənim kimilərə "əyalət şairi" kimi baxmağa başlamışdı. Buna baxmayaraq, kəndə qayıdıb gecələr xoruz banına qədər oturaraq Nazim Hikməti, Orxan Vəlini, Aşıq Ələsgəri və digər yazarlarımızı mütaliə edirdim. Bəzi biganəlikləri görəndə düşünürdüm ki, sözümün canı varsa da, görünür kəsəri azdı... "Gözünə döndüyüm bu kəndin", "Bakı şəhərinə açıq məktub", "Papaq altda kişilər var" və bu kimi bir sıra şeirlərim məhz həmin dövrdə yarandı.”- söyləyir.

Səbirli və məsuliyyətli adamdır. Humanist, istiqanlı, çalışqan və soyuqqanlıdır. Cəmiyyət içində ön planda olmağı, seçilməyi xoşlamır, sakit yaşamağı və özünü təmkinli aparmağı bacarır. İncə və səmimi yumoru yaxşı duya bilir. Çox emosionaldır və hamıya qarşı mehriban olmağa çalışır...

Əməkdar jurnalist, şair-publisist Əli Nəcəfxanlı onu belə xarakterizə edir: “O, gözəl dostdur, 30 ildir ki, onunla ailəvi yaxınlıq edirik. Qonaqpərvər, hər kəsə can yandırandır. Rəhmətlik atasından keçib bu keyfiyyətlər ona. Atası Əlisa kişi Masallının sayılıb seçilən kişilərindən biri olub. Vaqif Səmədoğlu, Rəfiq Zəka Xəndan kimi böyük kişilərin böyük övladları ilə dostluq edib. Onlar Masallının Təzə Alvadı kəndində- Əlisa kişinin evində dəfələrlə qonaq olub və söhbətləri ilə uşaq ikən dostumuzda sözə, sənətə sevgi yaradıblar. Onun gənc yaşında ilk şeirlər kitabının çıxması da bunun nəticəsi olub. O, atasından qəbul etdiyi estafeti layiqincə davam etdirir. Adi bir misal: ona zəng edəndə həmən "otboy" verib özü telefon açır ki, sənin "kontur"un işlənməsin. Elə bunun özü şair dostumuzun həssaslıq və qayğıkeşliyinin bir təzahürüdür. O, qələminin fəhləsi olanlardandır. Rusiyadan belə səfərlərə çıxaraq, soydaşlarımız haqqında materiallar toplayıb, oçerklər, kitablar yazıb. Göytəpə şəhəri haqqında qələmə aldığı kitabı isə onun hətta bir tarixçi-etnoqraf alim olduğuna dəlalət edir. Yorulmaz, usanmaz adamdır. Cığal, nadürüst kəsləri də az görməyib və üzlərinə vurmadan onlardan uzaqlaşıb. Bu kimi hallar onun bütövlükdə insanlara və insanlığa münasibətini dəyişməyib. Bu gün illər və qayğılar onun saçını ağartsa da, üzünü qara etməyib. Sanki fani dünyanın Süleymana qalmadığını çoxdan anladığı üçün gözü-könlü tox dolanır və yalanlara uymur...”

İnsanlığa böyük dəyər verir. Qayğıkeş və təəssübkeşdir. Ətrafdakılara ümid verməyi, şəfqət göstərməyi bacarır. Maddiyyatdan çox, mənəviyyata bağlıdır. Xülasə, o, əsasən sakit təbiəti və etibarlılığı ilə tanınan adamdır. Həyatda isə yavaş və əminliklə irəliləyir və riskli işləri xoşlamır...

Deyir ki:- “Mən hər zaman azərbaycançılıq ideyalarına, milli-mənəvi dəyərlərimizə yüksək önəm vermişəm. Müstəqilliyimizin ilk illərində məlum səbəblərdən çətin günlər yaşayırdıq. Mənfur düşmənin uzun illər ərzində formalaşmış təbliğat maşını istər Rusiyada, istər digər xarici ölkələrdə xalqımızın əleyhinə geniş kampaniya aparırdı. Bütün bu çətinlikləri aradan qaldırmaq üçün milli birliyə nail olmaq lazım idi. Məhz bu səbəbdən diaspor işi ilə maraqlandım. Xüsusən Rusiyadakı həmvətənlərimizdən kömək almaq, onların bu sahədə fəaliyyətini öyrənmək üçün oraya üz tutdum. İnanırdım ki, günləri nə qədər xoş keçsə də, qürbət qürbətdi. Sankt Peterburqda Nizami Gəncəvinin abidəsinin açılışından sonra diasporumuzun fəal nümayəndələri ilə görüşən Ümummilli liderimiz Heydər Əliyev oradakı diasporumuzun fəaliyyətini tərifləyir, onların işini təqdir edirdi. Məhz buna görə mən də Rusiyanın şimal paytaxtındakı diasporumuzun fəal nümayəndələri ilə görüşmək qərarına gəldim. Elə ilk görüşdən onlar məni yaxşı qarşıladılar və bizim birgə fəaliyyətimiz başladı. Sonralar diasporumuzun gördüyü işlər haqqında respublika qəzetlərində silsilə məqalələrim çıxdı, 2003-cü ildə isə "Neva sahillərində görüşlər" kitabım rus və Azərbaycan dillərində çap olundu. 2001-ci ildə xarici ölkələrdə yaşayan soydaşlarımızın birlik və həmrəyliyinə nail olmaq üçün Dünya Azərbaycanlılarının Birinci Qurultayının çağrılması Ulu Öndərimizin uzaqgörən siyasətinin nəticəsi idi. Sevinirəm ki, həmin qurultayın bölmələrinin birinin iclasında mən də öz sözümü dedim. Bu istiqamətdə fəaliyyətim sonralar da davam etdi. 2006-cı ildə 3 jurnalist həmkarımla birlikdə "Dünya azərbaycanlıları" kitabını azərbaycan və rus dillərində ərsəyə gətirdik və həmin kitablar II qurultayın nümayəndələrinə hədiyyə edildi.”

Bir sözlə, haqqında sevə-sevə danışdığım şair-publisist Süleyman Əlisa varlığı ilə dünyaya gözəllik qatan yaxşı adamlardan biridir. Bəli, yaxşı adamlar olmasaydı, bu dünyanın dəyəri də olmazdı...

Elman Eldaroğlu