“Traxtur”un oyununda daha bir qarşıdurma Güney Azərbaycan

“Traxtur”un oyununda daha bir qarşıdurma

Milli şüarlar səsləndirən 20-dən çox güneyli azarkeş həbs edilib

Azərbaycan veb səhifələri aprelin 1-də Asiya Çempionlar Liqası oyunları sırasında Təbrizin "Traktorsazi" və Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əyn" komandaları arasında futbol matçı zamanı Təbriz stadionunda 20 nəfərdən artıq güneyli tərəfdarın nəzarət altına alındığı barədə xəbərlər yayıblar.
"Təbrizin səsi" saytının məlumatına görə, təqribən 25 nəfər, o cümlədən, Əkbər Mühaciri, Əli Himməti, Nurizadə, Əlipur və Həbib Mehrazər polis və təhlükəsizlik əməkdaşları tərəfindən nəzarət altına alınıb. Həbs edilənlərin çoxu Şəbistər, Urmiyə, Mərənd, Təsuc və Maku kimi şəhərlərdən gələn "Traxtur" tərəfdarları olub.
Mənbə tutulanların bəzilərinin dəyənəklə döyüldüyünü də bildirib. Qeyd olunur ki, milli fəallar və adi vətəndaşlardan ibarət olan tərəfdarlar milli hüquqlarla bağlı şüar səsləndirdikləri üçün tutulablar. Sayt "Urmu Gölü can verir - İran onun qətlinə fərman verir", "Yaşasın Azərbaycan", "Türklərin iftixarı, Traxtur, Traxtur" və "Urmu, Zəncan, Ərdəbil - bu səs Təbrizdən gəlir" kimi şüarların səsləndirildiyini yazıb.
Bildirilir ki, rejim məmurları Əkbər Mühacirini həbs edən zaman gözyaşardıcı qazdan istifadə edib və onu döyüblər. Milli fəalın vəziyyəti ilə bağlı əlaqədar qurumlara müraciət edən ailə üzvlərinə onun bu tezlikdə sərbəst buraxılmayacağı söylənilib. Xatırladaq ki, Əkbər Mühaciri bundan əvvəl də milli-mədəni fəaliyyətləri üzündən həbs və mühakiməyə məruz qalıb.
Məlumat üçün bildirək ki, Təbrizin "Traxtorsazi" komandası və Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əyn" arasındakı matç 2-2 hesabı ilə başa çatıb.
Qeyd edək ki, bu qarşılaşma ərəfəsində Güney Azərbaycanın müxtəlif şəhərlərində soydaşlarımız arasında SMS və bildirişlər yayılmışdı. Təbriz, Urmiyə, Xoy, Mərənd , Qaradağ və s. kimi şəhər və bölgələrdə soydaşlarımız arasında yayılan SMS-lərdə "Traxtur" futbol klubunun növbəti müsabiqəsinə qatılaraq Urmiya gölü ilə bağlı keçirilən kütləvi etirazların ildönümünü qeyd olunması və gölün məqsədli şəkildə qurudulması siyasətinə öz etirazlarını bildirmək barədə çağırışlar yer almışdı. Urmiyə və ətraf şəhərlərdə yayılan bildirişlərdə də siyasilərin, ətraf mühit fəallarının və alimlərin Urmiyə gölü ilə bağlı açıqlamaları, Urmiyə gölü böhranının doğuracağı problemlər və İran dövlətinin laqeyd münasibətindən söz açılırdı. Güneyli soydaşlarımız "Traxtur" futbol komandasının Təbrizin "Səhənd" stadionunda keçirilən müsabiqəsinə hərkəs dəvət olunmuşdu və Urmiya gölü ilə bağlı şüar səsləndirmək çağırışı edilmişdi.