Süni intellekt siyasi proseslərdə: müsbət və mənfi təsirləri Cəmiyyət

Süni intellekt siyasi proseslərdə: müsbət və mənfi təsirləri

Müasir dövrdə süni intellekt həyatımızın bir hissəsinə çevrilib və cəmiyyətdə baş verən bir çox proseslərə öz təsirini göstərməkdədir.
Qeyd edilir ki, həmçinin 2026-cı ildə hökumətlər üçün yeni çağırışlardan biri süni intellektin seçkilərə, ictimai rəyə və informasiya təhlükəsizliyinə təsiridir. Bir çox Qərb institutları artıq bunu milli təhlükəsizlik məsələsi kimi qiymətləndirir.
Süni intellekt yaxın gələcəkdə dövlətlərin siyasi idarəetməsinə və seçki proseslərinə necə təsir göstərə bilər?
“Xalq Cəbhəsi” mövzuya ekspertlərlə aydınlıq gətirib.
Siyasi şərhçi Azər Həsrət deyib ki, süni intellekt sadəcə olaraq seçki, siyasi proseslərə deyil, həyatımızın hər məqamına təsir etməyə başlayıb: “Hətta ən savadlı, ən bilgili, dünyagörüşlü insanlar da süni intellektin imkanlarından istifadə edir. Bu, yaxşıdır. Amma digər tərəfdən də süni intellektin bəzən istənilən sahədə, o cümlədən də siyasi proseslərdə mənfi təsirlərinə məruz qalırıq”.
A.Həsrət düşünür ki, süni intellekt yaxşı kəşfdir, amma onun zərərli tərəfləri də həddindən artıq çoxdur və onun qarşını almaq, nizama salmaq üçün tədbirlər görülməlidir: “Yəni dövlətlər daxili təhlükəsizlik, qlobal problemlər məsələlərini süni intellekt vasitəsilə həll edərkən diqqətli olmalıdırlar. Süni intellekt yanılda bilir. Təbiidir, bu, məqsədli də ola bilər, təsadüfi də. Həmçinin o, zərərli istiqamətə yönəldə bilir. Mən özüm təcrübədə buna az rast gəlməmişəm. O baxımdan narahatlığım var”.
O vurğulayıb ki, biz yenə də çalışmalıyıq ki, insan zəkası hər şeyin üzərində qalmağa davam etsin: “Süni intellekt olsun, istifadə edilsin, lakin son qərarı insan zəkası, dövlət ağlı versin. Bu zaman süni intellekt prosesə müdaxilə edə bilməz”.
“Süni intellektin zərərli tərəfləri var”
Siyasi şərhçi Şəhla Cəlilzadə bildirib ki, süni intellekt texnologiyalarının inkişafı yeni tendensiya olaraq dövlətləri bununla ayaqlaşmağa vadar edir: “Necə ki, vaxtilə, 18-ci əsrdə Sənaye İnqilabında geri qalan dövlətlər sonrakı dövrdə ümumi inkişafda geri qaldı və Qərbin hərbi, iqtisadi, mədəni, elmi imperializmi qarşısında təslim oldu. Eləcə də müasir dövrdə texnologiya nəhəngləri dünya siyasətində, iqtisadiyyatında, o cümlədən mədəni və psixoloji təsir baxımından üstünlüyə sahibdirlər. Məhz bu dövlətlər süni intellekt texnologiyalarında da öndədirlər. Lakin bütün texnologiyalar kimi süni intellektin də zərərli tərəfləri var. İnsanlıq bu zərərli tərəfləri görüb və onu idarə etməyi bacardığı dərəcədə süni intellektdən üstün olacaq. Ancaq süni intellektin insan beynindən daha sürətli öyrənmə və əməliyyatlar icra etmə imkanları insanları vacib dilemma qarşısında qoyur: süni intellektin insanlığa təhdid yaratmaması üçün nə etməli?”.
“Bu təhdidlər bir neçə qrupa bölünür”
Ş.Cəlilzadə bu təhdidlərin bir neçə qrupa bölündüyünü deyib: “Bu təhdidləri belə qruplaşdırmaq olar: 1.Süni intellektlə gücləndirilmiş kibertəhdidlər; 2.Avtonom silah sistemləri. Bu o dərəcədə ciddi məsələdir ki, ən son ABŞ və Çin liderlərinin görüşündə nüvə obyektlərinin idarəetmə sistemlərinə süni intellektin inteqrasiyasının məhdudlaşdırılması da müzakirə olunmuşdu; 3.İqtisadi və sosial bərabərsizlik, orta-aşağı ixtisaslı iş yerlərinin gedərək azalması, süni texnologiya əsaslı iş yerləri ilə digərləri arasında gəlir fərqinin kəskin artması; 4.Məxfiliyin itməsi, fərdi məlumatların kütləvi toplanması və işlənməsi; 5.Qərarvermə prosesində qərəzə səbəb olması. Xüsusilə saxta, deepfeyk informasiya məhsulları ilə insanların fikirlərinin yönləndirilməsi, insanların saxta və həqiqi informasiyanı ayırd etməkdə çətinlik çəkməsi; 6.Təhlükəli tədqiqatların asanlaşması və insanlığa zərərli nəticələrin artması; 7.İnsan məsuliyyətinin qeyri-müəyyənliyinin gedərək artması; 8.İnsanlığa ekzistensional təhdidlərin artması. Bu barədə alimlərlə yanaşı, süni intellektin yaradıcıları, o cümlədən xAI yaradıcısı Elon Mask, OpenAI yaradıcısı Sam Altmanın narahatlıqlarını qeyd etmək olar. Bütün bunların fonunda süni intellektin seçki proseslərinə, siyasi idarəetməyə təsirləri xüsusilə 1,4,5-ci başlıqlarda qeyd etdiyim təhdidlərlə bağlıdır”.
“Gələcək” artıq gəlib”
Siyasi şərhçinin sözlərinə görə, nəticə olaraq gələcəkdə dövlətlərin gücü sadəcə hərbi, iqtisadi, enerji potensialı ilə deyil, həm də rəqəmsal və süni intellekt texnologiyalarının idarə olunmasında sahib olduqları imkanlarla da ölçüləcək: “Əslində qeyd etdiyim “gələcək” artıq gəlib. Odur ki, dövlətlər AI sahəsinə böyük yatırımlar edir. Bununla yanaşı AI Etik Kodeksi də formalaşdırılır. 2021-də UNESCO Süni İntellekt üzrə tövsiyəni qəbul etdi. OECD AI üzrə qlobal prinsiplər hazırladı (2024-də yenilənib) və G20 ölkələri bunu qəbul etdi. Avropa İttifaqında AI Aktı 2024-də ratifikasiya olundu. Bu Akt süni intellektin demokratiya və insan hüquqlarına uyğun tənzimlənməsinə dair etik prinsipləri özündə ehtiva edir. Burada seçkilərə təsir göstərə bilən AI sistemləri yüksək riskli (high-risk) olaraq təsvir olunur. Burada fərdiləşmiş siyasi reklamlar, namizədlərin xeyrinə çalışan çatbotlar, seçicilərin siyasi baxışını analiz edib onlara məlumatlandırıcı mesajlar göndərən alqoritmlər, yönləndirici AI platformaları siyasi risk yaradan süni intellekt alətləri olaraq qeyd olunur”.
“Bir sıra mexanizmlər formalaşmaqdadır”
O həmçinin qeyd edib ki, bu üsullarla informasiya manipulyasiyasının seçki mühitinə, azad qərarverməyə, demokratik institutlara mənfi təsirini önləmək üçün bir sıra mexanizmlər də formalaşmaqdadır: “Bunlardan ən birincisi, süni intellektlə yaradılmış materialların işarələnməsinə dair, yəni şəffaflıq tələbidir. Həmçinin AI sistemlərinin daim insan nəzarəti altında işləməsi, hesabatlılığın təmin olunması siyasi mühitin qorunması üçün vacib hesab olunur. Bütün bunların fonunda cəmiyyətin yeni texnologiyalar sahəsində maarifləndirilməsi, süni intellektlə işləyən analitik təhlil mərkəzlərinin yaradılması və inkişafı dövrün tələbi olaraq çıxış edir”.
“Dövlətlər rəqəmsal təhlükəsizlik şuraları qurmaq məcburiyyətindədir”
Hüquqşünas Ramil Süleymanov söyləyib ki, süni intellekt, o cümlədən kiber müdaxilələr dünyanın ən hegemon dövlətlərinin belə üzləşdiyi problemlərdir və süni intellekt cəmiyyətdə çaşqınlığa səbəb olan kifayət qədər ciddi nəticələrə gətirib çıxara bilər: “Ona görə də dövlətlər bununla bağlı rəqəmsal təhlükəsizlik şuraları qurmaq məcburiyyətindədir. Bunun üçün də kifayət qədər ciddi maliyyə vəsaitlərinin sərf olunması tələb olunur. Rəqəmsal təhlükəsizliyini qoruya bilməyən dövlətlər bu gün hansısa dövlətlərin ya asılılığını qəbul etmək zorunda qalır və ya hökumətlər vətəndaşlarına bu şəkildə izah etməklə daha ciddi maliyyələrin həmin rəqəmsal təhlükəsizliyə yönəldilməsinə çalışırlar”.
“Bu, rəqəmsal seçkilərə təşviqdir”
Onun fikirlərinə görə, Qərb institutlarının bu məsələni milli təhlükəsizlik məsələsi kimi qiymətləndirməsi təkcə onlarda deyil, eyni zamanda, bu, hətta inkişaf etmiş, inkişaf etməkdə olan ölkələrin belə bu gün çox ciddi problemlərindən biridir: “Nəzərə alsaq ki, bu, eyni zamanda, gələcəkdə ölkələrin kağız daşıyıcılardan rəqəmsal seçkilərə getməsinə təşviqdir. Məsələn, bir sıra ölkələr artıq kompüter texnologiyaları üzərindən seçkilərin fərdi identifikasiya nömrələri ilə eyniləşdirimələrin aparılması ilə bu məsələlərin həllini həyata keçirirlər və vətəndaşlar seçki məntəqələrinə getmədən və ya seçki məntəqələrinə getməklə elektron qaydada səslər verirlər. Ona görə də bu, artıq həqiqətən də ciddi dövlət təhlükəsizliyi hesab olunur və dövlətlər bununla bağlı maliyyə ayırmaları etməlidirlər”.
“Bununla bağlı qanuni və hüquqi addımlar atılmaqdadır”
R.Süleymanov diqqətə çatdırıb ki, eləcə də bu məsələdə dövlətin xüsusi xidmət orqanları ciddi şəkildə işləməlidir ki, süni intellekt vasitəsilə ictimai rəyi çaşdırmaq cəhdləri olmasın: “Həmçinin qanunverici hakimiyyət tərəfindən süni intellektlə yaradılmış media məhsullarının da süni intellekt işarəsi olmadan cəmiyyətə buraxılmasının məsuliyyəti müəyyən olunur və o cümlədən bizim ölkəmizdə də bununla bağlı qanuni və hüquqi addımlar atılmaqdadır. O ki, qaldı seçkilərin nəticəsinə bu, artıq hakimiyyətlərlə vətəndaşlar arasında olan məsələdir”.

Röya İsrafilova