

Xəbər verildiyi kimi İran Azərbaycanın Tehrandakı Səfirliyindən 2 nəfər, Təbrizdəki Baş Konsulluğundan da 2 nəfər olmaqla, 4 azərbaycanlı diplomatı "persona-non-qrata” (arzuolunmaz şəxs) elan edib. Musavat.com xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb.
Gunaz.tv
Tehrandakı Səfirliyimizdə diplomat fəaliyyət göstərmədiyi üçün Təbrizdəki Baş Konsulluğumuzun 2 diplomatı ölkədən çıxarılıb.
Qeyd edək ki, Azərbaycanın Tehrandakı Səfirliyinə terror hücumundan sonra İranın Bakıdakı Səfirliyinin 4 əməkdaşı persona-non-qrata elan edilib, ölkədən çıxarılmışdı.
Güney Azərbaycan Televiziyasının qurucusu və rəhbəri Əhməd Obalı günaz.tv-yə bildirib ki, münasibətlərin gərginləşməsi İran dövlətinin günahıdır:
“Azərbaycanın 4 diplomatının İranda persona-non-qrata elan olunması haqqında biz hələ Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi münasibətini gözləyirik. Məlum olmalıdır ki, bu, baş veribmi? Veribsə nə zaman olub. Amma əgər belə bir hadisə olubsa bu, Azərbaycan və İran arasında olan gərginliyin əlavə nümunəsidir.
Bu gərginliyin əsası İran tərəfindən qoyulub və hələ davam edir. İran dövləti Azərbaycan Cümhuriyyəti yarandığı gündən bizə qarşı düşmənçilik edib. İran dövləti Azərbaycanın əleyhinə əlindən gələni edib. İran Azərbaycanın düşmənlərinə, o cümlədən işğal dövründə Ermənistana yardım edib. İran hətta II Qarabağ savaşı dövründə Ermənistana açıq-aşkar silah yardımı göndərib.
İran bir tərəfdən rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyır, bir tərəfdən isə ermənilərin əli ilə işğal olunmuş torpaqlarımızdan istifadə edirdi.
Silah göndərirdi, işğal bölgəsinə səfər edir, hətta əkinçiliklə məşğul olurdular. İranın nəzərində Qarabağ sözdə Azərbaycan torpağı sayılırdı, əslində oranı Ermənistan torpağı hesab edirdilər. İndi baş verənlər İranın anti-Azərbaycan siyasətinin davamıdır.
Azərbaycan dövlətinin diplomatlarını persona-non-qrata elan edibsə, bunun cavabı olmalıdır. Bu məsələ belə qlamamalıdır. İran başa düşməlidir ki, Azərbaycana qarşı təhdid, terror siyasəti nəticə verməyəcək”.
Əhməd Obalı hesab edir ki, Azərbaycan dövləti baş verənlərə adekvat münasibət göstərəcək: “Azərbaycan prezidenti sübut edib ki, işini bilən siyasətçidir, zamanında hər təxribata lazımi cavabını verib. Biz Güney azərbaycanlı olaraq kimi bilirik ki, İranın qarşısında nə qədər yumşaq mövqe göstərsən, Tehran bunu dostluq yox, acizlik kimi qiymətləndirəcək.
Buna görə də Azərbaycan möhkəm dayanmalıdır.
İranı yerində oturtmaq üçün Azərbaycan bundan daha ciddi, iradəli mövqe sərgiləməlidir. İranın Azərbaycanın müxtəlif yerlərində: təhsil və elm müəssisələrində, mediada yuva salmış casus şəbəkəsinə qarşı qətiyyətli olmaq, onları təmizləmək lazımdır.
Haqlı sual doğur: Azərbaycanın səfirliyi Tehranda tam gücü ilə işləmirsə, İranın Azərbaycandakı səfirliyinin burada nə işi var? Azərbaycanın İranda səfiri yoxdursa, nədə İranın burada səfiri var.
Onu da Azərbaycandan persona-non-qrata elan olunmalıdır. Bu, bizim mövqeyimzidir. Azərbaycan dövlətinin apardığı siyasətə sayğı ilə yanaşırıq. Əminik ki, ən doğru qərarı onlar özləri verəcək”.