Təbriz həbsxanasında ölüm hökmlərinin icrasını gözləyən 51 nəfərin siyahısı açıqlanıb Güney Azərbaycan

Təbriz həbsxanasında ölüm hökmlərinin icrasını gözləyən 51 nəfərin siyahısı açıqlanıb

Hazırda Təbriz şəhərinin mərkəzi həbsxanasında barələrindəki ölüm hökmlərinin icrasını gözləyən 51 nəfərin siyahısı açıqlanıb.
APA-nın "Oyannews"a istinadən verdiyi məlumata görə, məhbuslardan yalnız bir hissəsinin hansı şəhərdən olduqları, yaşları, neçə ildir qərarın icrasını gözlədikləri və nədə günahlandırılaraq edam cəzasına məhkum edildiklərini dəqiqləşdirmək mümkün olub. Onların əksəriyyəti qətldə təqsirləndirilərək ölüm cəzasına məhkum ediliblər.
Hazırda məhbuslar müvafiq olaraq Təbriz Mərkəzi Həbsxanasının segane korpusunda (21 nəfər), 12-ci korpusunda (12 nəfər), gənclər korpusunda (10 nəfər) və 9-cu korpusunda (8 nəfər) saxlanılır. Bundan əlavə, 2012-ci ildə və son aylarda Təbriz şəhərinin mərkəzi həbsxanasında dara çəkilmiş 30 nəfərin ad və soyadını dəqiqləşdirmək mümkün olub. Onların əksəriyyəti qətl, bir neçəsi isə narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq edam ediliblər.
Qeyd edək ki, ötən il (miladi təqvimlə 2013-cü il martın 21-dən 2014-cü il martın 21-dək olan müddət nəzərdə tutulur) Təbriz şəhərinin mərkəzi həbsxanasında 204 nəfər dara çəkilib. Ancaq İranın rəsmi kütləvi informasiya vasitələri və məhkəmə orqanları həyata keçirdikləri bu edamların yalnız bir hissəsini ictimaiyyətə açıqlayıblar. Eyni zamanda onların nədə günahlandırılaraq dara çəkildikləri məlum deyil. Ümumilikdə İran Ali Məhkəməsi tərəfindən 389 nəfərin ölüm hökmünün icrası təsdiqlənib. Həmin məhbuslar 2013-cü il sentyabrın 23-dən 2014-cü il sentyabrın 22-dək Təbriz Mərkəzi Həbsxanasında dara çəkilməlidirlər. Ona görə də edamların artması səbəbindən bu zindanda saxlanılan məhbusların əksəriyyəti psixoloji təzyiq altındadırlar.