Elmi Tədqiqat İnstitutu: Xəzər dənizi ciddi təhlükə altındadır Cəmiyyət

Elmi Tədqiqat İnstitutu: Xəzər dənizi ciddi təhlükə altındadır

Xəzər dənizi bu gün həm strateji, həm də ekoloji baxımdan ciddi təhlükə altındadır və onun qorunmasında bütün sahilyanı ölkələrin böyük məsuliyyəti var.

"Report" xəbər verir ki, bunu Su və Melorasiya Elmi Tədqiqat İnstitutunun su və meliorativ proseslərin modernləşdirilməsi sektorunun müdiri Kəminə Ağayeva Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – "Baku Water Week" (Bakı Su Həftəsi) çərçivəsində baş tutan "Xəzər dənizinin mövcud vəziyyəti, problemləri və həll yolları" adlı panel müzakirələrində deyib.

Onun sözlərinə görə, Xəzər dənizi yalnız təbii su hövzəsi deyil, həm də strateji əhəmiyyətli obyekt hesab olunur: "Xəzərə sahib ölkələrin həm ekoloji, həm strateji, həm də iqtisadi maraqları burada kəsişir. Azərbaycanın da maraqları bu üç parametr üzərində formalaşır. Hazırda ölkəmizdə neft hasilatının 90 %-i Xəzər dənizi hesabına təmin edilir. Digər tərəfdən, burada nərə balıqlarının qorunması xüsusi əhəmiyyət daşıyır. Strateji baxımdan isə Xəzər Azərbaycanın enerji resurslarının Avropaya çatdırılmasında mühüm rol oynayır".

K.Ağayeva qeyd edib ki, Xəzərin sahəsi təbii amillərin təsirindən 371 min – 429 min kvadrat kilometr arasında dəyişir.

Bildirib ki, hövzə ümumilikdə 8 ölkənin ərazisində formalaşır və qidalandırıcı çayların hər biri dənizin hidroloji balansında əhəmiyyətli rol oynayır.

Mütəxəssisin sözlərinə görə, Xəzərin əsas problemləri səviyyə dəyişmələri, çirklənmə, bioloji müxtəlifliyin azalması və sosial-iqtisadi təsirlərdir: "Son 30 ildə dənizin səviyyəsi 2,5 metr, son 10 ildə 1,5 metr, son 5 ildə isə 93 santimetr aşağı düşüb. Bu da hər il orta hesabla 20-30 santimetr enməni göstərir. Əsas səbəblər arasında iqlim dəyişiklikləri, su ehtiyatlarının həddən artıq istifadəsi və hidroloji balansın pozulması var".

K.Ağayeva bildirib ki, NASA peyklərinin məlumatlarına görə, Xəzərin səviyyəsində enmənin əsrin sonuna qədər davam edəcəyi gözlənilir: "Bəzi ssenarilərə əsasən, enmə 9-18 metrədək ola bilər. Bunun yaradacağı ekoloji fəsadların təsəvvür edilməsi çox çətindir. Ən çox zərər görəcək hissə isə Xəzərin şimal bölgəsi olacaq. Çünki ən dayaz ərazilər məhz oradadır. Bu isə bioloji müxtəlifliyə ciddi zərbə vura bilər".