Cənubi Azərbaycan rəsmən birləşdirildi Güney Azərbaycan

Cənubi Azərbaycan rəsmən birləşdirildi

İran 5 məntəqəyə bölündü, Azərbaycanın güneyi bundan sonra Şərqi Azərbaycan adlandırılacaq

İran daxili işlər nazirinin müavini Cavad Nasiriyan jurnalistlərə açıqlamasında ölkənin 31 əyalətini 5 məntəqəyə böldüklərini bildirib: Tehran, İsfahan, Şərqi Azərbaycan, Kirmanşah və Xorasani Rəzəvi.
"Media forum" saytının məlumatına görə, Cavad Nasiriyan deyib ki, həmsərhəd əyalətlər birlikdə müəyyən məntəqəyə salınanda onlar arasındakı ortaq cəhətlər nəzərə alınıb: "Bu bölüşdürmədə məqsəd əyalətlərin bir-birinin təcrübəsindən istifadə etməsini, onlar arasında informasiya mübadiləsi aparılmasını və regional inkişafı təmin etməkdir. Bundan sonra əyalətlər öz problemlərini həll etmək üçün artıq mərkəzə, yəni paytaxt Tehrana müraciət etmək yolunu deyil, qonşu əyalətlərlə məşvərət və məsləhət aparmaq yolunu tutacaqlar. Əyalətlər sıra ilə iki aydan bir iclas keçirərək mövcud problemlərini müzakirə edəcəklər".
Məntəqə bölgüsü aşağıdakı kimidir:
1.Tehran məntəqəsi - bu məntəqəyə Tehran, Qəzvin, Mazandaran, Simnan, Gülüstan, Əlbürz və Qum əyalətləri daxildir;
2.İsfahan məntəqəsi - İsfahan, Fars, Buşehr, Çarmahal Bəxtiyari, Hormozqan və Kohkiluye və Boyerəhməd əyalətləri daxildir;
3.Şərqi Azərbaycan məntəqəsi - Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Gilan və Kürdüstan əyalətləri daxildir;
4.Kirmanşah məntəqəsi - Kirmanşah, İlam, Loristan, Həmədan, Mərkəzi və Xuzistan əyalətləri daxildir;
5.Xorasani Rəzəvi məntəqəsi - Xorasani Rəzəvi, Cənubi Xorasan, Şimali Xorasan, Kirman, Yəzd, eləcə də Sistan və Bəlucistan əyalətləri daxildir.
Belələliklə, tarixi Azərbaycan torpaqları - Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Gilan ostanları və Urmiyə bundan sonra vahid Şərqi Azərbaycan məntəqəsinin tərkibində olacaq.