
“Vətəndaşlar arasında hüquqi və siyasi təhsil səviyyəsinin yüksəldilməsi müasir cəmiyyətdə insan hüquqlarının və fundamental azadlıqların daha effektiv qorunmasında mühüm rol oynayır”.
Bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva “xalqcəbhəsi.az”a açıqlamasında bildirib.
O qeyd edib ki, hüquqi və siyasi maarifləndirmənin artırılması, ilk növbədə, vətəndaşlara öz hüquqlarının pozulması hallarını daha tez müəyyən etməyə və onların müdafiəsi üçün qanunvericilikdə nəzərdə tutulan vasitələrdən istifadə etməyə imkan verir.
Deputat bildirib ki, hüquq və vəzifələrini bilən, dövlət qurumlarının fəaliyyət prinsiplərini anlayan insanlar öz maraqlarını daha yaxşı təmsil etməklə yanaşı, sosial və siyasi həyatda daha fəal iştirak edə bilirlər:
“Yüksək səviyyəli hüquqi savadlılıq vətəndaşlara hüquqlarının pozulmasını vaxtında tanımağa və müvafiq hüquqi vasitələrdən istifadə etməyə imkan verir. Məhkəmələrə müraciət, aidiyyəti dövlət orqanlarına şikayətlərin verilməsi və qanunla nəzərdə tutulmuş digər müdafiə mexanizmlərindən istifadə bu baxımdan mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, siyasi təhsil demokratik proseslərin, seçkilərin əhəmiyyətinin, dövlət qurumlarının fəaliyyətinin və hər bir fərdin cəmiyyət qarşısında məsuliyyətinin daha yaxşı anlaşılmasına xidmət edir. Hüquqi və siyasi təhsil yalnız nəzəri biliklərin əldə olunması ilə məhdudlaşmamalı, vətəndaşların ictimai həyatda fəal iştirakını da təşviq etməlidir.
İnsanlar öz hüquq və öhdəliklərinin sosial proseslərə konkret təsir göstərə biləcəyini anladıqda, ictimai müzakirələrdə, vətəndaş təşəbbüslərində, könüllülük layihələrində və digər iştirak formalarında fəallıqları artır. Bu baxımdan məktəblərdə və universitetlərdə yüksək keyfiyyətli təhsil proqramlarının tətbiqi mühüm əhəmiyyət daşıyır. İctimai məlumatlandırma kampaniyaları, əlçatan hüquqi məlumatlar, rəqəmsal platformalar və vətəndaşlarla dövlət qurumları arasında açıq dialoq imkanları da bu prosesə mühüm töhfə verir”.
Deputatın sözlərinə görə, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti təşəbbüsləri də hüquqi və siyasi maarifləndirmənin gücləndirilməsində mühüm rol oynayır:
“Çünki onlar vətəndaşlarla dövlət qurumları arasında mühüm əlaqə yarada bilirlər. Siyasi və hüquqi cəhətdən savadlı cəmiyyət insan hüquqlarının davamlı qorunması üçün vacib şərtlərdən biridir. Hüquqi və siyasi təhsil vətəndaşların öz hüquqlarını qorumaq imkanlarını genişləndirməklə yanaşı, məsuliyyət, mədəniyyət və sosial həmrəyliyin inkişafına da xidmət edir”.
Könül Nurullayeva vurğulayıb ki, hüquqi və siyasi biliklərdən sui-istifadəyə, qarayaxma və böhtan kampaniyalarına yol verilməməlidir:
“Qarayaxma və böhtan kampaniyaları bütövlükdə ictimai mühitdə etimadın azalmasına, sağlam siyasi dialoqun zəifləməsinə və informasiya məkanında yanlış təsəvvürlərin formalaşmasına səbəb olur. Hüquqi savadlılıq insanlara yalnız öz hüquqlarını bilməyə deyil, eyni zamanda başqalarının hüquq və qanuni mənafelərinə hörmət etməyə imkan verməlidir.
Siyasi savadlılıq isə müxtəlif fikirlərə dözümlü yanaşmaq, faktla iddianı fərqləndirmək, emosional manipulyasiyalara uymamaq və məsuliyyətli ictimai davranış nümayiş etdirmək mədəniyyətidir. Bu baxımdan hüquqi və siyasi maarifləndirmənin gücləndirilməsi həm vətəndaşların hüquqlarının müdafiəsinə, həm də sağlam ictimai-siyasi mühitin formalaşmasına xidmət edir”.
Günel Elxan